Əsas Səhifə > Gündəm, Manşet > Yeni tədris ilində köhnə məktəb dərdi...

Yeni tədris ilində köhnə məktəb dərdi...


21-08-2021, 09:28
Yeni tədris ilində köhnə məktəb dərdi...
Beyləqanın Qəhrəmanlı kənd məktəbi şəraitsiz vəziyyətdədir. Binanın divarları çatlayıb, pəncərələri sınıb, hətta bəzi siniflərin qapıları belə yoxdur.

Elə valideynlərin şikayəti də məktəbin vəziyyəti ilə bağlıdır. Bir qrup valideynin Meydan TV-yə ünvanladığı məktubda bildirilir ki, məktəbdə heç istilik sistemi də yoxdur:

“Qışda siniflərdə odun yandırırlar. Onu da tapanda. Tapılmayanda ümumiyyətlə, sinif otaqları buz olur. Yeni tədris ilinə az qalıb. Düzdür, hələ bilmirik məktəb açılacaq, ya yox. Ancaq pandemiya dövründə məktəblərin bağlı olmasından istifadə edib, kəndin məktəbini təmir etmək olardı“.

Valideynlər bildirirlər ki, məktəbin təmirsiz olması ilə bağlı dəfələrlə Beyləqan Rayon İcra Hakimiyyətinə, Təhsil Nazirliyinə məktub göndəriblər. Ancaq cavab ala bilməyiblər:

Yeni tədris ilində köhnə məktəb dərdi...

“Məktəb rəhbərliyi də deyir ki, bizlik deyil, nə edək? O qədər pul yoxdur məktəb rəhbərliyində. Ara-sıra siniflərin təmiri üçün valideynlər aralarında pul toplayır. Ancaq bina köhnədir, tökülür, təmir bir il sonra yenə həmin hala düşür. Məktəbə əsaslı təmir lazımdır, bunun üçün də böyük vəsait tələb olunur və bunu valideynlər, məktəb rəhbərliyi, müəllimlər qarşılaya bilməzlər. Gərək dövlət səviyyəsində addım atılsın”, – məktubda bildirilir.

Valideynlər deyirlər ki, Qəhrəmanlı kənd məktəbi Birinci Qarabağ müharibəsində həlak olmuş Tağı Məmmədovun adını daşıyır:

“Məktəbin girişinə şəhidin şəkli vurulub. Hətta o plakat da baxımsız vəziyyətdədir. Bina isə öz yerində, tökülüb itir. Məktəb rəhbərliyinin özünün də çoxsaylı müraciətindən sonra görünür vəsait ayrıldı, gəlib tavanı azca düzəltdilər. Amma ondan sonra da yağış yağanda içəri damır, yəni problem həll olunmayıb”.

Şikayətçilər bildirirlər ki, bu, köhnə icra başçısının zamanında olub. Yeni icra başçısı ümumiyyətlə, heç nə ilə maraqlanmır:

“Yenə köhnə icra başçısının zamanında məktəbə bir-iki mismar vuruldu, yeni gələn heç üzünə də baxmır. Məktəb tamamilə sıradan çıxı. Bundan isə həm şagirdlər, həm müəllimlər, həm də biz valideynlər əziyyət çəkirik. Məktəbdə 400-dən çox şagird təhsil alır. Soyuqdan, şəraitsizlikdən uşaqlar qışda tez-tez xəstələnirlər. Dərsə qoymamaq da olmur, geri qalırlar. Ancaq o məktəb deyilən binanın heç bir şəraiti yoxdur. Soyuqda üst geyimi ilə dona-dona oturan uşaqların başına dərs necə girsin?”

Yeni tədris ilində köhnə məktəb dərdi...

Valideynlər məktəbə gedən yolların bərbad olmasından da gileylənirlər:

“Qışda palçıq, yayda toz-torpaq olur. Həmin yola da bir əncam çəkilsə, pis olmaz. Şikayət edirik, baxmırlar”.

Valideynlər son çarəni Prezident İlham Əliyevə və Birinci vitse prezident Mehriban Əliyevaya müraciət etməkdə görürlər. Deyirlər ki, bəlkə onların tapşırığı ilə kənddə vacib olan bir neçə iş görülər:

“Məktəbə gedən yol, məktəb təmir edilsə, çox yaxşı olar. Eyni zamanda, kəndarası yollar da bərbad gündədir. Ancaq məktəb və məktəbin yolu qədər vacib deyil. Əsas təhsil, uşaqlarımızın gələcəyidir. Xahiş edirik, kənd məktəbinin və məktəbin yolunun təmir olunması ilə bağlı göstəriş verəsiniz”.

Yeni tədris ilində köhnə məktəb dərdi...

Beyləqan Rayon İcra Hakimiyyətindən Meydan TV-yə bildirilib ki, onların məktəb, yol təmir edəcək qədər büdcələri yoxdur. Belə böyük işlərin görülməsi üçün gərək dövlət büdcəsindən vəsait ayrılsın:

“İlbəil kənd yollarının, məktəblərin təmiri, tikintisi üçün müəyyən məbləğlər ayırılır. Bu işlər mərhələli görülür, əvvəlcə daha pis vəziyyətdə olan binalar, yollar təmir edilir. Zamanla təmirsiz, şəraitsiz məktəb və yollar qalmayacaq”.

Valideynlər isə deyirlər ki, artıq uşaqlarını şəraitsiz məktəbə göndərməkdən yorulublar. Kəndin problemləri qısa müddətdə həll olunsa, onlar da rahat nəfəs alarlar.

Meydan TV


Geri qayıt