Əsas Səhifə > Gündəm, Manşet > Vidadi Muradovun həbsinin ilginc detalları...

Vidadi Muradovun həbsinin ilginc detalları...


14-01-2021, 08:58
Vidadi Muradovun həbsinin ilginc detalları...
“Azərxalça”nın rəhbəri Vidadi Muradovun qurumda baş verən korrupsiyaya görə həbsindən sonra onun digər qanunsuz əməllərinə dair də informasiyalar, iddialar yayılmaqda davam edir.

Muradovun adı Sumqayıtda tikilən yeni fabriklə bağlı qanunsuzluqlarda da hallanır.

Bildirilir ki, Sumqayıtda inşa olunan Yunəyirici-Boyaq Fabrikinin tikintisi zamanı böyük yeyintilərə yol verilib. Nəticədə fabrikin fəaliyyəti iflic duruma düşüb.

Fabrikdə bu sahədə dünyaca məşhur olan şirkətlərin son dərəcə qabaqcıl avadanlıqları deyil, daha çox geridəqalmış avadanlıqlar quraşdırılıb. Rəsmiləşmə zamanı isə avadanlıqların qiymətləri “şişirdilib”. Maraqlı məqamlardan biri də “Azərxalça” sədrinin ASC-yə auditorları buraxmaması ilə bağlıdır. Bildirilir ki, Vidadi Muradov 2016-2017 və 2018-ci illərdə ASC-də auditin keçirilməsinə razılıq versə də, sonradan bundan yayınıb. Sumqayıtdakı fabrikin tikintisi də 2019-cu ildə başlanıb və auditdən kənar qalıb. Dövlət büdcəsindən fabrikin tikintisinə və oradakı avadanlığın quraşdırılmasına 50 milyon manata yaxın vəsaitin xərcləndiyi də gələn məlumatlar sırasındadır. Sumqayıt Kimya Sənaye Parkında “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin Yunəyirici Boyaq Fabriki hazırda iflic durumdadır. Fabrikin xammalla təchizatı məqsədilə Naxçıvan şəhərində, Bərdə, Qobustan, Sabirabad və Şabran rayonlarında regional yun və boyaq bitkilərinin tədarükü məntəqələri yaradılıb. Bir neçə ay yun tədarük edilib. Vidadi Muradovun ittiham üzrə “yediyi” vəsait Azərbaycan gerçəkliyində elə də böyük məbləğ sayılmır.

Baş Prokurorluğun mətbuat xidmətinin Vidadi Muradovun həbsi ilə bağlı yaydığı rəsmi məlumatda qeyd olunur ki, 9 dekabr 2016-cı ildən 31 dekabr 2019-cu ilədək olan müddətdə o, digər şəxslərlə qabaqcadan əlbir olub və “Azərxalça” ASC-yə məxsus xalça istehsalı üçün nəzərdə tutulan ipin formal müqavilələrin bağlanması yolu ilə alqı-satqısı məqsədilə bir neçə hüquqi şəxsə məxsus bank hesablarına ümumilikdə 3 milyon 435 min manat məbləğdə pul köçürüb. Həmin məbləğin 1 milyon 149 min manat olan hissəsini nağdlaşdırılmaqla mənimsəyib. Bundan başqa, Vidadi Muradov “Azərxalça” ASC-də toxunmuş xalçaları “Azər-İlmə” MMC-yə ucuz qiymətə satmaqla 339 min 427 manat əldə etməkdə ittiham edilir. Vidadi Muradovun ittiham edildiyi digər epizod isə belə görünür ki, onun həbsində həlledici rol oynayıb. İttihama görə, 28 mart 2019-cu ildə xarici bazarlarda qiyməti 800 min ABŞ dolları olan yun təmizləmə xəttinin alınması mümkün olsa da, Vidadi Muradov qeyriləri ilə qabaqcadan əlbir olaraq “Azərxalça” ASC-yə məxsus olan Almaniyadakı şirkətlərdən biri 5 milyon 314 min avro olan podrat müqaviləsi bağlayıb. Yun təmizləmə xəttinin alınması üçün ilkin olaraq 1 milyon 800 min avro məbləğində pulu “Azərxalça” ASC-nin bank hesabından Almaniyadakı şirkətin bank hesabına ödəyib. “Azərxalça” ASC-yə məxsus cəmi 2 milyon 84 min manat məbləğində əmlakı israf edib.

9 yanvar 2021-ci il tarixdə Vidadi Muradova Cinayət Məcəlləsinin 179.4-cü (mənimsəmə xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə), 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan edilib, rayon məhkəməsinin qərarı ilə barəsində həbs-qətimkan tədbiri seçilib.

Hazırda “Azərxalça” ASC-nin vəzifəli şəxsləri tərəfindən törədilmiş digər cinayətlərdə hər hansı formada iştirak etmiş şəxslərin müəyyənləşdirilməsi, habelə Cəmiyyətə dəymiş maddi ziyanın ödənilməsi istiqamətində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən əməliyyat-istintaq tədbirləri davam etdirilir.

“Şöhrət” ordenli Vidadi Muradov xalçaçı-ekspert, tarix elmləri doktorudur. O, 2016-cı ildə “Azərxalça” ASC-yə sədr təyin edilənə qədər ölkədə tanınan iş adamlarından olub. Xalça istehsalı və satışı ilə məşğul olan Vidadi Muradov “Azər-İlmə” Xalçaçılıq şirkətinin sahibidir. Eyni zamanda AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun “Xalçaşünaslıq” sektorunun müdiri, “Azərbaycan xalçaları” elmi-publisistik jurnalının baş redaktoru, YUNESCO-nun Mənəvi ənənələr, mədəni xüsusiyyətlər və Şimali Qafqazda dinlərarası dialoq üzrə komporativ tədqiqatlar kafedrasının professoru, Beynəlxalq Muzeylər Şurasının (ICOM) üzvüdür. O, 5 mart 1956-cı ildə Azərbaycan Respublikasının Bərdə şəhərində anadan olub. 1974-1980-ci illərdə Moskva Kooperativ İnstitutunun İqtisadiyyat fakültəsində “İqtisadiyyatın təşkili” ixtisası üzrə təhsil alıb. 1980-ci ildən etibarən 1994-cü ilədək respublikanın müxtəlif müəssisələrində iqtisadçı kimi fəaliyyət göstərib. 1994-cü ilin oktyabrında məramı unudulmuş çeşnilərin bərpası, yüksək keyfiyyətli xalçaların istehsalı, bir çox şəxsi kolleksiyaları və dünya muzeylərini bəzəyən Azərbaycan xalçalarının təbliği olan “Azər-ilmə” elmi tədqiqat və istehsalat mərkəzini təsis edib. “Azərxalça” ASC yaradılandan sonra qurumun idarə heyətinin sədri vəzifəsinə gətirilib.
“Yeni Müsavat”

Geri qayıt