Əsas Səhifə > Gündəm, Manşet > Fərhad Əliyev Qarabağ döyüşçüsünü işdən qovdurub

Fərhad Əliyev Qarabağ döyüşçüsünü işdən qovdurub


21-09-2021, 08:35
Fərhad Əliyev Qarabağ döyüşçüsünü işdən qovdurub
Qarabağda erməninin nəfəsini kəsənlərin, demə, Sumqayıtda nəfəslərini kəsənlər varmış. Darıxmayın, indi biləcəksiz, söhbət kimdən, nədən gedir. Redaksiyamıza müraciət edən Əliyev Zaman Bəhruz oğlu əslən Cəbrayılın Çərəkən kəndindəndi. Amma 1997-ci ildə Sumqayıtda doğulub. Bəlli məsələdi, 23 avqust 1993-cü ildə Cəbrayıl Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunduqdan sonra valideynləri Sumqayıtda məskunlaşıb. Zaman da Sumqayıtda doğulub, boya-başa çatıb.

2015-17-ci illərdə həqiqi xidmətdə olub, Gəncə-Şəmkir-Gədəbəy ərazilərində xidmət keçib. Tovuz döyüşləri zamanı cəbhəyə getmək üçün Cəbrayıl rayon Hərbi Komissarlığına müraciət edib, döyüşlərə könüllü qatılmaq istədiyini bildirib. Hərbi komissarlıqda qeydiyyata alınıb, lakin orduya çağrılmayıb. 2020-ci ilin sentyabrında Azərbaycan Sulahlı Qüvvələrinin erməni separatçılarına qarşı əks-hücum əməliyyatı başladıqda Zaman yenə də komissarlığa gedərək orduya könüllü yazılıb: “Cəbrayıl ana vətənimdir, mən onun uğrunda döyüşməliyəm”. Komissarlıqda “hələlik, get, ehtiyac olduqda çağıracağıq” deyiblər. Oktyabrın 27-də Zaman Əliyevə çağırış gəlib və o, Ağcabədiyə yola düşüb. Noyabrın 1-dən 8-dək – Qələbə gününədək Xocavənd istiqamətində döyüşüb. Qələbə günündən sonra daha 20 gün də cəbhədə qalıb. Ordudan tərxisolunma qərarı verildikdən sonra evinə - Sumqayıta qayıdıb. Bura qədər olanlar nə qədər qürurvericidirsə, bundan sonrası utancvericidir. Zaman özü başına gələnləri danışdı:

- 3 il Sumqayıtdakı “Alco” MMC-də işləmişəm. Əvvəlcə çilingər, sonra operator, sonra da fəhlə köməkçisi olmuşam. Nə qədər ki, döyüşlər davam edirdi, mən də cəbhədəydim, zavod rəhbərliyi əmək haqqımı ödəyirdi. Vətən müharibəsi qələbəmizlə başa çatdı, mən ordudan tərxis olunub evə qayıtdım. Döyüş bölgəsində bəzi zədələr almışdım. Ona görə də həkimin məsləhəti oldu ki, 1 ay müalicə olunmalıyam.

Müalicəmi başa vurandan sonra zavoddakı işimə qayıtmaq istədim. Məlum oldu ki, zavod rəhbərliyi məni öz hesabıma məzuniyyətə göndərib. İstehsalat müdiri Eməl Kuşkunun qəbuluna getdim. Mənə dedi ki, “1 gün işləyirsən, 2 gün evdə qalırsan, səndən narazıyıq”.

Mən ona müalicə olunduğumu dedim. Mənə dedi ki, ərizə yaz, 3 ay öz hesabına məzuniyyətə çıx, sonrasına baxarıq. Mən 3 ay işsiz necə qala bilərdim? 24 yaşım var, öz ehtiyaclarımı ödəmək məcburiyyətindəyəm. Bankın kredit borcunu ödəməliyəm, evdə xəstəmiz var. Eməl xanım dedi ki, 3 ay sonra bizimlə işləmək istəyirsənsə, indi məzuniyyət ərizəsi yazmalısan. Mən “Alco” MMC-nin rəhbəri Fərhad Əliyevlə (sabiq istisadi inkişaf naziri, “Azpetrol”un sabiq prezidenti – red.) görüşmək istədiyimizi dedim, çünki hansı səbəblə işdən uzaqlaşdırıldığımı bilmək istəyirdim. Eməl xanımsa “mən nə deyirəm, Fərhad müəllim də onu deyəcək. Mən Fərhad müəllimin adından danışıram”, söylədi. Mənim F.Əliyevlə görüşməyimə imkan vermədi. Mən bilirəm ki, zavodda işçilərin çoxuna belə məzuniyyət ərizəsi yazdırıb, sonra isə işdən azad ediblər. Belə bir ərizə yazmamaq qərarına gəldim, lakin sonra bildim ki, ərizə yazmasam, əmək kitabçamı verməyəcəklər, ya da ora elə qeyd edəcəklər ki, məni daha heç bir yerdə işə götürən olmayacaq. 3 aylıq “məzuniyyət”i gözləyə bilməzdim, çünki dolanışıq üçün əmək haqqı almalıyam. Ona görə mən işdən azad olunmağımla bağlı ərizə yazdım ki, əmək kitabçamı qısa zamanda əlimə alıb və özümə başqa iş axtarım. Sentyabrın 8-dən etibarən işsizəm. Təsəvvür etməzsiniz, mənə ərizəni gözətçi otağında, sanki gizli, oğrun-oğrun yazdırdılar, fəhlə dostlarımla sağollaşmağa da icazə verilmədi.

Qeyd edək ki, Əliyev Zaman Bəhruz oğlu Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin sərəncamı ilə “Xocavəndin azad edilməsi uğrunda” medalı və Fəxri fərmanla təltif edilib. Zaman Əliyev məcburi köçkün həyatı yaşamış, doğma yurdunu, el-obasını dünya gözü ilə görmədən onu sevən, ona sitayiş edən və uğrunda canını fəda etməyə hazır olan Azərbaycanın minlərlə gəncindən biridir. Belə gənclərin hansısa məmur tərəfindən incidilməsi Vətənin incidilməsidir.
//SHERG.AZ//


Geri qayıt