Əsas Səhifə > Gündəm, Manşet > Azərbaycan səhiyyəsi: Pul ver... uşağın cinsiyyətini deyim...
Azərbaycan səhiyyəsi: Pul ver... uşağın cinsiyyətini deyim...6-04-2022, 08:36 |
Haqqında bəhs etmək istədiyimiz Mehriban Abasquliyeva barəsində qısa məlumat verək. Abasquliyeva Mehriban 1963-cü ildə anadan olmuşdur. 1986-cı ildə Tibb Universitetinin “Müalicə-profilaktika” fakültəsini bitirmişdir. 1994-1998-ci illərdə Bakı şəhər1 saylı Qadın məsləhətxanasının baş həkimi, 1998-2000-ci illərdə Bakı şəhər 3 saylı ŞKX-da baş həkimin müavini vəzifəsində işləmişdir. 2000-ci il tarixindən hal hazıradək Bakı şəhər Sabunşu 2 saylı Doğum evinin baş həkimi vəzifəsində işləyir. Yeni Azərbaycan Partiyası Qadınlar Şurasının İdarə Heyətinin üzvü və 2007-ci ildən partiyanın rayon təşkilatının sədridir. Bu qadının adı o qədər neqativ hallarda, qalmaqallarda hallanır ki…. Hətta Mehriban Abasquliyevanın vəzifəsindən azad edilməsi və 2 Saylı Doğum Evinin baş həkimi vəzifəsinə Zamirə Qaralovanın (baş prokuror Zakir Qaralovun qohumu olduğu bildirilir) təyin edilməsi ilə də bağlı ölkə mətbuatı kifayət qədər yazıb. Amma sonradan hansısa sehrli əl Mehriban Abasquliyevanı yerində saxlaya bilib. Xəstəxana ilə bağlı onu qeyd edə bilərik ki, 2 nömrəli Doğum Evinin əsaslı təmiri ilə bağlı 2 il öncə dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə ilkin olaraq 2 milyon manat ayrılıb. Bu dövlət başçısının səhiyyə sisteminə olan diqqət və qayğısının daha bir bariz nümunəsidir. Bəs görəsən, Mehriban Abasquliyeva deyə bilərmi ki, bu 2 milyon hara xərclənib..? Adam iqtidar partiyasının rayon təşkilatının sədri olanda nə olar..? Təsəvvür edirsiniz, bu qədər şikayətlərdən sonra Səhiyyə Nazirliyindən yoxlamaya gələnlər Mehriban Abasquliyevanın kabinetindən kənara çıxmırlar, işlərini görüb gedirlər. Mehriban Abasquliyeva xəstəxanada qazandığı yüz minlərin hesabına özünə Sabunçuda böyük biznes şəbəkəsi yaradıb. Onun Sabunçu rayonu ərazisində pərdə, uşaq geyimləri, ofis ləvazimatları və məişət əşyaları satılan dükanları var. Baş həkim o qədər həddini aşıb ki, hətta özəl mətbəəsi də var. Belə ki, Mehriban Abasquliyeva pasiyentlərə verilən xəstəlik tarixçələrini öz mətbəəsində çap etdirir. Sonra xəstəlik tarixçələri cırılır. Əslində 2 nömrəli Doğum Evi dövlətin balansında olduğuna görə xəstəlik tarixçələrini Səhiyyə Nazirliyi verməlidir, amma Sabunçu rayon 2 nömrəli Doğum Evinin rəhbəri isə guya onları özü çap etdirir. Səhiyyə müəssisəsinin özünün mətbəəsi var, xəstəlik tarixçələrinin çapı üçün hər ay bütün işçilərdən 18-20 manat arası pul yığılır. Səhiyyə Nazirliyi 2 nömrəli Doğum Evinə mütəmadi olaraq sabun, yuyucu toz, karandaş, pozan və digər dəftərxana ləvazimatları göndərir. Ancaq bunların heç biri doğum evinin işləri üçün, yəni təyinatı üzrə istifadə olunmur, müxtəlif marketlərdə satılır. Yəni Mehriban Abasquliyeva dövlət xəstəxanasını öz şəxsi obyekti kimi işlədir. Belə ki, ana olmaq istəyən qadınlar birbaşa ya özləri, ya da yaxınları Mehriban xanımın qəbulunda olmalıdır. Danışıqlar müsbət nəticələnəcəyi təqdirdə xəstəyə təcili yardım göstərilir. Yəni alış-verişi baş həkim Mehriban Abasquliyeva özü edir. Təsəvvür edirsiniz, Ulu Öndərin şəxsi təşəbbüsü ilə ötən əsrin 90-cı illərində istifadəyə verilən Doğum evi bu gün sanki bazara çevrilib. 120 çarpayıdan ibarət olan xəstəxana ilə bağlı çox ciddi narazılıqlar var. Ölkə mediasında yayılan videolardan da açıq-aydın görünür ki, xəstələr bağlı qapı arxasında külli miqdarda rüşvət verməyə məcbur edilir. Kimin şübhəsi varsa, buyurub Mehriban Abasquliyeva ilə bağlı xırda bir axtarış apara bilər. Qadınların övladının cinsiyyətinin deyilməsi nazirlik tərəfindən qadağan edilməsinə baxmayaraq…. Mehriban Abasquliyeva Doğum evində qayda qoyub: Pul ver, uşağın cinsiyyətini deyim… Doğum evinin nəzdində qadın məsləhətxanası da fəaliyyət göstərir. Bura Mehriban Abasquliyevanın sanki bürosudur. Adi həkimin qəbuluna düşmək 30-40 manatdır. Sözün qısası, Mehriban Abasquliyeva Sabunçuda əməlli-başlı bazar açıb. Görəsən səhiyyə naziri cənab Teymur Musayev bu rüsvayçılığı görmür..? Yazıda müxtəlif saytların məlumatlarından istifadə edilmişdir. Yazıda adları keçən şəxslərin də mövqelərini dərc etməyə hazırıq. Ardı var. //gundelik-baku.com// Geri qayıt |