Əsas Səhifə > Gündəm, Manşet > 3500 diplom qalmaqalı: Təhsil Nazirliyi olmayan lisenziyanı tələb edir:
3500 diplom qalmaqalı: Təhsil Nazirliyi olmayan lisenziyanı tələb edir:3-03-2021, 12:40 |
Xəbər verdiyimiz kimi, Bakı İslam Universitetinin 3 500 tələbəsinin diplomu tanınmır. Tələbələr bununla bağlı məhkəməyə müraciət etsələr də, proses aprelədək ertələnib. Təhsil Nazirliyi isə diplomların tanınmamasına universitetin 2010-cu ilədək lisenziyasız fəaliyyət göstərməsini əsas gətirir. Nazirlik bildirib ki, universitet tələbə qəbulunu daxili müsahibə yolu ilə aparıb və məzunlara verilən diplom blankları qurum tərəfindən təqdim edilməyib. O cümlədən, Attestasiya Komissiyasının sədrləri də Təhsil Nazirliyi tərəfindən təyin edilməyib. BİU-ya qəbul yalnız 2010-cu ildən mərkəzləşdirilmiş qaydada həyata keçirilib. Ona görə də 2010-cu ilə qədər qəbul olunmuş tələbələrə Təhsil Nazirliyi tərəfindən diplom blankları verilmir. Maraqlıdır ki, universitet problemin həlli istiqamətində hansı addımlar atmağı planlaşdırır? Bakı İslam Universitetinin prorektoru Elçin Həsənli Cebhe.info-ya açıqlamasında bildirib ki, Prezidentə məktub ünvanlanıb: "Lisenziyasız fəaliyyət göstərib demək düzgün deyil. Liseniya 2009-cu ilədək qanunvericilikdə nəzərdə tutulmamışdısa, biz onu necə əldə edə bilərdik? Əgər biz lisenziyanı almasaydıq, onda fəaliyyətimiz qanunsuz olardı, amma qanunda nəzərdə tutulmayan bir şeydirsə, qanunsuz fəaliyyət sayıla bilməz. Lisenziya verilənədək universitetin fəaliyyəti qanunsuz olmayıb. Təhsil Nazirliyinin o cür bəyanatı qanunlara qarşı sayğısızlıqdır. Bəyanat yayılırsa, gərək araşdırılsın. Araşdırılmayan məlumatları yaymaq tələbələrdə də narahatlıq yaradır. Məsələnin həlli ilə bağlı Prezidentə məktub ünvanlamışıq. Hələ ki, araşdırma gedir. Ümid edirik ki, tez bir zamanda məzunlarımızın bu problemi həll olunacaq". Geri qayıt |