Əsas Səhifə > Gündəm, Manşet > "Azərişıq" sakinləri ziyana salır: BƏDƏLİNİ İSƏ ÖDƏMİR...

"Azərişıq" sakinləri ziyana salır: BƏDƏLİNİ İSƏ ÖDƏMİR...


1-06-2021, 09:01
"Azərişıq" sakinləri ziyana salır: BƏDƏLİNİ İSƏ ÖDƏMİR...
Balakən rayonunun Meşəşambul kənd sakinləri deyir ki, “Azərişıq” səlahiyyətlilərinin səhlənkarlığı üzündən yanğın təhlükəsi altında yaşayırlar. Üstəlik, maddi baxımdan da dəfələrlə ziyana düşüblər. DİA.AZ xəbər verir ki, Meşəşambul sakinlərinin sözlərinə görə, kənddəki elektrik xətləri, transformatorlar bərbad vəziyyətdədir. Elektrik xətlərində gərginlik tez-tez kəskin artıb-azalır. Nəticədə kənd sakinlərinin məişət əşyaları dəfələrlə sıradan çıxıb. Hətta bir neçə dəfə kənddə yanğın da olub.

“Transformatorların, elektrik xətlərinin bərbad vəziyyətdə olmasından müxtəlif instansiyalara, hətta hüquq-mühafizə orqanlarına yazılı məlumatlar vermişik. Bu səbəbdən yanmış evlər, sıradan çıxmış elektrik avadanlıqları haqda da ərizələr göndərmişik. Müraciətlərimizə fotoları da əlavə etmişik. Lakin dərdimizə şərik olub, bizə köməklik edən olmayıb. Sonuncu dəfə aprelin 21-də elektrik xətlərində gərginliyin kəskin artıb-azalması nəticəsində yenidən əhaliyə külli miqdarda ziyan dəydi. Nə qədər adamın əşyaları yandı...”, - şikayətçilərdən Məryəm Məmmədova bildirib.

Kəndin başqa bir sakini Musa Dibirov deyir ki, kənddə bacısına məxsus böyük bir obyekt 2020-ci ilin yayında elektrik xətlərində məhz gərginliyin kəskin artması nəticəsində yanıb. Onun sözlərinə görə, ekspertizanın rəyində də bu təsdiqlənib:

“Ondan sonra da tədbir görülmədi, transformatorları, xətləri dəyişmədilər. “Azərişıq” təkcə bizim kəndin adamlarına nə qədər ziyan vurub. Dəfələrlə gərginlik kəskin artıb-azalır. Bu yazıq camaatın evindəki əşyalar sıradan çıxır. Nə qədər yerə şikayət edirik, xeyri yoxdur. Axırıncı dəfə aprelin 21-də 17-18 evdə paltaryuyan maşın, soyuducu, televizor yandı”.

Musa Dibirovun sözlərinə görə, “Azərişıq” rəhbərliyinə şikayətlə əlaqədar bir neçə gün əvvəl kəndə nümayəndə göndərilib. Lakin onun təklifi əhalini qane etməyib: “Bir sənəd hazırlamışdılar. Orada yazılıb ki, müəyyən tədbirlər görülüb - transformatorlar dəyişib, camaatın şikayəti yoxdur. İstəyirdilər ki, insanlar bu sənədi imzalasın. Adamlar imzalamaqdan imtina elədi. Dedilər ki, transformatorlarımızı dəyişin, xətlərdəki bərbad vəziyyəti aradan qaldırın, ondan sonra imzalayaq. Bunlar aradan qaldırılsa, bizim nə şikayətimiz ola bilər ki?”

"Azərişıq" sakinləri ziyana salır: BƏDƏLİNİ İSƏ ÖDƏMİR...


Geri qayıt