Əsas Səhifə > Gündəm, Manşet > Akif Əlizadə AMEA-nın “duzuna necə qurd saldı”...

Akif Əlizadə AMEA-nın “duzuna necə qurd saldı”...


8-10-2021, 09:22
Akif Əlizadə AMEA-nın “duzuna necə qurd saldı”...
Müdrik və ağıllı insanlardan biri xırda və çox da önəm daşımayan bir bürokratik maneə ilə üzləşir. Bu mənasız bürokratik əngəli aşmaq, ağlının gücünü toparlayaraq onu həll etmək üçün nə qədər çalışşa belə, mümkün olmur. Axırda əllərini qaldıraraq təslim olur və bu ifadəni işlədir: “Bu yaşıma qədər görmüşdüm ki, hər şeyə qurd düşdüyündə onu duz səpib qurddan azad edərdilər. Amma deyəsən, bu dəfə duzun özünə qurd düşüb”.

Bu məsəli nədən xatırladım, bir azdan qələmə alınacaq bu yazıda baş verən çirkli hadisələrə, olanlar və onların cəmiyyətə və insanlığa vurduğu zərərlərə, doğurduğu fəsadlara toxunduğumda öz-özünə bu məsəl də öz yerini tapmış olacaq. Bakı Dövlət Universitetinin 2-ci Tələbə yataqxanasının ərazisi çox da böyük olmayan, Mirəli Seyidov küçəsinin, 3138-ci məhəlləsi ilə, Şərifzadə küçələrinin qovşağında və AMEA-nın ailəli yataqxanalarına (bir neçə il bundan əvvəl) bitişik və cəmisi 0,8 ha ərazidən ibarətdir. Bu ərazidə BDU-nun 8 və 9 saylı yataqxana binaları yerləşir. Bir neçə il bundan əvvəl sabah saatlarında bu binaların komendantı tərəfindən Milli Elmlər Akademiyası rəhbərliyinin binadan cəmisi 3 metr aralıda yüksək mərtəbəli bina tikintisi üçün çala qazdırdığı barədə xəbər gəlmişdi.

Dərhal bir qrup universitet əməkdaşı baxış keçirmək və araşdırma aparmaq məqsədi ilə, rəhbərliyin göstərişinə uyğun olaraq, əraziyə göndərildi. İndiki şəhərsalma qaydalarının tələbləri və normaları ciddi çəkildə pozulmuşdu. Belə ki, sağda mövcud olan 8 sayli yataqxana binası ilə, qazıntı işləri arasında cəmi bir neçə metr məsafə vardı (Tikildikdən sonrakı vəziyyət isə göz önündə).

Tikinti işlərini aparan “Evrostroy” şirkətinin nümayəndələrinə bu tikintinin təhlükəli və yolverilməz olduğu haqqında bildirilsə belə, "akademik Akif Əlizadəyə müracət edin" cavabını verdilər. Əlavə olaraq ərazinin hasarının qanunsuz söküldüyü və 10 sota yaxın universitetin yataqxana ərazisinə daxil olduqları ilə bağlı xəbərdarlıq və izahat verildi. Bu məqsədlə rayon icra hakimiyyətinə, polis idarəsinə və Tikinti Agentliyinə, Bakı Şəhər İcra Hakimiyyətinə və İqtisad Məhkəməsinə bu tikintinin aparılmasının yolverilməzliyi ilə əlaqədar müraciətlər göndərilsə belə, müvəqqəti tikintisi dayandırılsa da, sonradan işlərə daha intensiv start verildi. Məhkəmənin gedişatında sədrlik edən hakimin Elmlər Akademiyasının BDU-ya aid ərazisinin qırmızı xəttini keçdiyi səbəbləri tez-tez xatırlatmasından, çıxarılacaq qərarın universitetin xeyrinə həll olunacağı açıq-aydın görünürdü. Lakin məhkəmə bir ilə qədər davam etdi...

Əslində məhkəmənin getdiyi müdddətdə tikinti işləri dayandırılmalı idi. Amma AMEA-nın başında duran və fəaliyyəti dövründə mənzil biznesinə qoşulan Akif Əlizadə heç kimi nəzərə almadan, tikintini davam etdirməklə universitetin zərərinə qərar çıxartdırmağa nail oldu.

Ən azından şəhərsalma qaydalarına zidd olan və bütün normativ qaydaları pozan, Bakı şəhər İcra Hakimiyyəti nəzdində fəaliyyət göstərən Memarlıq və Planlaşdırma Baş İdarəsinin rəisi əvəzindən sənədlərə imza atan Bakı Şəhər İcra hakimiyyəti başçısı işləmiş Hacıbala Abutalıbova gələcək planlaşdırma işlərində səvhlər etməməsi üçün xəbərdarlıq belə edilmədi. Bununla da saxta akademik istəyinə nail oldu. "Saxta" sözünü ona görə yazıram ki, hələ 2015 və 2017-ci illərdə AMEA seçkilərində protokol saxtalaşdırmağı bu ağsaqqal yaşında özünə rəva bilən Akif Əlizadə keçən il dünyasını dəyişən, BDU-nun Fizika fakultəsinin dekanı, Azərbaycanda ilk dəfə Nanotexlogiya elmi istiqamətlərini prioritet sahə bilərək, onun, Bakı Dövlət Universitetində həm elmi məktəbinin qurulmasına, həm də tədrisinin təşkilinə rəhbərlik edən mərhum professor Məhəmmədəli Ramazanovun haqqını tapdalaması, bir-biri ilə ziddiyyət təşkil edən və fərqli mövzulardan ibarət olan bu yazını yazmağa məcbur etdi.

AMEA-ya seçkilər keçirilən günün axşam saatlarında artıq hər kəs prof. Məhəmmədəli Ramazanovu seçkilərdə qələbə qazandığına görə təbrik etmişdi. Amma saat 22.00-dan sonra bu seçkinin nəticələri ilə əlaqədar protokolun necə tərtib edilməsi barədə bizə sızan məlumata görə, guya Prezident Administratiyasının keçmiş rəhbərinin göstərişi ilə dəyişdirilərək, saxtalaşdırılmışdı.

Bu gün İtaliyanın Sapenza Universiteti ilə Elmi müstəvidə yaradılan əlaqələr birbaşa mərhum professorun zəhməti və elmi müstəvidə apardığı müştərək araşdırmaların nəticəsində mümkün olmuşdur. Onun qayğısı və gərgin əməyinin və qurduğu beynəlxalq elmi şəbəkənin nəticəsi olaraq Nano Materialların Fiziki və Kimyəvi kafedrasının yetirmələrinin səsi artıq uzaq Yaponiyadan, İtaliyadan, Dubnadan və s. eşidilməyə başladı. Və təbii ki, buna qısqanclıqla yanaşan məkrli insanlar da yetişirdi və Akiflərin əli ilə öz işlərini görürdülər. Fizika sahəsində onun qurduğu Beynəlxalq əlaqələr günü-gündən öz sərhədlərini genişləndirməsinə nə qədər zəhmət çəkilsə belə, o, bunlara baxmadan öz potensialını və imkanlarını bu yolda xərcləməkdən yorulmurdu. 20-yə yaxın qrant layihəsinin həmmüəllifi olan alimin 230-dan artıq məqaləsi nüfuzlu xarici elmi jurnallarda, o cümlədən, onlardan 112 məqalə “Thomson Reuters” Agentliyinin siyahısına daxil olan və yüksək impakt faktora malik jurnallarda çap olunmuşdu. 547 elmi əsərin, 24 ixtiranın, 1 dərsliyin və 2 dərs vəsaitinin müəllifi olan prof. M. Ramazanov iki dəfə Elmlər Akademiyasına seçkilərdə iştirak etdi, yalnızca nəzəri olaraq qalib gələ bildi.

Yaratdığı və 8 il rəhbərlik etdiyi Nano Materialların Kimyəvi Fizikası kafedrasına 5 milyon dollardan artıq irihəcmli Qrant layihələri gətirərək, onun müvəffəqiyyətlə icra edilməsinə və başa çatdırılmasına nail oldu. Dəfələrlə Bakı Dövlət Universitetinin Böyük Elmi Şurasının hesabatlarında ilin alimi seçilən mərhum prof. Məhəmmədəli Ramazanov Akif Əlizadə senzurasının qoyduğu barajı adlaya bilmədi. Səbəbsə aydın idi: Hər iki seçkidə Fatma Abdullazadə-Akif Əlizadə cütlüyü bu istəyininin reallaşmasına imkan vermədi. İrihəcmli udulan Qrant layihəsini Sapenza Universiteti prof. Məhəmmədəli Ramazanovun adı ilə adlandırdı, lakin AMEA-da seçkilər Akiflərin əli ilə saxtalaşdırıldı. Bu gün Akif Əlizadə mərhum professorun hələ də canlı olan və tələbələri tərəfindən yaşadılan feysbuk səhifəsini incələmək qabiliyyətinə malik olsaydı, xəcalət çəkə biləcəyini ehtimal etmirəm, yalnızca paxıllığı tuta bilər deyə düşünürəm. Çünki vicdan senzurasını hər kəs özünə tətbiq edə bilmir. Burada 80-lərdə yazılmış bir şeir yadıma düşdü:

Palçıq üstə çıxdı, dağ altda qaldı,

Şikəst üzə çıxdı, sağ altda qaldı,

Zəmanə nehrəsi tərs çalxalandı,

Ayran üstə çıxdı, yağ altda qaldı.

Bütün sahələrdə olan nöqsanları qismən də olsa yoluna qoymaq olur, amma elmdə saxtakarlıq zaman ötdükcə zərər vurmaqda davam edir və bunu elm adamları və ziyalılar çox yaxşı bilirlər.

Hz. Məhəmməd Peyğəmbər elm və savad haqqında demişdir:

“Biliyi ilə xalqı faydalandıran bir alim yetmiş il ibadət edən adamdan xeyirlidir.

İnsanların içərisində iki qrup adam var: alimlər və buyruq verənlər. Bunlar düzgün olsa, bütün insanlar düzələr, bunlar pozulsa, bütün xalq pozular

Bir an elmlə məşgul olmaq, bir an kitaba, yazıya baxmaq, altmış il ibadət etməkdən xeyirlidir. Alimin yatmazdan əvvəl yatağında bir an kitaba baxması, ibadətlə məsğul olan adamın yetmiş il ibadət etməsindən xeyirlidir”.

Böyük Atatürk ətrafındakılara üz tutaraq: “Gələcəkdə mənim söylədiklərimlə elm arasında ziddiyyət yaranarsa, siz elmi seçin”, - demişdir.

Cənab prezidentimiz İlham Əliyev 2008-ci ildə Bakı Dövlət Universitetindəki çıxışında “Bizim məqsədimiz insan kapitalını intellekt kapitalına çevirməkdir”, - demişdi. Elmli və yaradıcı bir alimin yetişdirilməsi üçün 40 ildən çox zamana ehtiyac vardır. Akademik Akif Əlizadə AMEA-nın rəyasət heyətinin 2017-ci ildəki hesabat-toplantısında çıxış edən mərhum professorun elmi nəticələrinin, onun rəhbərlik etdiyi AMEA-nın Fizika institutunun nəticələrindən çox olduğundan utansaydı və vicdanı olsaydı, yəqin ki, seçkilərin nəticələrinin saxtalaşdırılmasına təzyiq edənlərə ən azından izahlı müqavimət göstərərdi. Bunlara görə, “duza qurd düşüb” məsəli yadıma düşdü. Bəli, mərhum akademik Mahmud Kərimovdan sonra, Akif Əlizadənin əli ilə AMEA-nın duzuna doğrudan da qurd düşdü.

Texniki Elmlər üzrə fəlsəfə doktoru
//hurriyyet.az//


Geri qayıt