Əsas Səhifə > Gündəm, Manşet > "İşlədiyim məktəbdə o qədər qanunsuz əmrlər verilib ki, nəticədə “Əmr kitabı” qeybə çəkilib"

"İşlədiyim məktəbdə o qədər qanunsuz əmrlər verilib ki, nəticədə “Əmr kitabı” qeybə çəkilib"


5-11-2021, 09:05
"İşlədiyim məktəbdə o qədər qanunsuz əmrlər verilib ki, nəticədə “Əmr kitabı” qeybə çəkilib"
Məktəb elm, təhsil ocağı, gələcəyimizə işıq tutan ziya mənbəyidir. Təəssüf ki, bəzən bu müqəddəs məkanda elə hadisələrlə qarşılaşırsan ki, sadəcə heyrətlənirsən. Xüsusilə məktəb direktorları ilə müəllimlər arasında baş verən problemlər bir çox hallarda kütləvi narazılığa səbəb olur.

Rubrika.Az saytına müraciət edən Qobustan rayon M.Kərimov adına Poladlı kənd tam orta məktəbin tarix müəllimi Şəhriyar Əliyev işlədiyi məktədə üzləşdiyi qanunsuzluqlardan şikayətçidir. Artıq 20 ildən çoxdur ki, qeyd olunan məktəbdə işləyən Ş.Əliyev qeyd edir ki, Poladlı məktəbində baş verənlər heç bir pedaqoji qayda-qanuna uyğun gəlmir. Burada yalnız bir qanun hakimdir-məktəbin direktor əvəzi V.İsmayılovun şəxsi maraqları! Təhsil sahəsində tətbiq edilən yeniliklərə məhəl qoymayan, bütün pedaqoji prosesi öz bildiyi məcraya yönəldən direktor əvəzi müəllimlərin ixtisasını, diaqnostik qiymətləndirmə balını, stajını nəzərə almır, dərs bölgüsünü öz maraqları çərçivəsində aparır. Şikayət məktubunda bildirilir:
“Təhsil müəssisəsinə rəhbərliyi fiziki tərbiyə müəlliminə həvalə ediblər. Bu şəxs isə vəzifə səlahiyyətlərindən sui istifadə edərək bütün idarəçiliyi şəxsi prinsip, şəxsi maraqları çərçivəsindən həyata keçirir. Nəticədə şəxsi prinsiplər meydanına çevrilən təhsil ocağında pedaqoji təhsili olanla olmayana heç bir fərq qoyulmur. Onun təsəvvüründə məktəb sanki bir təhsil ocağı deyil özəl müəssisə, şirkətdir. Odur ki, heç bir əsasnaməyə uyğun olmadan istədiyi dərsi istədiyi adama verir.
Ümumtəhsil məktəblərində tədris olunan “Həyat bilgisi” fənni şagirdlərdə ümumi dünyagörüşünün formalaşdırılmasında böyük rol oynayır. Xüsusilə fənnin məzmun xəttində ictimai əhəmiyyətli mövzular üstünlük təşkil edir. Bu baxımdan fənnin tarix müəllimləri tərəfindən tədris olunması məqsədəuyğun hesab olunur. Fənni əhatə edən mövzuların hazırki dövrümüzdə mühüm əhəmiyyət kəsb etdiyini, tarixi proseslərlə vəhdət təşkil etdiyini nəzərə alsaq fənnin tarix müəllimləri tərəfindən tədrisi vacibdir. Lakin V.İsmayılov burada da şəxsi maraqlarını ön plana çəkir. Bu məsələdə direktor əvəzi bir az da irəli gedərək dövlət maraqlarını ailə maraqlarına qurban verib. Belə ki, direktor əvəzi bu fənnin tədrisini heç bir pedaqoji təhsili olmayan və kimya fənnini tədris edən həyat yoldaşına həvalə edib. Görünür direktor əvəzi elə hesab edir ki, “Həyat bilgisi” fənnini ancaq onun həyat yoldaşı tədris edə bilər.
Ümumiyyətlə məktəbdə fənlərin qeyri-ixtisas müəllimləri tərəfindən tədris olunması adi hal alıb. Direktor əvəzi dərs bölgüsünü şəxsi ambisiyaları çərçivəsində həyata keçirir ki, son zərbə bizim gələcəyimizə-övladlarımıza dəyir.
Ölkəmiz müstəqilliyini əldə etdikdən sonra ali məktəblərdə “Türk və Şərqi Avropa xalqlarının tarixi” kafedrası açıldı. Mən bu ixtisas üzrə magistr elmi dərəcəsi alan ilk şəxslərdənəm. Hazırda ümumtəhsil məktəblərində “Ortaq türk tarixi” fənninin tədrisi ilə bağlı qərar var. Bu sahədə magistr dərəcəsi olan müəllim kimi bu fənnin tədrisinin məktəbimizdə təşkili üçün rayon təhsil şöbəsinə müraciət etmişəm. Lakin bu dəfə də məktəb direktorunun və Təhsil Şöbəsi əməkdaşlarının “ortaq maraqları” “Ortaq türk tarixi”nin öyrənilməsinə imkan vermir.
İşlədiyim məktəbdə o qədər qanunsuz əmrlər verilib ki, nəticədə “Əmr kitabı” qeybə çəkilib. Rayon prokurorluğu bu məsələ ilə məşğul olsa da əmr kitabı bir parça əppək olub yoxa çıxıb. Ancaq direktor əvəzinin əmr vermək könlünə düşəndən düşənə tapılır.”
Ş.Əliyev məktəbdə baş verən qanunsuzluqlarla bağlı birinci vitse-prezident Mehriban xanım Əliyevaya, Təhsil naziri E.Əmrullayevə müüraciət edir.
“ Bir neçə şəxsin maraqları naminə böyük bir kəndin təhsili təhlükə altındadır. Tezliklə tədbirlər görülməzsə vəziyyət daha da acınacaqlı hal ala bilər. Odur ki, bir müəllim, bir valideyn olaraq tezliklə məsələyə müdaxilə etmənizi, baş verənləri durdurmanızı xahiş edirəm. Balalarımızın təhsilini, gələcəyini bir neçə şəxsin ambisiyalarına qurban verməyin!”



Geri qayıt