Əsas Səhifə > Gündəm, Manşet > İnam Kərimovun effektsiz layihələri və havaya sovrulan milyonlar...
İnam Kərimovun effektsiz layihələri və havaya sovrulan milyonlar...21-12-2020, 08:47 |
Dünyada 2015-ci ildə baş verən qlobal iqtisadi böhran, birjalarda neft qiymətlərinin sürətlə enməsi Azərbaycana da mənfi təsirini göstərdi. 2015-2016-cı illərdə davamlı şəkildə baş verən devalvasiyalar, iş yerlərinin iflas etməsi ölkədə iqtisadi durumu ağırlaşdırdı. Bütün bu cərəyan edən hadisələrin fonunda Azərbaycan hökuməti qeyri-neft sektorunun inkişafını təmin etmək məqsədilə müəyyən islahatlar həyata keçirməyə başladı. Prezident İlham Əliyevin hökumətdə apardığı islahatlar, dövlətin dəstəyi ilə yaradılan yeni innovativ layihələr, özəl sektorda yaradılan bu tip layihələrin dövlət tərəfindən dəstəklənməsi iqtisadi böhranın aradan qalxmasına müəyyən qədər təkan verə bildi. Dövlətin qeyri-neft sektorunda inkişafını prioritet saydığı sahələr, ilk növbədə, aqrar sektor və turizm oldu. Lakin ilin əvvəlindən koronavirus pandemiyasının dünyada geniş yayılması sözügedən sektora ciddi zərbə endirdi və nəticədə bütün dünyada olduğu kimi, ölkəmizdə də turizm sahəsi tam iflasa uğradı. Aqrar sahənin dirçəldilməsi, inkişaf etdirilməsi üçün dövlətin ayırdığı subsidiyalar, bu istiqamətdə çalışan sahibkarlara, fermerlərə güzəştli kreditlərin verilməsi, beynəlxalq layihələr çərçivəsində müasir elmi və texnoloji nailiyyətlərə əsaslanan innovasiya və yüksək texnologiya sahələrinin tətbiqi isə hələ ki, gözlənilən nəticəni vermir. Əksinə, kənd təsərrüfatı sahəsində çalışan insanların gəlirlərinin azalması, ənənəvi əkinçiliyin sıradan çıxması, məhsuldar torpaqların becərilməməsi halları, melorasiya sahəsindəki problemlər gündən-günə artmaqdadır. Anası ağlar günə qalan aqrar sektor Artıq kənd təsərrüfatı sahəsində yaşanan problemləri hər bir vətəndaş hiss etməkdədir. Belə ki, market və bazarlarda meyvə-tərəvəzlərin, ət və süd məhsullarının qiymətlərinin gündən-günə qalxması, bu ərzaqların çoxunun isə xaricdən, əsasən də bizdən kasıb və məhsuldar torpaqları olmayan ölkələrdən idxal edilməsi vəziyyətin daha acınacaqlı olmasının göstəricisidir. Aqrar sektorun inkişafına birbaşa məsul olan Kənd Təsərrüfatı Nazirliyinin fəaliyyəti, daha doğrusu, fəaliyyətsizliyi isə qarşıdakı problemin nəinki aradan qalxmasına, əksinə daha da dərinləşməsinə yol açır. Kənd Təsərrüfatı Nazirliyinin strukturunda 2018-ci ildə baş verən dəyişikliklərdən sonra da əfsus ki, bu sahədə olan problemləri aradan qaldırmaq mümkün olmamışdır. Dövlətin və beynəlxalq təşkilatların maliyyə dəstəyi hesabına həyata keçirilən layihələrin effektivliyi gözlənilən nəticəni verməmişdir. Nazirliyin aqrar sektorda yenilik kimi təqdim etdiyi layihələrin bəziləri isə dövlətin digər strukturlarının illər öncə həyata keçirdiyi layihələrin birbaşa təkrarından ibarətdir. Bir-birini təkrarlayan effektsiz layihələr 2018-ci ildə Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində yaradılan, fəaliyyət istiqaməti əsasən kənd təsərrüfatı və ərzaq məhsullarının mərkəzləşdirilmiş qaydada dövlət büdcəsinin vəsaitləri hesabına satın alınmasını, fermerlərdən, sahibkarlardan məhsulların birbaşa alınmasını və kənd təsərrüfatı, ərzaq məhsullarının istehsalını və ixracını artırmaq məqsədilə həmin məhsulların xarici ölkələrə ixracını və istehsal olunan bu məhsulların yerli bazarda satışının təşkili və həyata keçirilməsini təmin etməli olan "Aqrar Tədarük və Təchizat” Açıq Səhmdar Cəmiyyətinin fəaliyyəti isə yumşaq sözlə ifadə etsək, qənaətbəxş sayılmır. "Aqrar Tədarük və Təchizat” ASC 2018-ci ildən indiyədək aqrar sahənin inkişafı üçün bəzi layihələr həyata keçirmişdir. Bu layihələrdən biri ölkədəki əksər fermer və sahibkarları qane etməyən "tədarük portal” digəri isə "Şəhərdən kəndə” layihəsidir. "Aqrar Tədarük və Təchizat” ASC-nin BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının dəstəyi ilə həyata keçirdyi layihələrdən biri də 2019-cu ilin oktyabr ayında başladılan Aqrar Fəaliyyətli Azərbaycan Qadınları (AFAQ) layihəsidir. "Dağlarda dolaşan" "AFAQ” AFAQ layihəsinin əsas məqsədi aqrar sektorda çalışan qadınları dəstəkləmək, onları bu sahədə çalışmağa həvəsləndirmək və sosial vəziyyətlərinin yaxşılaşmasını təmin etməkdir. Layihə çərçivəsində fermer qadınlara müstəqil surətdə kredit götürmək, bilik və bacarıqlarının inkişaf etdirilməsi üçün şərait yaradılacağı vurğulanır. Layihə ilə bağlı görülən işlərlə tanış olmaq üçün "Aqrar Tədarük və Təchizat” ASC-nin yaratdığı afaq.az portalına daxil olduqda isə layihənin yaradılmasından 1 il ötməsinə baxmayaraq, görülən işlərin heç də qənaətbəxş olmadığı aydınlaşır. Belə ki, portalın "haqqımızda” bölməsini açıb, "layihə haqqında”, "necə qoşulmalı” və "hesabatlar” bölməsinə daxil olmaq istədikdə "səhifə yenilənir” xəbərdarlığı ilə qarşılaşırıq. "Səhifə yenilənir” xəbərdarlığı ilə "AFAQ shop” və "Təlim və tədbirlər” bölməsinə daxil olarkən də qarşılaşırıq. Xəbərdarlıq "Afaq forum” bölməsində də öz "mövqeyini” qoruyub saxlayır. Portalda "Afaqçılar” bölməsində isə olduqca maraqlı məqamlara rast gəlinir. Qeyd edək ki, bu bölmədə layihədən yararlanan 25 xanım haqqında qısa informasiya verilmişdir. Buradakı informasiyalarla tanış olduqda bəzi narahatedici məqamlar ortaya çıxır. Sözügedən narahatlıqlardan biri ciddi texniki və maliyyə dəstəyi olan layihənin lokal xarakter daşımasıdır. Ola bilsin ki, gələcəkdə layihə genişlənərək bir çox regionları əhatə edəcək. Lakin hazırda bizə təqdim olunan "Afaqçı” xanımlar Dağlıq-Şirvan və Quba-Xaçmaz iqtisadi rayonlarını əhatə edir. Məsələn, bölmədə təqdim edilən 25 xanımın 3-ü Şamaxı rayonunun Məlikçobanlı kəndindən, 14-ü İsmayıllı rayonunun Sumağallı kəndindən, 3-ü İsmayıllı rayonunun Kürdmaşı kəndindən, digər 3-ü Şamaxı rayonunun Meysəri, Göylər, Qaladərəsi kəndlərindən, 2-i isə Balakən rayonunun Talalar və Hənifə kənd sakinləridirlər. Bir il ərzində davam edən layihənin 5-6 kənddən kənara çıxa bilməməsi gözlənilən subyektiv səbəblərlə yanaşı, həm də "Aqrar Tədarük və Təchizat” ASC-nin rəhbərliyinin fəaliyyətsizliyinin əyani təzahürüdür. Bununla belə, obyektivlik naminə vurğulayaq ki, Kənd Təsərrüfatı Nazirliyinin və digər dövlət qurumlarının aqrar sektorun inkişafı naminə müəllifi olduqları mənasız layihələrdən fərqli olaraq "AFAQ” layihəsində, heç olmasa, bəxti gətirən təsərrüfatçı xanımlar avadanlıq və bəzi hallarda isə inək, toyuq-cücə ilə təmin olunurlar. Qeyd edək ki, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının texniki yardımı ilə həyata keçirilən AFAQ layihəsinə "PAŞA Holding” maliyyə dəstəyi verir. Cahandar Laçınlı Qlobal.az Geri qayıt |