Əsas Səhifə > Gündəm, Manşet > Sahil Babayevin işçiləri bu ailəyə rədd cavabı veriblər...
Sahil Babayevin işçiləri bu ailəyə rədd cavabı veriblər...31-08-2020, 09:10 |
Qubanın kiçik kəndlərindən olan Qamqamda lap uzaqdan gözə nimdaş bir ev dəyir. Nemətullayevlər ailəsi burada əziyyətlə yaşayır. DİA.AZ bildirir ki, iki uşaq anası Turac Nemətullayeva ikinci övladı doğulandan sonra Hepatit C-yə yoluxub. 36 yaşlı qadın buna görə Quba Rayon Mərkəzi Xəstəxanasının tibbi heyətini günahlandırır. “Dörd il əvvəl yoluxmuşam. Uşaq yaşyarım olanda xəbər tutdum. Doğuşdan sonra təxminən bir həftə qaldım. Hamiləlik vaxtı xəstəxanada analizlər vermişdim, heç bir problem çıxmamışdı. Çıxandan sonra heç vaxt iynə vurdurmamışam, diş çəkdirməmişəm, başqasından mənə virus keçirə biləcək heç nə eləməmişəm. Nə olubsa, xəstəxanada baş verib”. Xəstəlikdən əziyyət çəkən qadın deyir ki, bundan xəbər tutan kimi xəstəxananın baş həkimi ilə görüşüb, ona sənədlərlə haqlı olduğunu sübut edib: “Kağızlara baxanda əmin oldu ki, məndə əvvəllər Hepatit C olmayıb. Qorxurdu ki, polisə verərik. Mənə bircə xəstəxanada pulsuz analizlər qaldı. Başqa heç nə...” Ailənin yaşadığı ev çox köhnədir. Düz-əməlli döşəmə, tavan yoxdur, pəncərələr şüşəsiz qalıb. Bir neçə yerdə şüşəni müşəmbənin əvəz etdiyi nəzərə çarpır: “Yağış yağanda evin içi su olur. Evin neçə yerində deşik var. Uşaqlar tez-tez xəstələnir. Nəmişlik olur. Yayda evə kərtənkələ daraşır. Evin hər yerinə qab-qacaq düzürük ki, yağış içinə tökülsün. Qışda buralarda dəhşət soyuq olur. Dizə qədər qar yağır. Belə evlə qışın qarşısına çıxmaq olmur”. Evdə çox əşya yoxdur. Turac xanım danışır ki, həyat yoldaşı Mətləb Nemətullayev uşaq evində böyüyüb, kimsəsiz olub. Buna görə də həmişə çətinlik içində yaşayıb: “Onu yaşlı adamlar götürüb saxlayıb. Mən 2013-cü ildə gəlin gələndə atası sağ idi. O vaxt qohumları deyirdi ki, Mətləblə evlənəndən sonra sizə dayaq olacağıq. Amma sonradan evimizdə nə dəyərli əşya vardısa, daşıyıb apardılar”. Qadın təəssüflə deyir ki, həyat yoldaşı da xəstədir, böyrəyində daş var... Turac Nemətullayevanın sözlərinə görə, ərini məhz böyrəyində daş əmələ gələndən sonra işlədiyi qaz idarəsindən kənarlaşdırıblar. Mətləb Nemətullayev şiddətli ağrılara görə bəzən işə gedə bilmirmiş. Günlərin birində tamamilə işsiz qalıb: “Dəhşət sancıları olurdu. İşdən çıxardılar. Onda hələ karantin elan olunmamışdı. Qoy yadıma salım... Keçən ilin payızında. Deyirdilər ki, əməliyyat lazımdı. Türkəçarə elədik nə qədər. Ot dəmləyib verirdim ona”. Bir neçə gün əvvəl həkim ona deyib ki, böyrəyindəki daş balacalaşıb, daha əməliyyata ehtiyac yoxdur. Ailə bununla bir az təskinlik tapır. İndi daşın düşəcəyi günü gözləyirlər. Turac Nemətullayeva deyir ki, problemlər içində elə qovrulur, öz müalicəsini tamam unudub. Çünki ailənin buna heç imkanı yoxdur. Evə daimi pul gəlmir. Təkcə analizlərə isə 700 manat tələb olunur. “Müalicə üçün təkcə öz hazırladığım doşabdan istifadə eləyirəm, başqa heç nə”, - qadın çox çarəsiz görünür... Turac Nemətullayeva həyətdəki tut ağacını göstərir. Deyir ki, doşab hazırlamağa işə yarayır: “Qışda dəyər-dəyməzə satıram. Alça qurudub satıram. Beləcə acından ölməməyə çalışırıq. Anam pensiyasından kömək eləyir. Sosial şəbəkələrdə neçə dəfə yardım istəmişəm. Apreldə Qubadan bir nəfər təxminən 100 manatlıq ərzaq yardımı eləmişdi. Dünənə qədər həmin ərzağın qalığından bir şey hazırlayırdım. İndi evdə bir çimdik un yoxdu ki, nəsə bişirib uşaqlara verim”. Mətləb Nemətullayev qaz idarəsində işini itirəndən sonra fəhləlik etməyə başlayıb. Qamqamda, Qubada nə iş tapırsa, arxasınca gedir. “Daş daşıyır, torpaq yükləyir. Neyləsin?! Onun da arxası, dayağı yoxdu. İndi ər-arvad hər ikimiz iş axtarırıq. Çox ağır vəziyyətdəyik”, - həyat yoldaşı kədərli-kədərli danışır. Ailə sosial yardım almağa da cəhd göstərib. Amma kənd adamların əksəri kimi pay torpaq bəhanəsi ilə rədd cavabı alınıb. Ailəni kommunal xərclər də çox sıxır. Xeyli borc yığılıb: “İşığa 100, qaza 300 manatdan çox borcumuz var. 2018-dən sonra qazpulu ödəyə bilməmişik. Qazı kəsmək istəyəndə yoldaşım qarşılarına çıxdı. Orada işləyib deyə, ağız açdı ki, kəsməsinlər. Qulaq asmadılar. İndi bağdan yığdığımız çör-çöplə həyətdə ocaq qalayırıq”. Geri qayıt |