Əsas Səhifə > Gündəm, Manşet > “Qurumlar icra hakimiyyətinə yönləndirir, başçısa bizi qəbul etmir”
“Qurumlar icra hakimiyyətinə yönləndirir, başçısa bizi qəbul etmir”26-02-2021, 09:45 |
“Qrad evi tamamilə yararsız vəziyyətə salıb, ailədə 5 nəfərik, 5 aydır ki, qapılarda qalmışıq. İki qohumdan hər birinin evində bir müddət qaldıqdan sonra kirayə evə köçmüşük, kirayəhaqqını ödəyə bilmirik. Nə evdə əməlli-başlı bərpa işləri aparırlar, nə də dəymiş zərərə görə dövlətin ayırdığı pulu ödəyirlər”. İkinci Qarabağ Müharibəsi başlanan ilk günlərdən kəndləri Ermənistan Ordusu tərəfindən qrad atəşinə tutulub. Nəticədə yaşayış evləri və təsərrüfatlar dağıdılıb. O evlərdən biri də Ağdam rayonu, Qaradağlı kənd sakini Ramil İbadova məxsusdur. DİA.AZ-ın məlumatına görə, Ramil İbadov danışır ki, 5 aydır evi dağılıb və o, hazırda ailəsiylə kirayədə, olduqca çətin şəraitdə yaşamaq məcburiyyətindədir. Onun sözlərinə görə, indiyədək dövlətdən aldığı yeganə dəstək 1000 manat məbləğində yardım olub. O isə hesab edir ki, bu yardım evi tamamilə yararsız hala düşmüş, əşyaları dağılmış ailə üçün uyğun deyil: “Sentyabrın 28-də səhər saatlarında evimizə mərmi düşdü. Evin bir hissəsi, dam örtüyü, döşəmələr dağıldı, divarlar aralandı... Yaşamaq mümkün olmadığına görə əvvəl bir, sonra digər qohumun evinə sığındıq, daha sonra kirayə ev axtarmalı olduq və hazırda kirayədə yaşayırıq. Evimiz dağılandan sonra bir neçə dəfə komissiya gəldi, evə baxış keçirtdi. Birinci baxışda təmir-bərpa üçün materialların siyahısını tutmuşdular. Təsəvvür edin ki, 140 kvadratmetr sahəsi olan ev üçün cəmi 10 kiloqram "şpakilovka" yazmışdılar siyahıya... Mən razılaşmadım. Növbəti dəfə yenə gəldilər, siyahıda bir az materialı çoxaltdılar, söz verdilər ki, döşəməni, dam örtüyünü tam dəyişəcəklər. Ancaq yenə sözlərinin üstündə dayanmadılar. Tutduqları siyahı 140 kvadratmetr sahəsi olan bir evin təmir-bərpasının heç yarısını da əhatə etmirdi, siyahıdakı materiallar ən aşağı qiymətlə hesablanmışdı, üstəlik, çox keyfiyyətsiz materiallar idi. Məsələn, dam örtüyünə çox az material ayrılmışdı, bildirirdilər ki, dam örtüyünü təmir edərkən dağıntı zamanı yararsız vəziyyətə düşmüş hissələrdən də istifadə edəcəklər. Bu isə o demək idi ki, bir azdan o dam örtüyü yenidən başımıza uçacaqdı. Təqdim etdikləri təmir materialları siyahısından imtina etdik. Əgər o siyahıyla razılaşsaydım, o siyahı üzrə materiallar tükənəndən sonra yerdə qalan xeyli təmir-bərpa işlərinin materiallarını almaq öz üzərimə düşəcəkdi. Yanvar ayında mənə kart verildi, karta cəmi 1000 manat köçürülmüşdü”. Ramil İbadov Prezidentin 14 dekabr 2020-ci il tarixli sərəncamının icra olunmasını tələb edir: “Həmin sərəncamla müharibə zamanı dağıdılmış və qəzalı vəziyyətə düşmüş yaşayış evləri üzrə məişət əşyalarına dəymiş ziyanla bağlı hər bir ailəyə 6 min manat, şəxsi əşyalara dəymiş ziyanla bağlı hər bir ailə üzvünə 1500 manat, digər ziyan dəymiş hər bir yaşayış evləri üzrə 1000 manat məbləğində maddi yardımın ödənilməsi nəzərdə tutulub. Bizə nə 6 min manat, nə də hər ailə üzvünə görə 1500 manatlar ödənilib. Hesab edin ki, pəncərəsinin şüşəsi qırılana da 1000 manat verilib, üstünə qrad düşmüş evimizə görə bizə də...” Ramil İbadov deyir, 2019-cu ildə yıxılaraq ayaqlarından travma alıb və o vaxtdan əmək fəaliyyətiylə məşğul ola bilmir. Hazırda 5 nəfərlik ailə anasının 250 manatlıq pensiyası ilə dolanır, evin kirayəsini ödəməkdə çətinlik çəkir. İstədiyi odur ki, ölkə başçısının sərəncamıyla nəzərdə tutulmuş pul yardımları ona və ailə üzvlərinə ödənilsin və dövlət evin tam təmir-bərpasını həyata keçirərək ailəni kirayədən xilas etsin: “Evin dam örtüyü, döşəmələr tamamilə dağılıb, divarlar aralanıb... Dam örtüyünü saxlayan millər qırılıb. Tamamilə sökülüb daş hörgünün üstündən karkas beton tökülməli, yenidən dam örtüyü vurulmalıdır. Bunu özləri də baxış keçirəndə deyiblər”. Ramil İbadov müxtəlif qurumlara müraciət edib. Həmin qurumlarsa vətəndaşı yerli icra hakimiyyətinə yönləndirir: “Məsələn, Nazirlər Kabinetinə yazıram, yönləndirir Kiçik və Orta Biznesin İnkişafı Agentliyinə, ordan da məktub gəlir ki, bəli, Prezidentin belə sərəncamı var, nəzərdə tutulmuş yardımların ev sahiblərinə bank vasitəsiylə ödənilməsinin təmin olunması yerli icra hakimiyyəti orqanlarına tapşırılıb. Ağdam Rayon İcra Hakimiyyətinə gedirik, başçı qəbul etmir. Qarşımıza Ağdamın baş memarı çıxır. O da mənə üzərinə bir neçə təmir materialı yazılmış balaca kağıza verdi, dedi, razılaşsan da, razılaşmasan da, ayrılan material budur, vəssalam”. Geri qayıt |