Əsas Səhifə > Gündəm, Manşet > “Binə” və “Sədərək”də total yoxlamalar
“Binə” və “Sədərək”də total yoxlamalar17-09-2020, 08:58 |
Azərbaycanda vergidən yayınma ilə bağlı ən çox problemi olan obyektlər sırasında “Binə” və “Sədərək” ticarət mərkəzlərinin adı çəkilir. Bu ticarət mərkəzlərində milyardlarla vəsait dövr edir. İllərdir ki, dövlət qurumları bu 2 ticarət mərkəzində real dövriyyənin müəyyən olunması üçün addımlar atırlar. 2019-cu ildə bu istiqamətdə görülən tədbirlər nəticəsində bəzi müsbət dəyişikliklər qeydə alınıb. Bilinib ki, illərlə ticarət mərkəzlərindən toplanan milyardlardan büdcəyə vergi şəkilində qəpik-quruş verilib, qalan pullar isə kimlərinsə cibinə axıb. “Yeni Müsavat”a daxil olan məlumata görə hazırda “Binə” və “Sədərək”də total şəkildə yoxlama aparılır. “Binə” Ticarət Mərkəzinin sahibəsi Kəbirə Məmmədovanın istintaq altında olduğu deyilir. Ticarət mərkəzlərinin hər birinin mühasibatlığında ciddi nöqsanların olduğu, vergidə dövlətə fırıldaq gəldikləri deyilir. Ötən il “Binə” Ticarət Mərkəzində çalışan sahibkar Sevindik Cəfərov mətbuata açıqlamasında vergidən yayınma sxemləri haqda olduqca ilginc açıqlamalar vermişdi. Demişdi ki, ticarət mərkəzində 2 mağazası var və hər bir mağazaya görə, 250 manat vergi ödəyir. Elektrik enerjisinə, kondisionerə görə ayrıca pul verir. Avtomobillə bazara gəlib-gedən sahibkarlar 50 qəpik pul ödəyir. Amma ödədikləri pullara görə qəbz ala bilmirlər. Sahibkar bu qaydaların bazar rəhbərliyi tərəfindən qoyulduğunu və dəyişmək gücündə olmadıqlarını açıqlamışdı: “Müdirin ”pulyığan"ları deyir ki, narahat olmayın, verilən pullar sistemə oturur. Əgər bir gün yerhaqqını, vergini və digər haqları gecikdirsək, sabah müdiriyyətin adamları mağazamızı bağlayar. Ümumiyyətlə, bazarda sahibkarın vergidən yayınması mümkünsüz bir şeydir. Qanunla verginin tələb olunmasının tərəfdarıyıq, biz işləmək istəyirik. Bazarın “pulyığan”ları nə istəyirsə, sahibkar da həmin məbləği ödəyir. Sahibkarın vergidən yayınması mümkün deyil". Aydın məsələdir ki, ticarət mərkəzlərində xırda sahibkarların ödəmə etmədən fəaliyyət göstərməsi qeyri-mümkündür. Amma həmin pullar hara gedir sualı uzun illər idi ki, açıq idi. 2019-cu ilin mayında Azərbaycanda vergidən yayınma ilə bağlı ən çox problemi olan obyektlər - “Binə” və “Sədərək” ticarət mərkəzlərinin vergidən yayınmasının qarşısı demək olar ki, alınması haqda xəbərlər yayıldı. Həmin xəbərlərdə deyilirdi ki, vergi və gömrük orqanlarının birgə həyata keçirdikləri islahatlar nəticəsində idxal əməliyyatlarının sahibkarların öz adlarına rəsmiləşdirilməsinə nail olunub. Həmin xəbərlərdə qeyd olunurdu ki, “Binə” və “Sədərək”də çalışan sahibkarların vergidən yayınma dövrü bitib. Vergilər Nazirliyinin İqtisadi təhlil departamentinin baş direktoru Natiq Şirinov bildirmişdi ki, vergi orqanlarının apardığı təbliğat işləri, e-qaimə ilə rəsmiləşmələr, malların sənədləşməsi məsələlərinə ciddi təsir göstərib. Bundan əlavə, idxal əməliyyatlarının rəsmiləşdirilməsinə nail olunub: “Bizim idxalda böyük problemlərimiz ”karqo şirkəti" adlanan şirkətlərlə bağlıdır. Onların əsas funksiyaları daşıma olsa da, daşıdıqları malları öz adlarına rəsmiləşdirir, “Binə”, “Sədərək” və digər bu kimi iri ticarət mərkəzlərində sahibkarlara paylayırdılar. Sahibkarlar isə həmin malları öz adlarından satırdılar. Amma malın sənədləşməsi olmadığı üçün təbii ki, sahibkarlar pərakəndə və ya topdan satdıqları malın qaimə-faktura və ya kassa aparatı vasitəsilə rəsmiləşməsinə meyilli deyildilər". Qeyd olunurdu ki, ölkəyə idxal olunan malların onları idxal edən sahibkarların öz adına rəsmiləşməsi üçün Dövlət Gömrük Komitəsi ilə birgə ciddi işlər aparılıb və artıq karqo şirkətlərinin öz adlarına mal idxal etməsi dayandırılıb. Həmin şirkətlər yalnız daşıma ilə məşğuldurlar: “Onların xaricdən gətirdiyi mallar konkret bazar iştirakçılarının öz adlarına sənədləşdirilir və beləliklə, bazara sənədli mal daxil olur. Beləliklə, həm ölkədə istehsal olunan, həm də xaricdən gətirilən malların rəsmiləşməsi, vergiyə cəlb edilməsi mümkün olur”. Bununla belə, iddialar var ki, bürokratik əngəllər səbəbindən sahibkarların ödədiyi məbləğ dövlət büdcəsinə çatmayıb. Məsələ burasındadır ki, “Binə” və “Sədərək” ticarət mərkəzlərində çalışan sahibkarlar 10 illərlə vergini ümumiləşmiş şəkildə bazar rəhbərliyinə ödəyiblər. 1 ay olsun belə, bu məsələ ilə bağlı sahibkarlara heç bir güzəşt tətbiq olunmayıb. Əksinə, get-gedə vergi tarifləri artırılıb, mağazanın kvadratmetrinə, sahibkarların ticarət dövriyyəsinə baxıb bazar müdiriyyəti tərəfindən vergi müəyyənləşdirilib. Hətta bazarın işlək cərgələrinə uyğun vergi tətbiq olunub. Tutaq ki, bazarın 5-ci və 6-cı cərgəsi ilə 7-8-ci cərgələrinin vergisi eyni olmur. Bütün bu qaydalar Azərbaycan Vergi Məcəlləsində nəzərdə tutulmuş prinsiplər əsasında yox, “Binə” Ticarət Mərkəzinin sahibi Kəbirə Məmmədovanın və “Sədərək” Ticarət Mərkəzinin sahibi Yusif Qədimbəylinin özlərinin müəyyənləşdirdiyi “vergi qaydaları” əsasında aparılıb. Birmənalı şəkildə sahibkarlara heç bir güzəşt olunmayıb. Burada bütün məsuliyyət birmənalı olaraq bazar rəhbərlərinin üzərinə düşür. Sahibkarlardan vergi şəklində toplanılan ümumi məbləğin dövlət büdcəsinə çatdırılıb-çatdırılmaması illərlə sual altında olub. Hazırda bu və digər məsələlərlə bağlı hər iki ticarət mərkəzində yoxlamalar davam edir. “Yeni Müsavat” Geri qayıt |