Əsas Səhifə > Gündəm, Manşet > Cəlilabadda nələr baş verir?
Cəlilabadda nələr baş verir?19-01-2021, 09:52 |
Xəbər verdiyimiz kimi Cəlilabad rayon Muğan kənd bələdiyyəsindən bir müddətdir ki, redaksiyamıza kifayət qədər şikayət daxil olmaqdadır. Kənd sakinləri Muğan bələdiyyəsində illərdir ki, baş verən korrupsiya faktlarından şikayətlənirlər. Kənd sakini Ağayev Tərlan Abbasqulu oğlu redaksiyamıza keçmiş bələdiyyə sədri Rasif Həsənovla bağlı ilginc sənəd təqdim edib. T.Ağayev bildirir ki, R.Həsənov kəndin otlaq sahələrini öz qohum-əqrəbası arasında bölüşdürüb. T.Ağayevin sözlərinə görə bu sənəd Baş prokurorluğa göndərildikdən sonra R.Həsənova ikinci dəfə cinayət işi açılıb. Lakin o, istintaqa özündən sonrakı bələdiyyə sədrlərindən saxta arayış təqdim edərək aldadıb və həmin ərazilərin örüş sahəsi olduğunu bildirib. Vətəndaş isə sənədin yenidən Baş prokurorluğa təqdim edilməsində və araşdırma aparılmasında israrlıdır. Rasif Həsənova həmin akt İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Cəlilabad Ərazi Şöbəsinin məsləhətçiləri Nizami Tağıyev, İbrahim İsmayılov, Muğan kəndinin icra nümayəndəsi Rəzzaq İsbarov və Maşlıq kənd sakini Eldəniz Novruzovun iştirakı ilə tərtib olunub. Araşdırma E.Novruzovun şikayəti əsasında aparılıb və ortaya dəhşətli korrupsiya faktları çıxıb. Biz həmin sənəddə yazılanları təqdim edirik: “Belə ki, R.Həsənov tərəfindən Maşlıq kənd sakini Məhərrəmov Səid Həmzəxan oğluna Cəlilabad rayon Naftuluq bələdiyyəsinin qərarı ilə 27 hektar torpaq sahəsi ayrılıb və tərəflər arasında icarə müqaviləsi bağlanıb. İcarə müqaviləsinin müddətinin 2015-ci ildə bitməsi qeyd edilsə də, müqavilənin üzərində qanunsuz olaraq düzəliş edilmiş və 2045-ci il göstərilmişdir. Eyni zamanda, vətəndaş ümumilikdə 31 hektar torpaq sahəsindən faktiki olaraq istifadə edir. Əlavə olaraq bildiririk ki, torpaq sahəsinin uqodiyası örüş olmasına baxmayaraq hal hazırda orda vətəndaş tərəfindən əkin işləri aparılır. Bundan başqa Cəlilabad şəhər sakini Fətəliyev Səfixan Xanlar oğluna Cəlilabad rayon Muğan bələdiyyəsinin 02.03.2007-ci il tarixli 04 saylı qərarı ilə 78 hektar torpaq sahəsi uzun müddətə icarəyə verilməsi üçün ayrılmışdır. Bildiririk ki, adı çəkilən torpaq sahəsinin uqodiyası örüş sahəsi olmasına baxmayaraq icarə müqaviləsində icarə müddəti 96 il göstərilmişdir. Hal hazırda sözügedən torpaq sahəsinin müəyyən hissəsi əkin altındadır. Bundan başqa həmçinin Rasif Həsənov öz qayınatası, qayınları və yeznəsinə torpaq sahələri verib. Həmin şəxslərin adlarını təqdim edirik. Belə ki, Cəlilabad rayon Maşlıq kənd sakini Şahbazov Əşrəf Abbas oğlu, (Ş.Əşrəfov R.Həsənovun qayınatasıdır) Həsənov Allahverdi Xosu oğlu, Şahbazov Fərayıl Əşrəf oğlu, Şahbazov İntizam Əşrəf oğlu, Babayev Əyyar Xosu oğlu tərəfindən Muğan bələdiyyəsinin mülkiyyətində olan 125 hektar (hər biri 25 hektar olmaqla) örüş sahəsindən istifadə edirlər. Monitorinqlər zamanı Muğan bələdiyyəsi tərəfindən adı çəkilən şəxslərin icarə müqaviləsinin olduğu bildirilsə də, Ərazi Şöbəsinə heç bir sənəd təqdim edilməyib. Cəlilabad şəhər sakini Kazımov Mirməhəmməd Mirtahir oğluna Cəlilabad RİHB-nın 29.10.1999-cu il tarixli 95 nömrəli sərəncamı ilə 25 hektar torpaq sahəsi müvəqqəti istifadəyə verilmişdir. Lakin adı çəkilən ərazi Cəlilabad rayonunda aparılan torpaq islahatı zamanı Söyüdlü kəndi ərazisində Bələdiyyə mülkiyyətinə aid örüş sahəsi kimi saxlanmışdır. Hal hazırda vətəndaş tərəfindən sözü gedən 36 hektar ərazidə əkin işləri apamışdır. Aşağıda adları göstərilən vətəndaşlar isə heç bir sənəd və icarə hüququ olmadan Muğan bələdiyyəsinin mülkiyyətində olan örüş torpaq sahələrini şumlayaraq əkin işləri aparırlar. 1. Əliyev Vahid Almaz oğlu-Uzuntəpə kənd sakini-100 hektar. 2. Nəsirov Atay Məmməd oğlu-Maşlıq kənd sakini-1.0 hektar. 3. Adıgözəlov Həsən Fikrət oğlu-Maşlıq kənd sakini-2 hektar. 4. Abbasov Yəhya İzzət oğlu-Maşlıq kənd sakini-8 hektar. 5. Hüseynov Tahir Səfər oğlu-Maşlıq kənd sakini-6 hektar. 6. Nəsirov İsrafil Məmməd oğlu-Maşlıq kənd sakini-10 hektar. Onu da qeyd edək ki, sonuncu Nəsirov İsrafil Məmməd oğlu Şəhid Nizami Alışanov adına Maşlıq kənd orta məktəbinin direktorudur. Son olaraq sənəddə qeyd olunur ki: “Maşlıq kəndinin yaxınlığında ümumi istifadədə olan 10 hektar örüş təyinatlı torpaq sahəsi şikayətçi Eldəniz Novruzovun iddiasına görə Muğan bələdiyyəsinin sədri Rasif Həsənov tərəfindən əkilir. Həmçinin Eldəniz Novruzov əlavə olaraq bildirir ki, Muğan bələdiyyəsinin mülkiyyətində olan (Uzuntəpə kəndinin sərhəddində olan) 140 hektar torpaq sahəsini də Muğan bələdiyyəsinin sədri Rasif Həsənov ayrı-ayrı vətəndaşlara qeyri-qanuni icarəyə verib əkdirmişdir. Qeyd edirik ki, araşdırma zamanı Cəlilabad rayon Muğan bələdiyyəsi sədrini dəvət etsək də, o, vacib işinin olduğunu bildirərək araşdırmada iştirak etmədi”. Şikayətçi bizə R.Həsənovun bu əməlləri ilə bağlı növbəti sənədləri də təqdim edib və onu da gələn saylarımızda verəcəyik. Güman edirik ki, Azərbaycan Respublikasının Baş prokuroluğu məsələni nəzarətə götürəcək. Qeyd edək ki, R.Həsənovu Dövlət Təhlükəsizlik Xidməti tərəfindən həbs edilən Cəlilabadın keçmiş icra başçısı Namiq Zeynalov göstərişi ilə Muğan bələdiyyəsində mühasib vəzifəsinə təyin olunub. Qarşı tərəfin mövqeyini də dərc edə bilərik. DOSYE.ORG Geri qayıt |