Əsas Səhifə > Gündəm, Manşet > Eldar Mahmudovu həbsə aparan yolda KİLİD MƏQAM

Eldar Mahmudovu həbsə aparan yolda KİLİD MƏQAM


5-03-2022, 09:17
Eldar Mahmudovu həbsə aparan yolda KİLİD MƏQAM
2015-ci ilin oktyabrında Milli Təhlükəsizlik Nazirliyində (MTN) həyata keçirilən ildırım sürətli əməliyyatla qurum rəhbərliyinin, elə qurumun özünün də taleyi həll olundu. O zaman milli təhlükəsizlik naziri postunda olan Eldar Mahmudov vəzifəsindən çıxarıldı, general və polkovniklərdən ibarət mütəşəkkil cinayətkar quldur dəstəsi ifşa olundu. İstintaqın ilkin mərhələsində üzə çıxan cinayətlərin miqyası o qədər böyük və əhatəli idi ki, ölkə rəhbərliyi Milli Təhlükəsizlik Nazirliyinin bir qurum olaraq ləğvinə qərar verdi.

Bu, Eldar Mahmudovun rəhbərlik etdiyi ikinci dövlət qurumu idi ki, rüşvət və korrupsiya cinayətlərinə görə ləğv olunurdu. Artıq 7 ildir Eldar Mahmudov nazir deyil. Nazir olduğu zamanlarda başına topladığı mütəşəkkil cinayətkar quldur dəstənin üzvlərinin əksəriyyəti istintaqa cəlb edilərək məhkum edilib. Amma onun özü hələ də azadlıqdadır. Ötən zaman ərzində Eldar Mahmudovu 2 dəfə - 2017-ci ilin oktyabrında Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinə çağırıblar. Amma onun istintaqda statusu, konkret olaraq hansı epizod üzrə dindirilməsi dövlət sirri kimi gizli saxlanılıb, geniş ictimaiyyətə açıqlanmayıb. Bir neçə gün əvvəl Eldar Mahmudov növbəti dəfə ölüm xəbəri ilə gündəmə gələndən sonra bu məsələni bir daha Baş Prokurorluqdan aydınlaşdırmaq qərarına gəldik.

Verdiyimiz sorğuya cavabdan belə aydın olur ki, sabiq nazirə hər hansı bir ittiham elan edilməyib, o, 2017-ci ildə Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinə şahid qismində çağırılıbmış. Eldar Mahmudovun nazir olduğu dönəmdə onun şəxsi işverəni olmuş “Akula Akif” ləqəbli Akif Mustafayevin cinayət işi üzrə dindiriblərmiş. “Yeni Müsavat” əməkdaşının sorğusuna əsasən Baş Prokurorluğun Mətbuat Xidmətindən verilən cavabı təqdim edirik:

“İstintaq İdarəsində ləğv olunmuş MTN-in vəzifəli şəxsləri və axtarışda olan təqsirləndirilən şəxs Akif Mustafayev barəsində, habelə cinayət xarakterli digər xüsusatlar üzrə 06.08.2021-ci il tarixdə Cinayət Məcəlləsinin 179.3.2 - mənimsəmə və ya israf etmə, yəni təqsirkara etibar edilmiş özgə əmlakını talama, 182.3.2 -külli miqdarda əmlak əldə etmək məqsədi ilə hədə-qorxu ilə tələb etmə, yəni zərərçəkmiş şəxsin və ya onun yaxın qohumlarının şəxsiyyəti üzərində zor göstərmə, onların haqqında rüsvayedici məlumatlar yayma və ya onların əmlakını tələf etmə hədəsi ilə özgənin əmlakını və ya əmlaka olan hüququnu və ya əmlak xarakteri daşıyan digər hərəkətlər etməsini tələb etmə, 302.2 - gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitələrdən istifadə edilməklə, əməliyyat-axtarış fəaliyyətini həyata keçirmək səlahiyyətinə malik olmayan şəxslər tərəfindən belə tədbirlərin keçirilməsi, habelə əməliyyat-axtarış fəaliyyətini həyata keçirmək səlahiyyətinə malik olan şəxslər tərəfindən həmin tədbirlərin qanunvericiliklə müəyyən edilmiş əsaslar olmadan keçirilməsi şəxsin hüquq və qanunla qorunan mənafelərinin əhəmiyyətli pozulmasına səbəb olduqda, 311.3.4 - hədə-qorxu tətbiq olunmaqla rüşvət alma, yəni vəzifəli şəxsin xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar hər hansı hərəkətə (hərəkətsizliyə) görə, eləcə də xidmət üzrə ümumi himayədarlıq və ya laqeydlik müqabilində özü və yaxud üçüncü şəxslər üçün birbaşa və ya dolayı yolla, şəxsən və ya vasitəçidən istifadə etməklə maddi və sair neməti, imtiyazı və ya güzəşti istəməsi və ya alması, yaxud bu barədə təklif və ya vədi qəbul etməsi və digər maddələri ilə cinayət işi ayrılmış, hazırda ibtidai istintaqı davam etdirilir. Həmin iş üzrə Eldar Mahmudov şahid qismində dindirilib”.

1955-ci il təvəllüdlü Akif İsmayıl oğlu Mustafayev Eldar Mahmudovun ən sadiq adamlarından olub. Akif Mustafayev özünü iş adamı kimi tanıtsa da, əslində onun əsas vəzifəsi imkanlı iş adamları haqda MTN-dəki mütəşəkkil cinayətkar qruplaşmaya dosye toplayıb çatdırmaqdan ibarət olub. “Akula”nın sxeminə əsasən MTN həmin iş adamları barədə dosyeləri aldıqdan sonra onları izləyir və həbs edirdi. Bu zaman “Akula” MTN-dəki mütəşəkkil qruplaşmanın qarmağına düşmüş iş adamına öz xidmətlərini təklif edir və onlardan iri məbləğlərdə pulun alınıb Eldar Mahmudova çatdırılmasını, beləliklə, girovun “xilas edilməsini” həyata keçirirdi. Lakin proses bununla da yekunlaşmırdı. “Akula Akif” MTN-dən “xilas etdiyi” iş adamlarının biznesinə gələcəkdə bu kimi problemlərdən sığortalanmaq üçün “krışalıq” edirdi və onların biznesinə 25-30 faiz payla şərik olurdu.

2015-ci il oktyabrın 17-də MTN-də həyata keçirilən xüsusi əməliyyat tədbirindən 1 gün sonra Akif Mustafayev Azərbaycandan Belarus paytaxtına qaçıb, oradan isə Parisə uçub. İnterpolun rəsmi saytında göstərilir ki, Akif Mustafayev 2015-ci ildə Azərbaycanın prokurorluq orqanları tərəfindən axtarışa verilib. O zaman İnterpol və Avropa ölkələrinin hüquq-mühafizə orqanları “Akula Akif”in bank hesablarına və əmlakına həbs qoyub. 2015-ci il noyabrın 1-də hüquq-mühafizə orqanları əməkdaşları Akif Mustafayevin Bakıdakı evində axtarış aparıb. Onun evindən xeyli daş-qaş, qızıl-zinət əşyaları və külli miqdarda pul götürülərək müsadirə edilib.

Bu günə qədər “Akula Akif”in sorağı İspaniyadan, İtaliyadan və digər Avropa ölkələrindən gəlib. Hətta axtarışda ola-ola Bakıda, Səbayel Rayon Məhkəməsində iddiaçı qismində çıxış edib və qalib gəlib. 2019-cu ilin sentyabrında “Akula Akif”in “Mars-M” firmasına qarşı iddiasına baxılmışdı. O zaman məhkəmənin çıxardığı qərara əsasən “Yasmin” ticarət mərkəzinə görə “Akula Akif”ə 7 milyon dollar ödənməlidir.

Məhkəmədə belə bir qərarın çıxarılması mətbuatda geniş müzakirə olunmuşdu. Maraqlıdır ki, Akif Mustafayevi “İnterpol” xətti ilə axtarışa verən Azərbaycanın hüquq-mühafizə orqanları onun iddiasının məhkəməyə necə gəlib çıxmasını araşdırmamışdılar. Əgər araşdırılsaydı, Akif Mustafayevin adından iddianı məhkəməyə təqdim edən şəxsin kimliyi bilinərdi. Onun vasitəsi ilə də Akif Mustafayevin həbsi gerçəkləşə bilərdi. Mümkündür ki, bu məsələ araşdırılıb. Lakin nədənsə, “Akula Akif”ə aparan kələfin ucundan tutub sona qədər gedilməyib...

Onun adı demək olar ki, “MTN işi” üzrə keçirilən bütün proseslərdə hallanıb. Hazırda Bakı Hərbi Məhkəməsində hakim Elbəy Allahverdiyevin sədrliyi ilə keçirilən prosesdə də “Akula Akif” üzə çıxıb. Məlum oldu ki, “Akula Akif” məhkəmə qarşısına çıxarılan ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) istintaq idarəsinin rəisi olmuş Mövlam Şıxəliyev, MTN-nin şöbə rəisi vəzifəsində işləmiş Vüsal Ələkbərov, İbtidai istintaq idarəsinin rəis müavini olmuş Yasin Məmmədov və şöbə rəisinin müavini postunu tutmuş Sahib Ələkbərovla da əlbir olmaqla Azərbaycanda məşhur olan “İT Solutions” mağazalar şəbəkəsinin sahibi Anar Sadıx oğlu Heydərova qarşı cinayət törədiblər.

Anar Heydərov ifadəsində deyib ki, 2004-cü ilin sentyabrında “İT Solition” MMC-ni təsis edərək sahibkarlıq fəaliyyət ilə məşğul olmağa başlayıb. Şirkətin fəaliyyəti informasiya texnologiyaları, proqram təminatı, mühafizə sahələri ilə bağlı olub. 2010-cu ilin təxminən yanvar ayında dostu Aydın onu Bakı Əyləncə Mərkəzində Akif Mustafayevlə tanış edib. Sonuncu özünü sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun ən yaxın dostu kimi təqdim edib. Respublikada istənilən məsələni həll etməyə qadir olan şəxs kimi tanıdıb. Sonradan bir neçə dəfə onun işlədiyi ofisə gəlib müxtəlif məzmunda söhbətlər aparıb, hətta rəhbərlik etdiyi şirkətin 5 il ərzində MTN-in maddi texniki təminat şöbəsi ilə müqavilə bağlayaraq MTN-in inzibati binalarında yanğından mühafizə sisteminə xidmət göstərilməsi işlərini götürməsinə Akif kömək edib.

Arif Heydərovun qara günləri elə bundan sonra başlayıb. Məcbur olub Akif Mustafayevin “Azərbaycan Beynəlxalq Bank”ı ASC-dən 4 milyon manat kredit götürməsi təklifi ilə də razılaşıb:

- 5 iyul 2013-cü ildə Akif Mustafayevin təşkilatçılığı əsasında “Azərbaycan Beynəlxalq Bank”ının Sumqayıt filialı ilə 4 milyon manat kreditin götürülməsi barədə müqavilələrə imza etdi. Əslində isə həmin vaxt ayrı bankda kredit xəttim vardı. Buna görə də “Beynəlxalq Bank”dan əlavə kredit xəttinə heç bir ehtiyacım yox idi. 5 iyul 2013-cü ildə “Beynəlxalq Bank”dakı hesabıma 2 milyon 500 min manat pul mədaxil olundu. Həmin pul rəhbərlik etdiyim şirkət tərəfindən verilmiş bank çek kitabçası vasitəsilə İlqar Hüseynov tərəfindən Pribaltika ölkələrindən hansındasa yerləşən ofşor şirkət olan “City Port Contracts LP”nin hesabına köçürüldü. Daha sonra isə həmin ofşor şirkət tərəfindən 2 milyon 357 min manat (həmin pulun 0,3 faizi xidmət haqqı, 1 faiz isə ofşor şirkətdən pulun köçürülmə haqqı olub) “Texnika Bank” ASC-yə köçürüldü. 1 milyon 643 min manat pul rəhbərlik etdiyim şirkət tərəfindən götürülərək biznesin inkişafına xərcləndi. 2013-cü ildə dostu Aydın Cəfərovla birlikdə “VİP Həyat” MMC-ni təsis edərək kosmetoloji malların Azərbaycana idxalı və pərakəndə satışını həyata keçirmək barədə razılaşdıq. Lakin Akif Mustafayev bu razılaşmadan xəbər tutan kimi həmin şirkətə şərik olmağı tələb etdi. Hədə-qorxu gəldi deyə onunla razılaşmağa məcbur olduq və 50 faiz payı onun dayısı oğlu Orxan Alik oğlu Məcidovun adına təsisçi kimi rəsmiləşdirdik. 25 faiz Akif Mustafayevin bacısı oğlu Arif Novruz oğlu Şükürov təsisçi kimi rəsmiləşdirildi. 25 faiz isə Aydın Eldar oğlu Cəfərovun həyat yoldaşının adına rəsmiləşdirilib. Şirkətin biznes ideyası Aydına, invenstisiya qoyulan 700 min manat pul isə ona aid olub. Şirkət İzrailin “Deşeyl” şirkətinin istehsalı olan kosmetoloji malların ölkədə satışını həyata keçirib. 2014-cü ilin oktyabr ayında Akif Mustafayev onu 45 faiz ona, 45 faiz Akifə və 10 faiz Aydına məxsus olmaqla həmin şirkətin yeni Nizamnaməsini tərtib etməyə məcbur edib. 2015-ci ilin dekabr ayından həmin şirkət fəaliyyətini dayandırıb.

Hazırda məhkəmə qarşısında olan, Eldar Mahmudovun ən yaxın çevrəsinə daxil olan şəxslərdən Vüsal Ələkbərov artıq 2-ci dəfədir ki, Bakı Hərbi Məhkəməsində mühakimə olunur. 2017-ci ildə Bakı Hərbi Məhkəməsində hakim Siyavuş Hacıyevin sədrliyi ilə Vüsal Ələkbərovun cinayət işi araşdırılıb. Məhkəmə prosesi zamanı sabiq nazir Eldar Mahmudov və nazirliyin baş istintaq idarəsinin rəisi olmuş Mövlam Şıxəliyev barəsində xüsusi qərardad çıxarılıb və cinayət işinin başlanması üçün Baş Prokurorluğa təqdimat göndərib. 5 il əvvəl göndərilən xüsusi qərardadın Eldar Mahmudova aid hissəsindən hələ də xəbər yoxdur. Mövlam Şıxəliyev isə 2021-ci ilin aprelində həbs edilib. Vüsal Ələkbərova gəlincə isə o zaman məhkəmə barəsində ittihamedici hökm çıxarıb. 12 il müddətinə azadlıqdan məhrum edilən Vüsal Ələkbərov polkovnik rütbəsindən məhrum edilib, üzərinə həbs qoyulan əmlakının zərərçəkən Akif Qurbanova verilməsi qət edilib. Lakin cəmi 1 il sonra Ali Məhkəmə Vüsal Ələkbərovun cəzasını 12 ildən 5 ilə endirib, şərti hesab edib, əmlakı da zərərçəkən Akif Qurbanovdan alınaraq özünə qaytarılıb! Azadlığa çıxandan 2 il sonra ona qarşı daha bir ittiham irəli sürülüb. 2021-ci ilin sentyabrında sabiq rəis Mövlam Şıxəliyev və digərləri ilə birgə cinayət dosyesi növbəti dəfə Bakı Hərbi Məhkəməsinə göndərilib.

Maraqlıdır ki, bütün sadalananları ittiham aktı tərtib edib rəsmiləşdirən də, Eldar Mahmudovun ətrafına ittiham elan edib məhkəmə qarşısına çıxaran da, həmin ittihamı məhkəmədə müdafiə edən də Azərbaycan Baş Prokurorluğudur. Eldar Mahmudovun barəsindəki xüsusi qərardada qiymət verməyə tələsməyən də, şahid statusunu dəyişməyən də eyni hüquq mühafizə orqanıdır. Verilən son açıqlamadan da belə aydın olur ki, Akif Mustafayev Avropada tutulub əli qandallı Azərbaycana gətirilməyincə Eldar Mahmudov da azadlıqda qalacaq. Sabiq MTN şefinin kriminal kastasının odioz fiqurunun yaxalanaraq Azərbaycana təhvil verilməsi isə mümkünsüz görünür...
“Yeni Müsavat”

Geri qayıt