Əsas Səhifə > Gündəm, Manşet > Kürdəmir həkimlərinin ümidinə qalsa...
Kürdəmir həkimlərinin ümidinə qalsa...30-12-2020, 08:52 |
Koronavirusa yoluxan xəstələr çox vaxt xəstəxanada yer tapa bilmirlər. Belə olan halda onlar müalicələrini evdə aparmağa məcbur olurlar. Bu zaman isə xəstələrə lazım olan tibbi xidmət göstərilmir. DİA.AZ bildirir ki, bu məsələ ilə bağlı gözətçi portalına vətəndaşların şikayətləri daxil olub. Kürdəmir rayonunun Xırdapay kənd sakini Esmira Niyazova bildirir ki, səhhətində yaranan problemə görə dekabr ayının 2 – də Kürdəmir rayon Mərkəzi Xəstəxanasına müraciət edib, COVİD-19 üçün test verib. Üç gündən sonra test cavabının pozitiv olduğunu bildiriblər və ona ev şəraitində müalicə olunmasını məsləhət görüblər. Ancaq xəstəyə heç bir tibbi yardım göstərilməyib. Esmira Niyazova tək yaşayır, şəkər xəstəsidir. O, rayonun Mərkəzi Xəstəxanasında qeydiyyatda olsa da, dövlət tərəfindən verilən dərmanları vaxtı – vaxtında ala bilmir. Səhhətinə görə heç bir yerdə işləyə bilmir, dövlət gəliri də yoxdur. Ona ancaq qohum və qonşuları maddi dəstək olur. Kürdəmir rayonunun Ağtaçı-Qarabucaq kənd sakini Rəhman Əliyev isə deyir ki: “Mən 5 dekabr tarixində özümdən şübhələndiyim üçün Kürdəmir rayonunun Təcili Tibbi Yardım xidmətinə zəng etdim, ancaq onlar çağırışa gəlmədilər. Həmin gün özüm Kürdəmir rayon Mərkəzi Xəstəxanasına müraciət etdim. Məndən ilkin müayinə üçün burun dəliyimdən və boğazımın qırtlaq hissəsindən yaxma götürdülər, bildirdilər ki, sizin testinizin cavabı 2-3 günə göndəriləcək. Ancaq dekabr ayının 8-də veriləcək cavab, mənə 12-si göndərildi. Halbuki mən həmin tarixə kimi Sabirabad rayonunun Mərkəzi Xəstəxanasında öz şəxsi hesabıma müalicə olunurdum. Virusa yoluxub, tam sağalmağıma 800 manat məbləğində pul sərf olundu. Halbuki mənə Kürdəmir rayon Mərkəzi Xəstəxanasından zəng edib bildirmişdilər ki, sizin müalicəniz üçün sizə xəstəxanamız tərəfindən pulsuz tibbi paket göndəriləcək. Həmin tibbi paket isə hələdə yol gəlməkdə davam edir.” Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq. Geri qayıt |