Əsas Səhifə > Gündəm, Manşet > Abşeron Qazma Şirkətinin rəhbərliyindən NARAZILIQ...

Abşeron Qazma Şirkətinin rəhbərliyindən NARAZILIQ...


24-08-2021, 08:51
Abşeron Qazma Şirkətinin rəhbərliyindən NARAZILIQ...
SOCAR Abşeron Qazma Şirkətində xadimə işləyən 57 yaşlı Sevda Səfərova ixtisara salınıb. Səfərova tənha qadındır, üstəlik qızı 3 azyaşlı övladı ilə ərindən ayrıldığından anasının himayəsindədir. Uşaqlardan birinin ruhi xəstəliyi var. Buna görə də qızı işləyə bilmir, ailə Sevda Səfərovanın öhdəsindədir.

Sevda Səfərova Meydan TV-yə deyib ki, qızı 12,14 və 16 yaşlı övladları üçün aliment ala bilmir. O, Yasamalda kiçik daxma kirayələyərək qızı və nəvələri ilə birgə yaşayır.

“2014-cü ilin avqustundan həmin şirkətdə çalışıram. Həyat yoldaşımı cavan yaşda itirmişəm, min əziyyətlə övladlarımı böyütmüşəm. Qızımın həyat yoldaşı övladlarına yardım etməyib, illərdir də nəvələrimə baxıram. Nəvələrimdən birinin əqli cəhətdən problemi olduğundan qızım işləyə bilmir. İşdən çıxarılandan sonra necə dolanacağıq, bilmirəm. Çıxılmaz vəziyyətdəyik. Bu yaşdan sonra iş tapmaq da çətindir”, - şikayətçi deyir.

Səfərova bildirib ki, şirkətlə problemi rəhbərlik dəyişəndən sonra yaranıb:

“Köhnə rəhbərlik məni işdən çıxarmırdı. Bilirdilər ki, çətinliklə dolanıram. Yenisi isə məni qəbul edib, şikayətimi dinləmədi. Dedilər ki, müqavilənin vaxtı bitib, yeniləmirik. Halbuki, işdən çıxarılanların yerinə yeniləri götürülür. Rəhbərlik öz fəhlələrinin həyat şəraiti ilə bir dəfə də olsun maraqlanmır. Onlar üçün işçini işdən çıxarmaq asan məsələdir. Düşünmürlər ki, necə dolanacağıq. Evə çörəkpulu gətirən tək mən idim. Yasamalda daxma tutmuşdum ki, xərcim az çıxsın, nəvələrimi dolandıra bilim. 700 manat maaş alırdım, kirayə və yolpulu çıxandan sonra çətinliklə də olsa dolana bilirdim. Bir neçə gündən sonra yavan çörəkdən başqa heç nə ala bilməyəcəm”.

Şikayətçi söyləyib ki, dolanışıq dərdindən beli bükülüb: “Xızıda qeydiyyatdayam, amma təsərrüfatım yoxdur, iş tapa bilmirəm. Dünəndən rayona qayıtmışam, bəlkə kənd yerində dolanmaq asan olar deyə düşünürəm. Bu yaşdan sonra məni hansı şirkət işə götürər? Rəhbərliyə o qədər yalvardım ki, gəlin yaşadığım şəraitə baxın, əlavə qazanc yerim olub-olmadığını da öz gözünüzlə görün. Baxım görün ki, keçmiş yeznəm indiyə kimi uşaqlara aliment veribmi. Əlavə qazanc yeri olmayan birini işdən çıxarmaq bu qədər asandırmı? Şirkətdən çıxanda ərizə yazıb qoydum, bəlkə müraciətimə baxalar”.

SOCAR Abşeron Qazma Şirkətindən Meydan TV-yə şikayətlə bağlı açıqlama səlahiyyətində olmadıqlarını deyiblər.


Geri qayıt