Əsas Səhifə > Gündəm, Manşet > Baş Qərargah rəisi vəzifəsi niyə boş qalıb?

Baş Qərargah rəisi vəzifəsi niyə boş qalıb?


7-07-2021, 08:27
Baş Qərargah rəisi vəzifəsi niyə boş qalıb?
Azərbaycan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi postu ötən ilin oktyabr ayından boşdur. Uzun illər bu vəzifəni tutan, həm də nazirin birinci müavini olmuş general-polkovnik Nəcmədin Sadıkov 44 günlük müharibənin ilk həftəsində işindən kənarlaşdırılmışdı. Bu barədə yerli və xarici mətbuat dəfələrlə yazsa da, rəsmi məlumat təxminən 4 ay sonra – 2021-ci il yanvarın 28-də açıqlandı. Həmin tarixdə Müdafiə Nazirliyinin sözcüsü, polkovnik Vagif Dərgahlı bildirmişdi ki, Nəcməddin Sadıkov ötən ilin oktyabr ayından xidmətdə deyil. Onu da xatırladaq ki, generalın adı və barəsindəki məlumatlar Müdafiə Nazirliyinin saytının rəhbərilk bölməsindən silinmişdi. Amma maraqlıdır ki, Baş Qərargah rəsinin vəzifədən çıxarılması haqqında prezident fərmanı hələ də dərc olunmayıb.

N.Sadıkovun vəzifəsindən uzaqlaşdırılmasının səbəbləri barədə çoxsaylı versiyalar olsa da, əsas ağırlıq qazanan ehtimal onun barəsində ictimai rəydə formalaşmış “Rusiyanın adamı” imici ilə bağlıdır. Hərbi ekspertlərin qənaətinə görə, generalın 2016-ci ildə baş vermiş aprel döyüşlərində oynadığı neqativ rol, Rusiya hərbi-siyasi dairələri ilə isti münasibətləri ona siyasi rəhbərliyin etimadını azaltmışdı. Bundan başqa, 44 günlük döyüşlərin ilk həftəsində şimal cəbhəsində və Ağdərə istiqamətində itkilərlə müşayiət olunmuş əks-hücum əməliyyatının N. Sadıkovun təşəbbüsü ilə həyata keçirildiyi bildirilir. Baş Qərargah rəisinin düşmənin ən çox möhkəmləndiyi istiqamət olan Ağdam tərəfdən hücuma başlamağı təklif etdiyi də deyilir. Başqa – daha qorxunc iddialar da var ki, əlimizdə hər hansı dəlil-sübut olmadan bunları yazmaq doğru olmaz. Bütün bunların nəticəsində Baş Qərargah rəisi elə müharibənin gedişində döyüş əməliyyatlarının idarə olunmasından kənarlaşdırılıb. Hazırda onun barəsində heç bir informasiya əldə etmək mümkün deyil. Məlum olan budur ki, vaxtilə generalın orduya yerləşdirdiyi yaxın qohumları və bəzi yüksək vəzifəli kadrları tutduqları postlardan kənarlaşdırılıb.

Bəs, ötən 8-9 ayda Silahlı Qüvvələrin Baş Qərargah rəisi vəzifəsi niyə boş qalıb, ora təyinat aparılmaması hansı səbəblərlə əlaqədardır? Əlbəttə, bu barədə informasiya qıtlığı, hətta yoxluğu geniş və əsaslı təhlil aparmağa əngəl yaradır. Amma müharibədən sonra silahlı qüvvələrin daxilində, bütövlükdə müdafiə və təhlükəsizlik sektorunda aparılan mühüm dəyişikliklər bəzi ehtimallar irəli sürməyə imkan verir.

İlk növbədə prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin Azərbaycanda Türkiyə modeli əsasında ordu quruculuğuna başlanması barədə bəyanatı yada düşür. Dövlət başçısı fevralın 26-da keçirdiyi mətbuat konfransında deyib:

“Türkiyə ilə hərbi sahədə işbirliyimiz davam edəcək. Türk ordusu NATO-da güc baxımdan ikinci ən güclü ordudur. Biz Azərbaycanda türk ordusunun kiçik modelini yaratmaq əzmindəyik. Türkiyə ilə Azərbaycan iki qardaş ölkə, bir-birinə ən yaxın ölkələrdir. Odur ki, çağdaş Türkiyənin ordu modeli bizim üçün ən məqbul modeldir”.

Bu modelə görə, Baş Qərargah Müdafiə Nazirliyinin birbaşa tabeliyindən çıxarılır, ordu birlikləri yenidən komplektləşdirilir və Quru Qoşunları yaradılır. Türkiyə ordusunda olduğu kimi, bu qoşunlara komandan təyin edilən generallar bəlli müddət çərçivəsində rotasiya ilə Baş Qərargah rəisi təyin edilirlər. Müdafiə naziri isə mülki (keçmiş zabit və ya zabit olmayan) şəxs olur və müdafiə sahəsində dövlət siyasətini həyata keçirir.

Hazırda Azərbaycan Ordusunun bütün strukturlarında islahatlar aparılır. Əlbəttə, müharbədən sonra işğaldan azad edilmiş bölgələrdə ordu hissələrinin dislokasiyası, texniki təminat, infrastruktur problemlərinin həlli kifayət qədər irimiqyaslı işdir və zaman alır. Həmçinin, əvvəlki ştat cədvəlləri, döyüş və qeyri-döyüş xidmət zonalarının xəritələri, orada xidmət keçən hərbçilərin statusu, təminatı, əməkhaqqı və sair məsələlərə də yenidən baxılır.

Paralel olaraq ordunun arsenalının yenilənməsi və modernləşdirilməsi istiqamətində də ciddi iş gedir. Bu işdə Türkiyə hərbi mütəxəssislərinin dəstəyindən istifadə olunur və bu ölkə ilə yanaşı, İsrail hərbi sənaye kompleksinin məhsullarına üstünlük verilir. Rusiyanın Azərbaycanın silahlanmasında strateji təchizatçı rolu getdikcə məhdudlaşdrılır.

Şübhəsiz ki, struktür və kadr dəyişikləri də prosesin ayrılmaz tərkib hissəsidir. Hərbi mənbələr bildirirlər ki, silahlı qüvvələrin rəhbərliyində ciddi yenilənmə aparılır, bu səbəbdən Baş Qərargah rəisi ilə yanaşı, bir sıra mühüm vəzifələrə də hələ təyinat aparılmayıb. Məntiqlə, Türkiyə modeli əsasında ordu quruculuğu aparılırsa, strateji postlara bu ölkədə hazırlıq keçmiş zabitlər irəli çəkilməlidir. Yəni Rusiya hərbi məktəbi öz yerini Türkiyə, dolayısı ilə NATO hərbi təhsil sisteminin yetirmələrinə verir. Lakin yeni, peşəkar, etibarlı kadrların azlığı, olanların da uzun müddət ordu içərisində sıxışdırılması öz sözünü deyir. Ona görə də, bu məsələ zaman və səbr tələb edir.

Daha bir vacib məsələ uzun müddət Azərbaycanın ordu strukturlarında müəyyən təsir imkanlarına malik olmuş Rusiyanın dəyişikliklərə neqativ reaksiyasıdır. Sirr deyil ki, Moskva geostrateji maraqlarının olduğu regionlardakı ölkələrin müdafiə-təhlükəsizlik sektoruna nəzarət və təsir imkanlarına malik olmaqda maraqlıdır. Üstəlik, Bakının bu sahədə Türkiyə ilə sıx işbirliyi və NATO modelinə əsaslanan ordu qurmaq istəməsi Kremli narahat etməyə bilməz. Ehtimal etmək olar ki, bu istiqamətdə Azərbaycan rəhbərliyinə müəyyən təzyiqlər edilir, bu isə Baş Qərargah rəisi də daxil olmaqla, bir sıra mühüm postların təyinatsız saxlanmasına gətirib çıxarır. Çox güman ki, Azərbaycan rəhbərliyi bu sektorda aparılan islahatların müəyyən mərhələsinə qədər gözləməkdə davam edəcək. Daha sonra qarşıya qoyulmuş hədəfə uyğun olaraq, struktur dəyişiklikləri və kadr təyinatları həyata keçiriləcək.
//pressklub.az//


Geri qayıt