Əsas Səhifə > Gündəm, Manşet > Beyləqanda Təzəkənddə köhnə KORRUPSİYA...

Beyləqanda Təzəkənddə köhnə KORRUPSİYA...


24-05-2022, 16:22
Beyləqanda Təzəkənddə köhnə KORRUPSİYA...
Yerli özünüidarəetmə qurumlarında bələdiyyə-vətəndaş münasibətlərin düzgün qurulması, o cümlədən vətəndaş müraciətlərinə baxılmasına həssaslıqla yanaşılması, ictimai etimadın artırılması istiqamətində tədbirlər görülməsi, fəaliyyətdə hesabatlılıq və şəffaflığa əməl olunması kimi gəlişigözəl sözlərə indi bəlkə də yalnız Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzinin orqanı olan qəzet və saytda rast gəlmək olar. Bələdiyyələrlə bağlı gerçək vəziyyətin acınacaqlı olması isə uşaqdan-böyüyə hamıya məlumdur. Təəssüflər olsun ki, bu təsisat yarandığı vaxt ona bəslənilən ümidləri doğruiltmadı və yerli icra hakimiyyətlərinin “torpaqsatan” mexanizminə çevrildilər.
Beyləqan rayonunun Təzəkənd bələdiyyəsinin sədri Fərhad Ağayevin yarıtmaz fəaliyyəti barədə KİV-də, o cümlədən, RealMedia-az.life saytında əvvəllər də tənqidi yazılar gedib.
Aralarında şəhid ailələri, müharibə iştirakçıları, qazilər olan kənd sakinləri, kənd təsərrüfatı məhsulları istehsalçıları iddia ediblər ki, Fərhad Ağayevin üç il yarım əvvəl bələdiyyəyə əvvəlcə üzv, sonra da sədr seçilməsi saxtakarlıqlarla müşayiət olunmuş, onu bu vəzifəyə rayon icra hakimiyyətinin başçısı de-fakto təyin etmişdir. “Nolovoy karta” deyilən 90 hektar ərazini əhatə edən dəmyə torpaqlarının istifadəçiləri şikayətlənirdilər ki, sədr vəzifəsinin icrasına başlayandan heç kimlə məsləhətləşmədən təkbaşına qərarlar verməklə məşğul olan Fərhad Ağayev 2020-ci ildə imzaladığı 09 saylı protokolla bələdiyyənin mülkiyyətində olan torpaqlara görə vergini heç bir əsas olmadan 35 faiz, yəni, hər hektara görə əvvəlki 60 manatdan 80 manatadək artırıb. Bu da dolanışığı torpaqdan çıxan kənd sakinlərinin haqlı narazılığına səbəb olub.
Onlar həmçinin vergini artırmaqda pərgar olan bələdiyyə sədrini rəhbərlik etdiyi qurumun fəaliyyətində şəffaflığı təmin etməməkdə, bələdiyyə büdcəsinə yığılan vəsaitin necə və hansı istiqamətdə xərclənməsi barədə kənd sakinlərinə və ictimaiyyətə hesabat verməməkdə, abdlıq-quruculuq işləri görmək əvəzinə gününü restoranlarda eyş-işrətdə keçirməkdə qınayırdılar.
Yayılan məlumatlarda hətta qeyd olunurdu ki, el içində “Bələdiyyənin Kefli İsgəndəri” ayaması verilmiş Fərhad Ağayev təkcə spirtli içki aludəçisi kimi deyil, başqa zərərli vərdişlərin də düşkünü kimi tanınır: “Beynini bürüyən duman təkbaşına qəbul etdiyi qərarlara da öz mənfi təsirini göstərir, bələdiyyə büdcəsinə keçirilməli və səmərəli istifadə olunmalı pulları hara, necə xərclədiyini bilmir. Əvvəllər AXCP üzvü, qatı müxalifətçi kimi tanınan Fərhad Ağayevin siyasi orientasiyasının indi də şübhə doğurduğu bildirilir”.
Budur, redaksiyamıza Təzəkənd kənd bələdiyyəsinin sədrinin işdəycələri barədə həmkəndlilərinin növbəti məktubu daxil olub. Bildirilir ki, Fərhad Ağayevin sədrlik etməyə başladığı 2018 – ci ili son 3 ayında bələdiyyə tərəfindən 9880 manat, 2019-cu il ərzində 29080 manat, 2020-ci ildə 24500 manat, 2021-ci ildə 20300 manat, cari 2022-ci ilin ötən dövrü ərzində isə 4000 manata yaxın torpaq və əmlak vergisi toplanıb. Bu vəsaitdən yalnız 2018-ci ildə vur-tut 16 yük maşını çınqıl daşınmaqla kəndə yol çəkilib. 2020-ci ildə bələdiyyənin hesabına bir küçəyə 6 yük maşını, bir şəhid ailəsi yaşayan məhəllədaxili yola 2 yük maşını çınqıl daşınıb.
Bundan başqa, son üç ildə hər il Təzəkənd bələdiyyəsinə 2200 manat dövlət tərəfindən dotasiya, “Azercell” mobil operatoru ilə tərəfdaşlıq sazişi çərçivəsində ildə 1000 manat pul vəsaiti ayırılıb. Bütün bunların müqabilində sadaladığımız cüzi istisnalar olmaqla, bələdiyyə yerli əhəmiyyətli sosial məsələlərin həlli istiqamətində heç bir iş görməyib.
Həmçinin qeyd olunur ki, pandemiya və Vətən müharibəsi dövründə Təzəkənd bələdiyyəsinə başqa xeyriyyəçilər tərəfindən də verilən ianələr də Fərhad Ağayev və işbaz ortaqları tərəfindən şəffaf xərclənməyib, mənimsənilib.
Eyni zamanda, məlumata görə, F.Ağayev bələdiyyənin perspektiv inkişaf fondundan hər biri 12 sot olmaqla 11 həyətyanı torpaq sahəsini özünə götürüb, qohum – əqrəbasının adına sənədləşdirib.
Nəhayət, başqa bir məınbədən öyrənmişik ki, Fərhad Ağayevin qutudan qalib çıxarıldığı bələdiyyə seçkilərində Təzəkənd kənd sakinləri Cəfərova Sahibə Nəsib qızı və digərləri onların seçki hüququnu pozan hərəkətlərdən (hərəkətsizliklərdən) və qərarlardan Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasına şikayət etmiş, lakin Fərhadın tapdığı havadarların təzyiqi ilə Komissiyanın ekspert qrupu “şikayətin verilməsi qaydalarının tələb etdiyi 3 gün müddətinin ötürüldüyünü” əsas götürərək geri qaytarmışdır.
Göründüyü kimi, bütün bu sadalanan faktlar öz mahiyyətinə görə korrupsiya hüquqpozmalarıdır və məhz Baş Prokurorluq yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində araşdırılmalıdır.
//RealMedia-az.life//
Geri qayıt