Əsas Səhifə > Gündəm, Manşet > Naxçıvan MR DİN-də Prezident Fərmanına niyə əhəmiyyət verilmir?
Naxçıvan MR DİN-də Prezident Fərmanına niyə əhəmiyyət verilmir?26-05-2022, 08:28 |
Naxçıvanda Prezident İlham Əliyevin Sərəncam və Fərmanlarına məhəl qoyulmur. DİA.AZ xəbər verir ki, ovqat.com-a bu barədə şikayət Naxçıvan polis orqanlarından daxil olub. Bəs, polis əməkdaşlarının fikrincə, özlərini Prezidentdən üstün görən bu böyük şəxsiyyətlər kimlər olsalar yaxşıdır? Əlbəttə, ilk növbədə Naxçıvan Ali Məclisinin sədri Vasif Talıbov. Amma insafən Naxçıvanın indiyədək gəlib-keçmiş ən böyük "xan"ını hardasa başa düşmək olar. Necə olsa, o "xan"dır və Zəngəzur dəhlizi açılana qədər “gözünün müstəqillik qurdunu öldürür”. Dəhliz açılandan sonra beynəlxalq kommunikasiya əlaqələrinin taleyinin ona həvalə edilməsinin mümkün olmayacağını bilir və nə qədər fürsət var, Prezidentdən daha böyük şəxsiyyət kimi görünməyə çalışır. Odur ki, Vasif müəllimin gedərayaq nazına qatlanmaq olar. Dərd burasındadır ki, Naxçıvan Maliyyə naziri Rafael Əliyev də, Naxçıvan Daxili İşlər naziri Rəşad İsmayılov da, Naxçıvan Mühafizə Polisi Şöbəsinin rəisi Gündüz Qədimov da “xan” yerişi yeriyib, Prezidentin Sərəncamını lazımsız kağız parçası kimi görürlər. Bəs onların bu özündənmüştebehliyini hansı dəftərə yazaq? Sual oluna bilər: Muxtar Respublikanın adı çəkilən "şahəşah"larının yerə-göyə sığmayan bu ədabazlıqları özünü nədə büruzə verir? Gəlin, suala Naxçıvan MR DİN-dən aldığımız məlumatlara qısaca nəzər salaraq cavab axtaraq. “Bildiyiniz kimi, 2021-ci ilin sonlarında Naxçıvan MR DİN-də baş vermiş “konsert” zamanı Gündüz Qədimov adlı polis təqaüdçüsü, təqaüddən geri çağrılaraq Naxçıvan Mühafizə Polisi Şöbəsinə rəis təyin edildi. Gündüz Qədimovun geri çağrılması ona görə deyildi ki, o, tapılmaz tikədir. Onun təqaüddən geri çağrılmasının 2 səbəbi var idi: Rza Talıbov- Vüqar Abbasov klanının yaxın adamı idi və Naxçıvan Daxili İşlər naziri təyin edilmək ehtimalı var idi. Gündüz Qədimovun “uğurlu” keçmiş xidməti və sabiq nazir Əhməd Əhmədovun onunla hansı tərzdə dialoq aparması ilə bağlı Naxçıvan DİN-in şəxsi heyətinin kifayət qədər məlumatı var. Amma bugünkü söhbətimiz bunlarla bağlı deyil. Söhbətimizin əsas məğzi Naxçıvan Ali Məclisinin sədri Vasif Talıbov, Naxçıvan Maliyə naziri Rəfael Əliyev, Naxçıvan Daxili İşlər naziri Rəşad İsmayılov və Naxçıvan Mühafizə Polisi Şöbəsinin rəisi Gündüz Qədimov tərəfindən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Fərmanına məhəl qoyulmamasıdır”, - Naxçıvan Mühafizə Polisi Şöbəsindəki mənbəmiz əməkdaşımızla söhbətə belə başladı. Onun bildirdiyinə görə, 23.12.2021-ci ili tarixdə Prezident İlham Əliyev Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin xüsusi rütbəsi olan əməkdaşlarının aylıq pul təminatının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının 01.01.2022-ci il tarixindən etibarən 20 % miqdarında artırılması haqqında Fərman imzalamışdır: “Artıq Cənab Prezidentin fərmanının üzərindən 6 aya yaxın vaxt keçir. Buna baxmayaraq, həmin Fərman hələ də Naxçıvan Mühafizə Polisi Şöbəsinin əməkdaşlarına tətbiq edilmir. Cənab Prezidentin fərmanına məhəl qoyulmamasına səbəb nədir, hələ də bilinmir”. Həmsöhbətimiz xatırladıb ki, Azərbaycan Respublikası Konstitusiyasının 148-ci maddəsində Azərbaycan Respublikasının qanunvericilik sisteminə daxil olan aktlar bu cür sıralanır: “I. Qanunvericilik sistemi aşağıdakı normativ hüquqi aktlardan ibarətdir: 1) Konstitusiya 2) referendumla qəbul edilmiş aktlar; 3) qanunlar; 4) fərmanlar; 5) Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarları; 6) mərkəzi icra hakimiyyəti orqanlarının normativ aktları. Maddədən göründüyü kimi, Prezident fərmanı hüquqi qüvvəsinə görə 4-cü sırada öz əksini tapıb. Lakin Prezident Fərmanı, belə görünür ki, Naxçıvan MR-in məmur korpusunun yazılmamış qeyri-hüquqi aktları siyahıda göstərilməyib. Əslində Prezident Fərmanına Naxçıvan MR-də əhəmiyyət verilməməsi başa düşüləndir. Azərbaycanın ən yüksək hüquqi qüvvəyə malik aktının, yəni Konstitusiyanın tətbiq edilmədiyi bir məmləkətdə Prezident Fərmanına 6 aydır ki, əhəmiyyət verilməməsində qeyri-adi nə ola bilər”, - deyə mənbəmiz yaxın günlərdə bu polis şöbəsi barədə bizə daha maraqlı və xoruz banı eşitməmiş məlumatlar verəcəyini bildirdi. Biz səbrsizliklə mənbəmizin ötürəcəyi məlumatları gözləyir və bu kimi hallarla qarşılaşan MR sakinlərinin məşhur sözünü xatırlatmaqla yazımızı tamamlayırıq: “Çünki bura gülüm Naxçıvandır, ala qarğa bala çıxarmaz”. Geri qayıt |