Əsas Səhifə > Gündəm, Manşet > “Dünyamin Xəlilov oğlumun adına 1 milyon manatlıq kredit götürdü, ödəmədi”

“Dünyamin Xəlilov oğlumun adına 1 milyon manatlıq kredit götürdü, ödəmədi”


15-04-2021, 09:36
“Dünyamin Xəlilov oğlumun adına 1 milyon manatlıq kredit götürdü, ödəmədi”
“15 dəqiqənin içində bir neçə sənədə imza atdırıb, mənə 1 milyon manat kredit verdilər. Mühafizəçi işləyirdim, maaşım da cəmi 400 manat idi. Siz deyin, bu qədər maaşa 1 milyon pul düşürmü?”

Balakən sakini Abdulla Sarkayev Meydan TV-yə belə deyib.

O, 2012-ci ildə sabiq deputat Dünyamin Xəlilovun ofisində mühafizəçi kimi işə başlayıb. Ayda 400 manat maaş alırmış. İşindən razı imiş. Deyir, bir neçə il sonra Dünyamin Xəlilov onu yanına çağırıb deyib ki, Oğuzda Heydər Əliyev Mərkəzinin tikintisi onlara tapşırılıb. Bunun üçün kredit götürmək lazımdır. Krediti bir nəfərin adına vermirlər. Odur ki, bir neçə işçinin, eləcə də mənim adıma götürməlidir:

“Məndən vəsiqəmi istədi. Dedim, bu 1-2 manat deyil, 1 milyondan gedir söhbət. Sabah buna görə mənim başıma bir iş gəlməz ki? Məni əmin elədi ki, heç bir problem olmayacaq. Oğuzdakı mərkəz tikilən kimi mənim adımdan da o pul silinəcək. Beynəlxalq Bankın sabiq rəhbəri Cahangir Hacıyev yaxın dostu idi. İndi aralarında nə danışıblar, necə sövdələşiblər, bilmirəm. Beləliklə, Dünyamin Xəlilovun şirkətində işləyən çayçı, mühafizəçi, süpürgəçi və s. insanların hər birinin adına külli miqdarda pullar götürüldü”.

Abdulla Sarkayev deyir ki, hətta Oğuzda mərkəz də tikilib, ancaq dəqiq bilmir, onu kim tikib. Adına pul götürüləndən bir müddət sonra isə ofisləri bağlanıb və Dünyamin Xəlilov həbs edilib:

“Bir müddət sonra Balakən Rayon Məhkəməsindən evimizə məktub gəldi ki, banka külli miqdarda borcum var. Ödənmədiyi üçün üstünə faiz də gəlib. Bir sözlə, 1 milyonluq borc şişib olub 1 milyon 521 min manat. Mən evimi, eşiyimi, hər şeyimi satsam, heç 21 min manat etməz. Mən haradan alım o qədər pulu?”

Abdulla Sarkayev deyir ki, məhkəmədə dəfələrlə başına gələnləri danışsa da, ona 400 manatla necə 1 milyon kreditin verildiyini araşdırılmasını tələb etsə də, səyləri boşa gedib. Hakim bugünə kimi həmin kreditin mühafizəçiyə belə asanlıqla necə verildiyini araşdırmayıb:

“Əksinə, indi də məni “Agro” Kredit Təşkilatı məhkəməyə verib. Anlamıram, bu, necə ola bilər. Çox pis durumdayam, ağır vəziyyətdəyəm, əsəbdən stresdən 5 ildir iynə-dərmanla yaşayıram. Gecələr yata bilmirəm. 3 övladımla çox çətin durumda, Bakıda kirayədə qalırıq. Mən övladlarıma, ailəmə güclə baxıram. Hardan alım o qədər pulu? Mən yatsam, o qədər pulu yuxuda görmərəm. İnanın onun bir qəpiyini də görməmişəm”.

Abdulla Sarkayevin valideynləri də bu haldan çox narahatdır. Ana Çinay Sarkayeva deyir ki, bu 5 ildə başlarına gəlməyən qalmayıb. İki oğul böyüdüb, biri İkinci Qarabağ Müharibəsində həyatını itirib, digəri isə şərlənib, həbs olunmaqla üz-üzədir:

“Kənd adamlarıyıq, əlacsız idik, oğlum işsiz idi. Oğlum həmin ofisə mühafizəçi kimi işə qəbul oldu. Ayda 400 manat alırdı. Biz də razı idik, onlar da oğlumdan razı idi. Hətta bir dəfə Novruz Bayramında Dünyamin Xəlilov bizə qonaq da gəlmişdi. Oğlumu o qədər çox sevirdi yəni. Oğlumu ona tapşırdım. Yalvardım, yaxadım, dedim, sizə əmanətdir. Oğlum orda 3 il işlədi. 3 il sonra Abdulla atasına dedi ki, bəs sizə bildirməmişdim, Dünyamin Xəlilov adıma kredit götürüb. Həbs ediləndən sonra həmin pulu ödəməyim tələb olunur. Deyib, Oğuzda mərkəz tikirik o pula. Tikilib qurtaran kimi həmin pullar üstündən silinəcək. Oğlum da nə etsin, çörək qazandığı yerdir, razılaşıb ”.

Ana deyir ki, illərdir ürək ağrısı ilə yaşayırlar. Dərdlərini dinləyən, kömək edən yoxdur:

“Biz illərdir ölüb-dirilirik. Yoldaşım açıq ürək əməliyyatı keçirdi, mən şəkər və təzyiq tapdım. Oğlumun ayaqları tutuldu stresdən. Həkim, pulsuzluq, kasıblıq, stress bir yandan, axırda da sentyabr döyüşlərində kiçik oğlumuzu itirdik. Dərdimiz çox az idi, ən ağırı da üstünə gəldi”.

Abdulla Sarkayevin atası Əli Sarkayev deyir ki, üzləşdikləri problemlə bağlı dəfələrlə aidiyyatı qurumlara yazıblar. İşin ədalətli araşdırılmasını tələb ediblər, ancaq bir xeyri yoxdur:

“Elə deyirlər ki, o pul sizin borcunuzdur, vəssəlam”.

Sarkayevlər ailəsi son çarəni Prezident İlham Əliyevə, Mehriban Əliyevaya müraciət etməkdə görür:

“Son çarəmiz budur. Əslində onlara məktub da yazmışıq. Görünür, oxumayıblar, əllərinə keçməyib. Odur ki, bir də media vasitəsilə müraciət edirik. Xahiş edirik, bizə kömək edin. Böyük bir ədalətsizliyin içindəyik, çətindir, çıxa bilmirik. Əlimizdən də heç nə gəlmir. Aidiyyatı qurumlar səsimizə səs vermir. Nolar, barı siz bizə kömək edin. Bizim 2 oğlumuz var idi. Biri şəhid oldu. Digərinin də 3 uşağı var və böyük bir ədalətsizliklə üzləşib. Nolar, kömək edin”.

Sonda Abdulla Sarkayev deyir ki, dəfələrlə Dünyamin Xəlilovla danışmaq üçün görüş alıb. Ancaq o, görüşü rədd edib:

“Dedi ki, ailəmdən başqa heç kimlə görüşmürəm. Bəs indi mən nə edim? Məhkəmə araşdırmır, Dünyamin Xəlilov məsuliyyəti üzərinə götürmür, məndə də o pulu ödəməyə imkan yoxdur”.

Dünyamin Xəlilov 2005-ci ildə ABB-nın səhmdarı olub. 2005-2010-cu illərdə parlamentin deputatı olmuş Xəlilovun işlədiyi “General Construction” Məhdud Məsuliyyətli Cəmiyyəti Beynəlxalq Bankdan kredit alıb qaytarmayıb. Daha sonra Dünyamin Xəlilov həbs edilib.

2015-ci ilin yayından Beynəlxalq Banka kredit borcları olan şəxslərin həbsinə başlanıb.

Meydan TV

Geri qayıt