Əsas Səhifə > Gündəm, Manşet > "Sonuncu dəfə buralara nə zaman asfalt çəkildiyini xatırlamırıq"

"Sonuncu dəfə buralara nə zaman asfalt çəkildiyini xatırlamırıq"


14-12-2021, 09:01
"Sonuncu dəfə buralara nə zaman asfalt çəkildiyini xatırlamırıq"
Cəlilabadın Çünzəli kəndinin elektrik paylayıcısı Sovetlər dönəmindən qalıb. Elə ona görədir ki, işıq zəifdir və tez-tez sönür. DİA.AZ-ın məlumatına görə, kənd sakini Vəkil Xankişiyev deyir ki, buna görə dəfələrlə Cəlilabad Rayon İcra Hakimiyyətinə, Cəlilabad Elektrik Şəbəkəsinə müraciət ediblər. Hər dəfəsində də “narahat olmayın, bilirik, problem var, tezliklə həll edəcəyik”, – cavabı alıblar. Ancaq bu günədək problemləri həll olunmayıb.

“Bizim kəndin işıq paylayıcısı, – ata-baba dilində transfarmator deyirlər, – 60-cı illərdə qoyulub. Mənim xatirimdə deyil heç, uşaq olmuşam. İndi həmin paylayıcı sıradan çıxıb. Buna görə də verilən işıq çox zəif olur. Paltaryuyana, soyuducuya, televizora gücü çatmır. Elə ki axşam olur, camaat avadanlıqları “tok”a taxır, onda işıqlar sönür, gücü çatmır. Biz də qorxumuzdan xətti yükləmirik, həm də heyfdir, texnika yanmasın deyə”.

Çünzəli kəndinin tək problemi elektrik deyil. Sakinləri bildirirlər ki, yolları da bərbaddır:

“Sonuncu dəfə buralara nə zaman asfalt çəkildiyini xatırlamırıq. Mənim oğlum İkinci Qarabağ müharibəsində şəhid olub. Onun ilinə az qalmış rayon rəhbərliyinə müraciət etdim. Qapımıza palçıqdan gəlməli deyildi. İki maşın daş gətirib tökdülər, bəs eləmədi. Özüm də sonradan bir maşın daş aldım”.

Vəkil Xankişiyev deyir ki, bunlar hamısı müvəqqəti tədbirlərdir. Yağış, qar yağır, daş torpağa qarışıb itir:

“Normal asfalt çəkilməlidir. Həm də təkcə mənim qapım deyil, bütün kəndin yolları, kəndə gələn yol problemlidir, bərbaddır. Bu işlər kəndlinin gücü çatacaq şeylər deyil. İstər işıq paylayıcısı almaq olsun, istərsə də yolları asfaltlamaq. Əvvəllər pul toplayıb yollara daş tökdürmüşük. Zamanla yenə həminki kimi olub. Deməli, daha böyük bir iş görmək lazımdır”.

Vəkil Xankişiyev daş karxanasında çalışır. Deyir, “daş daşımaqla məşğulam”. Hökumətdən də özü üçün heç nə istəmir:

“Tək istəyim bu kəndin işıq və yol probleminin həllidir. Şükür, əlim-ayağım yerindədir. İşləyir, ailəmi dolandırıram. Ancaq qazancım kəndin yollarının bərpasına, işıq probleminin həllinə yetməz, çatsa, onu da edərdim. Biz də ölkənin əksər kəndlərində olduğu kimi zəif işıqdan, palçıqdan, tozdan qurtulardıq”.

Meydan TV problemlə bağlı Cəlilabad Rayon İcra Hakimiyyətinə müraciət edib. İcra başçının müavini-sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Alıcı Dilavərov Çünzəli kəndindəki elektrik dirəklərinin köhnə olduğunu və buna görə tez-tez problem yaşandığını təsdiqləyib. Bildirib ki, nəinki Çünzəli kəndində, ümumiyyətlə, Cəlilabadın əksər kəndlərində eyni problem var:

“Kəndlərin böyük əksəriyyətindəki elektrik dirəkləri 60-70-ci illərdən qalıb və pis durumdadır. Nəticədə elektrik problemləri yaşanır. Biz bununla bağlı müraciətlər etmişik, „Azərişıq“ ASC-ni də məlumatlandırmışıq. Ümid edirik problem tezliklə həllini tapacaq”.

Çünzəli kəndinin yol probleminə gəlincə, Alıcı Dilavərov bildirib ki, o barədə də məlumatları var, yoluna qoymağa çalışırlar:

“Düzdür, kəndin yolları deməzdim çox bərbaddır. Ancaq təmirə ehtiyac olan hissələrdə tez-tez işlər görülür. Təbii bunlar hamısı bir gündə həll ediləcək məsələlər də deyil. Yavaş-yavaş hamısı yoluna düşəcək”.

Geri qayıt