Əsas Səhifə > Gündəm, Manşet > Yasaq toy mərasiminə qatılan daha bir məşhur diqqətdən qaçmağa müvəffəq olub...
Yasaq toy mərasiminə qatılan daha bir məşhur diqqətdən qaçmağa müvəffəq olub...25-08-2020, 08:55 |
İllər uzunu hakimiyyətin əsas ideoloqu hesab olunan, "boz kardinal" kimi ad çıxarmış akademik Ramiz Mehdiyevin nəvəsinin qalmaqallı toyu gündəmi elə zəbt edib ki, Rusiya müdafiə naziri Şoyqunun Bakı səfəri, XİN başçımız Ceyhun Bayramovun sabaha nəzərdə tutulan Moskva təmasları da sanki arxa plana keçib. Günlər ötdükcə bu toy iştirakçılara "toy" tutmaqda davam edir və karantin qaydalarına meydan oxuyaraq Ramiz Ənvəroviçin dəvətinə bəh-bəh deməklə yasaq mərasimə təşrif buyuranların ifşası yeni-yeni "qurban"ları üzə çıxarır. Mötəbər mənbələrdən Moderator.az-a daxil olan daha bir məlumatda iddia olunur ki, hələ də adı ifşa olunmayan bəzi məşhur personalar da həmin mərasimi şənləndiriblər. Bunlardan biri də AZTV-nin keçmiş rəhbəri Arif Alışanov olub. Mənbə iddia edir ki, yasaq mərasimdə olduğunu başa düşən, amma akademikin dəvətinə həvəslə yanaşaraq toya təşrif buyurmaqda tərəddüd etməyən A. Alışanov maksimum obyektivdən qaçmağa çalışıb və buna demək olar ki, nail olub. Yəni mərasimdə elə yerdə oturub ki, kimsə onu hətta gizli formada olsa belə telefonuna çəkə bilməyib. Təbii ki, əldə etdiyimiz informasiyanı dəqiqələşdirmək üçün A. Alışanova zəng etməyi artıq hesab edirik. Çünki daş atıb başını tutacaq, biz də əlimizdə dəlil-sübut olmadığından əksini sübut edə bilməyəcəyik. Ona gərə də müvafiq dövlət qurumlarından xahiş edirik ki, həmin başabəla toyun bütün iştirakçılarının ifşa edilərək ictimai qınağın hədəfinə çevrilmələrini təmin etsinlər. Bəlkə heç olmassa bundan sonra bəzilərinə körk ola... Geri qayıt |