Əsas Səhifə > Gündəm, Manşet > Göygölün icra başçısından İLGİNC ADDIM...

Göygölün icra başçısından İLGİNC ADDIM...


29-06-2021, 09:31
Göygölün icra başçısından İLGİNC ADDIM...
Göygöldə maraqlı tendensiyaya başlanılıb. Rayonun icra başçısı Turani Əliyevin xüsusi göstərişilə Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin əməkdaşları (damkomlar) kütləvi telefon zənglərilə kimin peyvənd olunub-olunmadığına dair hesabat yığır. Rayon sakinlərinin evlərinə və mobil telefonlarına edilən zənglər xeyli təşviş yaradıb.

"Demokratik.Az"ın əldə etdiyi məlumata görə, köhnə üsullara dayanan və məqsədi insanlara bəlli olmayan "danosalma" tədbiri icra başçısı səlahiyyətlərini icra edən Turani Əliyevin özfəaliyyəti nəticəsində baş verir. Belə bir siyahıyaalma tədbiri barədə heç bir rəsmi qərarın ortada olmaması, Nazirlər Kabineti yanında Operativ Qərərgah tərəfindən bu barədə hansısa məlumatın yer almaması müəmmalı suallar yaradır. Görəsən, Göygölün icra başçısına rayonda konkret kimlərin peyvənd olunub-olunmamasının nə isti-soyuğu var? Və icra başçısı hansı qanuni əsaslarla özünə heç bir aidiyyatı olmayan işlə məşğuldur? Vətəndaşlara telefon zəngləri edib "peyvənd panikası" yaratmaq kimə və nəyə lazımdır axı?
Göygöl sakinlərinə məlumat üçün xatırladaq ki, "COVİD-19" peyvənd olunmaq (vaksinasiya) könüllülüyə əsaslanır, eləcə də ölkə üzrə peyvənd olunanların uçotu TƏBİB tərəfindən elektron qaydada aparılır. Və hər kəs peyvənd olunub-olunmadığı barədə şəxsi məlumatı yalnız tələb olunan yerlərə "Covid-pasport"u və ya arayış təqdim etmək istisna olmaqla, digər kənar şəxslərdən gizli saxlaya bilər.

Doğrudan maraqlıdır, Turani Əliyev Göygöl sakinləri barədə sözügedən bilgiləri niyə TƏBİB-dən almır, özbaşına və sadəcə sözlə tərtib ediləcək qeyri-rəsmi üsullarla əhali arasında "peyvənd panikası" yaradır?

İnanırıq ki, icra başçısının təlaşa səbəb olan bu özbaşına davranışına bir aydınlıq gətiriləcək...

Demokratik.Az

Geri qayıt