Əsas Səhifə > Gündəm, Ana xəbərlər > Ermənistan KTMT-ni münaqişəyə cəlb etməyin yolunu tapa bilmir
Ermənistan KTMT-ni münaqişəyə cəlb etməyin yolunu tapa bilmir30-09-2020, 16:00 |
Bildiyimiz kimi, sentyabrın 27-dən başlayaraq Ermənistan silahlı qüvvələri genişmiqyaslı təxribat törədərək, cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrimizi iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutub. Lakin Azərbaycan Ordusunun ön xətt bölmələri düşmənin bu təxribatının qarşısını almaq və qoşunların qarşıdurma xəttinə yaxın zonalarda yaşayan mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə cavab tədbirləri görməyə başlayıb və ordumuzun əks hücum əməliyyatları davam edir. Hazırda isə Qarabağda aktiv döyüşlər gedir və Ordumuz düşmənə sarsıdıcı zərbələr endirir. Proseslərin gedişində erməni tərəf növbəti təxribata əl atdı – Vardenis rayonundan Daşkəsəni atəşə tutdu. Təbii ki, buna qarşılıq olaraq Azərbaycan Ordusu da Vardenisə zərbə endirdi. Bundan sonra Yerevan hay-haray salmağa başladı ki, Azərbaycan hərbi əməliyyatları Ermənistan ərazisinə daşıyır. Ehtimallar var ki, erməni tərəf bununla Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını (KTMT) münaqişəyə cəlb etmək istəyir. Bəs, buna nail ola biləcəkmi? Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədr müavini, siyasi elmlər doktoru Hikmət Babaoğlu AYNA-ya deyib ki, Azərbaycan Ordusunun güclü əks-hücumu nəticəsində Ermənistan ordusu və onu idarə edənlər, o cümlədən informasiya müharibəsində Azərbaycana qarşı vuruşanlar artıq əqli nəzarəti itiriblər: “Çünki ermənilər yaydıqları klassik dezinformasiya prosesində də öz dediklərini təkzib edirlər. Belə ki, bir tərəfdən Azərbaycan Ordusunun Ermənistanın Vardenis rayonu ərazisində mülki nəqliyyat vasitəsini vurduğunu, digər tərəfdən isə xəsarət alanların olmadığını deyirlər. Əslində, bunun dezinformasiya olduğu elə məlumatın öz məzmununda yer alıb. Çünki bu, məntiqlə izah olunan hadisə deyil”. “Ermənistan bütün vasitələrlə regiona mütləq şəkildə başqa qüvvələri, xüsusən də Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını cəlb etməyə çalışır. Ancaq bu, şübhəsiz ki, baş tutan deyil. Çünki Azərbaycan əsla və əsla heç vaxt nə mülki obyektləri, nə də sivil əhalini hədəf seçib. Həmişə Qarabağ müharibəsi ərzində belə olub. Azərbaycan öz prinsiplərinə, öz əxlaqına və hüquqi dəyərlərinə sadiq olduğu üçün belə bir addım atmayıb və bundan sonra da atmayacaq. Ona görə də bu iddia tamamilə yalandır”, - deputat bildirib. Babaoğlu KTMT-nin münaqişəyə cəlb edilməsi məsələsini inandırıcı hesab etmir: “Bu vasitədən ermənilər özləri də əllərini üzüblər. Elə bu gün qondarma və separatçı rejimin liderlərindən biri Rusiya telekanallarından birinə açıqlamasında KTMT-nin regiona gələ bilməyəcəyini, çünki “müstəqil dövlət olaraq” sözügedən təşkilatın üzvü olmadıqlarını bildirib. Buna baxmayaraq, ənənəvi müttəfiqləri Rusiyadan kömək gözlədiklərini də dilə gətirib. Göründüyü kimi, bu çağırışın özündə də qeyri-müəyyənlik və separatçıların arzuları əks olunub. Ermənilər KTMT-ni regiona cəlb etmək istəsələr də, bunun nə hüquqi, nə də siyasi yolunu tapa bilirlər. Çünki haqsızdırlar. Azərbaycan isə beynəlxalq hüquqa əsaslanan hərəkətlər edir, öz torpaqlarından işğalçıları və terrorçuları təmizləyir. Buna görə də Ermənistana heç bir regional və beynəlxalq təşkilat dəstək verə bilməyəcək. Çünki onlar terroruçudurlar”. Müsahibimiz 30 illik münaqişə tarixində Azərbaycanın ermənilərin hər cür hücumuna məruz qaldığını vurğulayıb: “Onlardan biri də informasiya təxribatıdır. Biz bu prosesdə əldə etdiymiz təcrübəyə əsaslanaraq deyə bilərik ki, ermənilər öz etdiklərini bizim adımıza yazmağa cəhd edirlər. Son Tovuz döyüşlərindən sonra da regiona, Dağlıq Qarabağa və işğal olunmuş bütün ərazilərə terrorçuları gətirdikləri halda, onu Azərbaycanın adına yazmağa çalışdılar ki, guya Azərbaycan Yaxın Şərqdən terrorçular gətirməyə başlayıb. İndi də Azərbaycanın mülki obyektlərini, sivil vətəndaşlarını atəşə tutmaqla, bunu azərbaycanlıların etdiyini dünyaya təqdim etməyə çalışırlar. Amma şübhəsiz ki, bu müddət ərzində əldə etdiyimiz təcrübə və aldığımız qabaqlayıcı tədbirlər erməni dezinformasiyasının əvvəlki qədər inandırıcı və geniş yayılmasının qarşısını alır”. “Bu, həm də Azərbaycanın əldə etdiyi nailiyyətlərdən biridir. Ona görə də Ermənistan artıq informasiya müharibəsində də beynəlxalq ictimaiyyət qarşısında işfa olunub. Bütün həqiqətlər dünya ictimaiyyətinə çatdırılıb və ədalətli olan hər kəs başa düşür ki, Azərbaycanın davası haqq davasıdır. Çünki Azərbaycan işğala məruz qalan ölkədir, öz torpaqlarını azad etmək onun beynəlxalq hüquqla təsdiq edilmiş konstitusion vəzifəsidir və Azərbaycan da bunu edir”, - Milli Məclis üzvü fikrini yekunlaşdırıb. Geri qayıt |