Əsas Səhifə > Gündəm, Ana xəbərlər > Yeniləşən ABŞ-Azərbaycan münasibətləri...

Yeniləşən ABŞ-Azərbaycan münasibətləri...


22-03-2022, 10:36
Yeniləşən ABŞ-Azərbaycan münasibətləri...
ABŞ lideri Co Bayden Novruz bayramı münasibətilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi təbrik edib. Təbrik zamanı bu il Birləşmiş Ştatlarla Azərbaycan arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyinin qeyd edildiyini vurğulayan Bayden “Administrasiyam Cənubi Qafqazda demokratiya, sülh və tərəqqini dəstəkləməyə davam edəcəkdir”,- deyib.

Baydenin Novruz bayramı münasibətilə prezident İlham Əliyevi və Azərbaycan xalqını təbrik etməsi mühüm hadisədir. Bu, ilk növbədə rəsmi Vaşinqtonun Bakıya verdiyi dəyərin göstəricisidir. Məsələ ondadır ki, hazırda dünyada 200-ə yaxın ölkə var və ABŞ heç də bütün ölkələrin rəsmi bayramlarında həmin ölkənin prezidentinə, xalqına təbrik göndərmir.

Ənənəvi anqlo-sakson diplomatiyasının spesifik cəhətlərindən biri olan bayram təbriki edən ölkənin təbrik ünvanlanan ölkəyə verdiyi qiymətin, dəyərin göstəricisidir.

Baydenin təbrik məktubunda bir sıra məqamlar diqqət çəkir:

Birincisi, məktubun Azərbaycan dili mətni ilə yanaşı ingilis dili mətnində də Novruz bayramı ifadəsi Azərbaycan dilində yazılıb. Bu, kiçik bir detal kimi görünsə də, bunu dünyanın supergücünün Azərbaycana jesti kimi qiymətləndirmək olar. Vaşinqton bununla bir daha göstərir ki, Bakı ilə əməkdaşlığa maraqlıdır və bu diplomatik yazışmalarda ən incə məqamda da özünü göstərir.

İkincisi, Bayden məktubunda bildirir ki, “Administrasiyam Cənubi Qafqazda demokratiya, sülh və tərəqqini dəstəkləməyə davam edəcəkdir. Biz, həmçinin ortaq təhlükəsizlik narahatlıqlarını həll etmək, regional barışığa təşviq etmək və iqtisadi əməkdaşlıq üçün yeni imkanları araşdırmaq məqsədilə Azərbaycanla birgə işləyəcəyik”.

Bayden regional sülhün təşviqi deyərkən ABŞ-ın həm də Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşması və sülh sazişinin imzalanmasına dəstəyindən bəhs edilir. Vaşinqton iki ölkə arasında sülhün əldə olunmasına töhfə verə bilər. Bu zaman belə bir sual yaranır ki, Vaşinqton 27 il ərzində nə üçün bunu etməyib?

Keçən 27 ildə geosiyasi vəziyyətin dəyişməsi və Bakının 44 günlük müharibədə əldə etidiyi taixi qələbə Vaşinqtonun Cənubi Qafqaza baxışını dəyişib. Yəni ABŞ 44 günlük müharibənin nəticələrini və yaranmış yeni geosiyasi reallığı qəbul edir.

Vaşinqtonu Bakı ilə əməkdaşlığa sövq edən səbəblər

Prezident Baydenin Azərbaycanın dövlət başçısı İlham Əliyevi təbrik etməsi bütün hallarda müsbət hadisədir, lakin iki ölkə arasında son illərdə münasibətlərin daha da yaxşılaşmasının başlıca səbəblər var.

Şübhəsiz ki, ABŞ maraqları olmadığı təqdirdə heç bir ölkə ilə münasibətləri göz görəcək səviyyətə inkişaf etdirməz. Hesab edirəm ki, bu, Azərbaycanla da belədir. Məsələ ondadır ki, Azərbaycanın 20 faiz torpağının 27 ildən artıq bir müddətdə erməni işğalına məruz qalmasına və bu illər ərzində Ermənistanla de-fakto müharibə şəraitində olmasına baxmayaraq regionda icra etdiyi meqa enerji layihələri Vaşinqtonun diqqətini çəkir. Xüsusilə TAP və TANAP kimi Avropanın enerji təminatı baxımından perspektiv vəd edən layihələrin ərsəyə gəlməsi Azərbaycan ilə ABŞ arasında enerji sahəsində əməkdaşlığı zəruri hala gətirir.

Bakının geosiyasi mövqeyi, digər neft və qaz ölkələri olan Mərkəzi Asiyaya yaxınlığı, ərəb ölkələri ilə isti münasibətləri, ən əsası, İsraillə strateji tərəfdaşlığı, Vaşinqtonun nəzərində Bakının önəmini də artırır.

Mövcud Ukrayna-Rusiya müharibəsində Azərbaycanın sərgilədiyi balans siyasəti, eyni zamanda rəsmi Kiyevə humanitar yardımların edilməsi də Azərbaycanı etibarlı tərəfdaş halına gətirir. Hesab edirəm ki, Vaşinqton Bakıya Avropanın enerji təminatında alternativ ölkə kimi baxır və bu istiqamətdə əməkdaşlığa önəm verir.

Bakının Vaşinqton qarşısındakı strateji hədəfləri

İki ölkə arasında münasibətlərin artan tempdə inkişafı Bakını Vaşinqton qarşısında bir sıra strateji hədəflər müəyyən etməyə sövq edir. İndiki məqamda ABŞ qarşısında bir sıra hədəflərimiz olmalıdır:

Birincisi, 1992-ci ildə erməni lobbisinin təşəbbüsü ilə ABŞ Konqresi tərəfindən "Azadlığa Dəstək" Aktına qəbul edilən və Azərbaycana Amerikanın birbaşa dövlət yardımını yasaqlayan 907-ci düzəliş hələ də qüvvədədir. Düzdür, 907-ci düzəlişə müvəqqəti moratorium qoyulsa da bu düzəlişin büsbütün ləğvi mənasına gəlmir. Rəsmi Bakı ilk növbədə bu düzəlişin ləğvi istiqamətində səyləri artırmalıdır.

İkincisi, qeyd etdiyim 907-ci düzəlişin ləğvi üçün ilk növbədə ABŞ-da lobbi və diaspor fəaliyyəti artırılmalı və bu, ilk növbədə dövlət xətti ilə həyata keçirilməlidir. Əgər ABŞ-da lobbi və diaspor fəaliyyətimizi inkişaf etdirə bilməsək nə Vaşinqtonla münasibətlərin inkişafı davamlı olacaq, nə də 907-ci düzəliş büsbütün ləğv ediləcək. Hər şeydən öncə Ermənistanın ABŞ-la münasibətlərinin təməli olan lobbi və diasporunun qarşısını almaq lazımdır.

Üçüncüsü, Azərbaycan öz imkanları ilə son illərdə regionda meqa enerji layihələr icra edir. Bu, ölkəmizi Avropaya alternativ enerji dayışıcısı ölkə halına gətirir. Lakin bununla belə görülən səylər Qərbin tələblərini tam ödəmir. Yəni Rusiya ilə müqayisədə Bakının Avropaya nəql etdiyi qaz və neft çox azdır. ABŞ-la bu istiqamətdə əməkdaşlıq genişləndirilə, həm lazımi texniki avadanlıqlar, həm də investisiya cəlb edilə bilər.

Dördüncü, ABŞ-la təkcə enerji sahəsində deyil, hazırda bir çox fərqli sahədə də əməkdaşlıq edilə bilər. Xüsusilə Qarabağın bərpası istiqamətində ABŞ şirkətlərini regiona cəlb etmək mümkündür. İxtisaslaşmış ABŞ şirkətlərinin Azərbaycanda, xüsusilə də Qarabağda fəaliyyəti regionda Ermənistanın təxribatlarının və ehtimal gərginlik səylərinin qarşısını ala bilər.

Turan RZAYEV

Geri qayıt