Əsas Səhifə > Gündəm, Manşet > Gəncədəki Abbas Səhhət adına Xəstəxananın “səhhətində” PROBLEMLƏR

Gəncədəki Abbas Səhhət adına Xəstəxananın “səhhətində” PROBLEMLƏR


24-05-2022, 14:00
Gəncədəki Abbas Səhhət adına Xəstəxananın “səhhətində” PROBLEMLƏR
Son bir neçə aydır ki, redaksiyamıza Gəncə şəhərinin səhiyyə müəssisələrində baş alıb gedən bir sıra ciddi problemlərlə bağlı, ələlxüsus səhiyyə ocaqlarında rüşvətxorluq hallarının çoxalması haqda silsilə məlumatlar daxil olmaqdadır.

Bəli, bu da həm şəhər sakinlərinin, həm də media mənsublarının daha çox narahatçılıqla qarşıladıqları halların varlığıdır. Haqlı narazılıqların “pik nöqtə”yə çatmasına baxmayaraq, Gəncə ŞİH-nin rəhbərliyi və şəhər Səhiyyə İdarəsinin “başbilicilər”i, bu gün də baş verənlərlə bağlı susmaqdadırlar. Qeyd edək ki, Abbas Səhhət adına 1 nömrəli Şəhər Xəstəxanası da dövlətimiz tərəfindən lazımi avadanlıqlarla, dərmanlarla və s. ilə təmin olunsa da, hal-hazırda qeyd olunan bu səhiyyə müəssisəsində sayı-hesabı bilinməyən sayda qanunsuzluqlar baş alıb gedir. Məsələn, elə ki, şəhər sakinlərindən bir kimsə sağlamlıq arayışı əldə etmək üçün bu Xəstəxanaya üz tutur, o halda həmin şəxs “möcüzəvi qaydalar”ın tətbiqi ilə üz-üzə qalır. Yəni, sağlamlıq arayışının alınması üçün hər kəs ilk əvvəl “TƏBİB”in nümayəndəsinə yaxınlaşmalı və bu yöndə məqsədini ona çatdırmalıdır. O halda sağlamlıq arayışı almaq istəyən şəxsə hansısa forma (nümunə) verirlər və həmin şəxsi şöbə müdiri vəzifəsini daşıyan Abuzər həkimin iş otağına göndərirlər. Əslində belə bir arayışı almaq istəyən şəxs təqribən altı iş otağında olmalı və bütün otaqlarda həmin şəxsin sağlamlıq durumunun göstəricisi müəyyən olunmalıdır. Bu belə olmalı olduğu halda, görəsən sağlamlıq arayışının alınması zamanı Abbas Səhhət adına 1 nömrəli Şəhər Xəstəxanasında nələr baş verir ki, bu səhiyyə müəssisəsinin adı dillər əzbəri olub? Redaksiyamıza çatdırılan məlumatlara görə, kim bu yöndə niyyətini teztələsik “çin etmək” istəyirsə, o halda hər otağa ən azından 5 manat “rüsum” ödəməli olur. Elə ki, şəxs Abuzər həkimin yanında olur, o halda o, “Elza, get bunları təsdiq etdir də gətir” deyə tapşırığını verir. Çox keçmir ki, şəxsin hər otağa ödədiyi “rüsum”un qarşılığında işləri qaydaya salınır, daha sonda isə, həmin şəxs “Bosfor boğazı”ndan, yəni Abuzər həkimin “bığının altından” keçməli olur və ən azından ona da 5 AZN “rüsum” ödəyir. Bu yöndə baş verənlər onu sübut edir ki, hal-hazırda Abbas Səhhət adına 1 nömrəli Şəhər Xəstəxanasında hər cür əyintilər, həddi-hüdudu bilinməyən qanunsuzluqlar və s. baş alıb getməkdədir. Bu da kollektiv üzvləri üçün, sanki adi hallardan biri hesab olunur. Deməli, bu cür ab-havanın varlığını aradan qaldırmağa görə, məhz “qara maskalılar”ın bu səhiyyə müəssisəsinə “baş çəkmələri”nə lazımi ehtiyac duyulur. Yoxsa, ...

Yazıda adı çəkilən hər kəsin mövqeyini dinləməyə hazırıq. Problemlərin varlığını diqqətdə saxlayıb, bir daha mövzuya qayıdacağıq.

araz.az

Geri qayıt