Əsas Səhifə > Gündəm, Manşet > Maliyyə hesabatları saxta verilir deyə...

Maliyyə hesabatları saxta verilir deyə...


21-06-2022, 09:03
Maliyyə hesabatları saxta verilir deyə...
Bunlar da, çözülməz bəlası çox ölkə biznesinə illərdi vurulan və məlhəmi tapılmayan sağalmaz yaralardandır. Məhz buna görədir ki, Azərbaycanda şərikli biznes qurmaq üçün səhm qoymaq böyük risk tələb edir. Artıq uzun müddətdir ki, bu, ölkənin biznes mühitinin çox ağrılı problemi kimi açıq-aşkar özünü büruzə verir. Belə qalmaqalların ağrı-acıları, öz çıxışlarında dəfələrlə: "Ölkə biznesinə mane olanlar, birbaşa, dövlətimizə xəyanət edirlər!" -- deyən ölkə rəhbərinin biznes siyasətinin əleyhinə yönləndirməkdən çəkinməyən rəsmi qurumlardakı hegemon vəzifə sahiblərinin iş adamlarının fəaliyyətlərinə hərtərəfli müdaxilələrinin dəhşətindən betər olur. Elə, həm də bu səbəbdəndir ki, müstəqil dövlətimizin yüksək səviyyədə hərtərəfli inkişafı barədə rəsmi hesabatlarda belə, indiyədək, ictimaiyyətin gördüyü və şahidi olduğu kimi, durumu mühüm əhəmiyyət kəsb edən səviyyədə qeyd olunmayan azad biznesinin və sahibkarlığın rolu yüksək səviyyədə özünü göstərmir. Beləcə, olduqca acı təsirə malik bu həqiqətlər və reallıqlar məngənəsindən yaxasını qurtara bilməyən cəmiyyətimiz, ölkənin biznes mühitinin getdikcə yaxşılaşması əvəzinə, necə geri getməsinə şahidlik edir. Bütün bunlar isə, ölkə biznesində ən neqativ hal kimi, hədsiz narahatlıq və təəssüf hissləri doğurur. Bir sözlə, artıq çoxdandır ki, ictimaiyyət də bu xoşagəlməzliyi görür və belə gedişlə, hələ çox görəcəyi inkaredilməzdir. Çünki ölkə biznesi qarşısındakı süni maneə və əngəllərin tez bir zamanda aradan götürülməsini, iş adamlarının maksimum dərəcədə sərbəst, rahat şəraitdə işləmələrini, səhmdarların vəsait qoyub, yeni iş yerləri yaratmalarını nəzərdə tutan son vaxtların hökumət səviyyəsində qəbul edilmiş qanun və sərəncamlarının, verilmiş qərarların tələbələri belə, çox təəssüf ki, bu neqativ halların qarşısını ala bilmir.

Ölkə rəhbərinin çıxışlarındakı çoxsaylı ciddi xəbərdarlıqlara belə baxmayaraq, pul qoyub, özlərinə iş yerləri yaradanlar, indinin özündə də, maddi maraqlar uğrundakı intriqalar, səs-küylü qalmaqallar və çəkişmələrlə incidilərək, əzab-əziyyətlər çəkməyə düçar olurlar. Bu isə, sonda, onların iş üçün qoyduqları külli miqdarda maddi vəsaitlərinin havaya sovrulması anlamına gətirib çıxarır. Dəhşət ondadır ki, əvvəllər olduğu kimi, indinin özündə də, belə açıq qanunsuzluqlara rəvac verənlərin yüksək vəzifə sahibləri olduqları, ən ağrılı həqiqət olaraq, son nəticə kimi üzə çıxır. Ən dəhşətlisi odur ki, bu xoşagəlməzliklər, dövlət rəhbərinin əhalinin güzəranını yaxşılaşdırmaq, ölkədə sahibkarlığı daha da inkişaf etdirmək, yeni iş yerləri açmaq, cəmiyyətdə qarşılıqlı anlaşma və dialoq yaratmaq, vətəndaş məmnunluğunu hər sahədə təmin etmək üçün apardığı böyük işlər fonunda baş verir. Çox təəssüf ki, belə bir xoşagəlməz şəraitdə bir çox vəzifə sahibləri, hətta ədalət carçıları belə, dövlət və cəmiyyət mənafeyini deyil, şəxsi maraqlarını hər şeydən üstün tuturlar. Bütün bunlar isə, böyük səhmlər sahibi iş adamlarının uğursuz və acı talelərinə hədsiz acıyan ictimaiyyətin getdikcə artan narazılığının başlıca səbəbinə çevrilir.

Elə, araz.az-ın bu yazısında barəsində danışacağımız "MAGNA TRANS” MMC-nin həmtəsisçisi, Əfqanıstan Müharibəsi veteranı, Qarabağ Müharibəsi qazisi, III qrup müharibə əlili Ağasəf İslam oğlu İsmayılov da, taleyi uğursuz böyük səhm sahibi, payçı iş adamlarından biridir. Etibarlı mənbələrdən aldığımız məlumatlara görə, əlil müharibə iştirakçısı, yarım milyon dollara yaxın səhm qoyaraq, iş adamları Bürhan Əhməd oğlu Həmidovla və Namıq Gülosman oğlu Hacıyevlə şərikli, 2010-cu ildə, adını yuxarıda çəkdiyimiz "MAGNA TRANS”ı açıblar. Elə, o vaxtdan da, hüquqi ünvanı, eləcə də, ofis və avtobus parkının faktiki yerləşdiyi ünvanları paytaxt Bakının ayrı-ayrı ərazilərində yerləşən bu MMC, 79 ədəd müxtəlif markalı avtobuslarla, 113, 208, 209, 213 saylı şəhərdaxili, həmçinin iritutumlu reys avtobuslarıyla Bakı -- Lənkəran -- Bakı və Bakı -- Astara -- Bakı bölgələrarası marşrut xətləri ilə, gündəlik sərnişindaşıma həyata keçirməklə məşğul olub.

Çox keçməmiş MMC-nin işinin yüksək səviyyədə getməsi, bu biznes sahəsinin pul gətirən sahə olması, pula həris digər iki yaxın qohum -- yeznə-qayın həmtəsisçi səhmdar şərikləri olduqca qıcıqlandırır. Elə, o vaxtdan da, səhmdar əlil qazini bu işə nəzarətdən uzaqlaşdırmaq üçün, iyrənc planlar düşünürlər. Bu iyrənc planlarını da, "əlil müharibə qazisinə olan yalançı hörmət-sayğılarının pərdəsinə bürüyərək", işə sala bilirlər. Beləcə, həmtəsisçi və səhmdar olsa da, Ağasəf İsmayılov MMC xətti ilə həyata həyata keçirilən bütün işlərdən kənarlaşdırılır. Şəriklərinin onu aldadaraq, çoxdan onunla vidalaşmaq istəyində olmaları isə, ona, ölkəmizə təhlükəli bəla kimi ayaq açan olduqca qorxulu pandemiyanın cövlan etdiyi bir vaxtda tam məlum olur.

Qeyd edək ki, yuxarıda qeyd etdiyimiz iddialarla bağlı, "MAGNA TRANS”a yaxın etibarlı mənbə tərəfindən araz.az-a daxil olan və dəqiqliyinə zərrə qədər şübhəmiz qalmayan, həm də digər mənbələrin bizimlə söhbətlərində səsləndirib, doğruladıqları məlumatlar əlimizdə çox olduğundan, MMC-nin fəaliyyətindəki qanunsuzluqlar bizim üçün araşdırma mövzusuna çevrildi. Bu səbəbdən, deyilənləri tam aydınlaşdırmaq üçün, burada digər baş verənlərə də nəzər salmaq qərarına gəldik. Dərin jurnalist araşdırmalarımız da təsdiq etdi ki, doğrudan da:

-- "MAGNA TRANS”ı yaratmağın və bu MMC-nin fəaliyyətə başlamasının biavasitə təşkilatçısı Ağasəf İsmayılov olsa da, yuxarıda göstərdiyimiz səbəbdən və digər müəyyən subyektiv səbəblərdən, onun uzun müddət MMC-nin fəaliyyətinə nəzarət etmək imkanı olmayıb. Bundan başqa, aralarındakı əvvəlki xoş və səmimi münasibətə görə, şəriklərinə inam və etibarı da güclü olduğundan, yaradılmasının əsas təşəbbüsçüsü olan Ağasəf İsmayılovun, MMC-nin işinə nəzarət heç yadına da düşməyib. Di gəl ki, onun bu etibar, inam, səmimiyyət və xoş münasibətindən sui-istifadə edən şərikləri, aralarında olan şifahi razılaşmanın şərtlərini də kobud şəkildə pozaraq, onun "başına oyun açmaqdan" belə çəkinməyiblər. Digər təsisçi Bürhan Həmidov, MMC-nin bütün təsərrüffat işlərini öz bildiyi kimi aparıb və bütün işlərin qanunvericilikdə nəzərdə tutulmuş qaydada və MMC-nin Nizamnaməsinə uyğun təşkil etməyib. Lakin Ağasəf İsmayılova bu məlum olanda, bütün bunların qarşısını almaq üçün, artıq, yaxşı nəsə etmək gec olub. Çünki onda Bürhan Həmidov Ağasəf İsmayılovun ona olan etibarından və onun MMC-nin fəaliyyətinə nəzarət edə bilməmək imkanından sui-istifadə etməklə, eyni paya malik olduqları, dəyəri milyonlarla manat məbləğlə qiymətləmdirilən MMC əmlaklarını satmış olub. Hətta "MAGNA TRANS”a aid marşrutlardan birini, avtobusları qarışıq satmış və digər qanunazidd üsüllarla, marşrut avtobuslarını aradan çıxararaq, daha doğrusu, özgəninkiləşdirərək, qanunsuz yolla əldə etmiş olduğu xüsusilə külli məbləğdə pul vəsaitini, həmçinin son illər ərzində sərnişindaşımadan nəğd yolla gündəlik yığılan külli miqdarda pulu qanunla tələb olunan rəsmi hesabatlardan gizləyərək, banka mədaxil etmədən talayaraq, mənimsəmiş olub. Hal-hazırda da, o, digər qohum şəriki ilə bərabər, bu qanunazidd əməllərini davam etdirir. Onların bu qanunsuz işlərdə ən yaxın köməkçiləri isə, Bürhan Həmidovun özünün ətrafında yaratdığı və günü bu günədək başçılıq etdiyi mütəşəkkil talançı dəstənin üzvləridir. MMC-nin pul vəsaitinə nəzarətə heç bir aidiyyatı olmayan bu mütəşəkkil dəstə tərəfindən, elə, bu qanunazidd bəd əməllər hər gün törədilməklə də, davam etdirilir.

Ümumiyyətlə, Bürhan Həmidovun özünün təşkil etdiyi, Mirzahid Ağayev,Taleh İmanov, Namiq Hacıyev, Ramil Xəlilov, Rüfət, Anar, Cavid, Səməd və İsmayıl adlı qoluzorlu şəxslərdən ibarət bu mütəşəkkil dəstə uzun müddətdir və bu gün də davam etdirməklə, Bakı şəhərində 113, 208, 209, 213 saylı şəhərdaxili marşrut xətlərində xidmət göstərən avtobusları qanunsuz yolla öz nəzarətlərinə götürüblər. Onlar tərəfindən, sərnişin daşımadan nəğd yolla yığılan məbləğ Cavid, Səməd və İsmayıl adlı şəxslər tərəfindən sürücülərdən toplanılaraq, Anar Məmmədova təhvil verilir. O isə, öz növbəsində həmin pulları Bürhan Həmidova çatdırır. Sonda isə, bu talançı mütəşəkkil dəstənin hər bir üzvü özünün göstərdiyi "xidməti” müqabilində haqqını alır. Onu da deyək ki, göstərilən şəxslərin hər hansı birinin MMC-də daşıdığı nə heç bir vəzifəsi, nə də onunla bağlanan Əmək Müqaviləsinə görə, hansısa adi bir işi də yoxdur;

-- Bürhan Həmidov, MMC-də onunla eyni miqdarda pay sahibi olan Ağasəf İsmayılovun da təsisçilərindən biri olduğu "MAGNA TRANS” MMC-nin fəaliyyətini qanunsuz yolla tam ələ keçirərək, öz nəzarətlində saxlamaqla, xüsusilə külli miqdarda pul vəsaitini xeyli müddətdir ki, qanunsuz yolla mənimsəyərək, açıq-aşkar talamaqla məşğuldur. Bürhan Həmidovun yaradıb, elə özünün də başçılıq etdiyi mütəşəkkil dəstənin qanunazidd əməllərinin nəticəsində isə, sahibkar Ağasəf İsmayılova olduqca təsirli maddi və mənəvi ziyan vurulur. Bununla bərabər, külli miqdarda məbləğ -- müvafiq hesabatlardan gizlədilən pul vəsaiti büdcəyə ödənilmir. Bu isə, yenicə müharibədən çıxmış dövlətin iqtisadiyyatına əhəmiyyətli zərbə kimi qiymətləndirilməlidir. Bir sözlə, bu mütəşəkkil dəstənin, belə qanunazidd əməllərini bu gün də davam etdirməsi olduqca təhlükəlidir;

-- Məsələ bundadır ki, bərabər paylarda şərik olduqları "MAGNA TRANS” MMC-nin Ağasəf İsmayılovdan başqa digər iki təmsilçiləri Bürhan Həmidovla Namıq Hacıyev yaxın qohum, yeznə-qayındırlar. Məhz buna görədir ki, hər bir işə rəhbərliyi --böyüklüyü, faktiki olaraq, Bürhan Həmidov edir. Bundan başqa, MMC-nin qanuni təmsilçisi -- direktoru kimi işə götürülən Mirzahid Ağayev də, Bürhan Həmidovun təyin etdiyi şəxsdir və onun da fəaliyyəti tam formal xarakter daşıyır. Faktiki olaraq, bütün işlərdə yenə söz sahibi olan, göstərişi verən məhz Bürhan Həmidovdur. Hal-hazırda "MAGNA TRANS” MMC-yə məxsus avtobuslar, fərqlənmə nişanı əsasında, 113, 208, 209 və 213 saylı Bakı şəhərdaxili marşrut xətləri üzrə hər gün sərnişin daşıyırlar. Xidmətə görə hesablaşma isə, avtobuslarda sürücülər tərəfindən aparılaraq, nəğd pulla yığılır və demək olar ki, köklü şəkildə müvafiq hesabatlardan gizlədilərək, talan edilir, yəni banka mədaxil edilmədən mənimsənilir;

-- Ağasəf İsmayılov həmtəsisçi, böyük məbləğdə qoyulan səhm və götürüləcək pay sahibi kimi, bu qanunazidd əməlləri araşdırmaq məqsədi ilə, MMC-nin direktoru Mirzahid Ağayevdən izahat tələb etdikdə, o, bu barədə məlumatı olmadığını deyərək, hər bir məsələnin Bürhan Həmidov tərəfindən həll edildiyini bildirir. Ortada olan külli miqdarda yeyinti faktlarına görə, Ağasəf İsmayılovun olduqca ciddi şəkildə etdiyi xəbərdarlıqlardan qorxuya düşdüyü üçün, hər dəfə, işdən çıxmaq barədə ərizə yazdığını da deyir.

Bəli, təsisçi-sahibkar Ağasəf İsmayılov tərəfindən ən sadə şəkildə olan və ən yumşaq tərzdə səslənən, yəni: "Ayağında olan mal-mülkü təhvil ver!..” --tələbinə isə, "daş atıb, başını tutan” direktor Mirzahid Ağayev belə cavab verir ki, burada törədilən heç nədən xəbəri yoxdur. Hətta, o, işdən azad olunması üçün yazdığı ərizəsində onu da göstərir ki, bu vəzifə başında 10 il olması formal xarakter daşıyıb həmişə. Guya, elə buna görə də, o, bu iş müqabilində, indiyədək, 1 manat da olsa maaş almayıb;

Ümumiyyətlə, indiyədək, Bürhan Həmidov Ağasəf İsmayılovla heç bir danışığa gəlmək istəməyib. Fakitiki olaraq, o, indiyə kimi edilən bütün görüş təkliflərini qəbul etməyib və hər vəchlə bundan yayınıb. Bütün bunlar azmış kimi, telefon zənglərinə belə cavab verməyib, sözün əsl mənasında, qaçaraq, gizlənib. Ağasəf İsmayılov isə, şərikləri Bürhan Həmidovla və Namıq Hacıyevlə xoş münasibətlərə heç vaxt son qoymaq istəməyib. Lakin məcburiyyətdən aidiyyatı qurumlara, hüquq-mühafizə orqanlarına müraciət etməli olub. Di gəl ki, həm digər şəriklərinin özləri ilə bağlı, həm də ətrafında baş verən qalmaqallardan sonra iflasa doğru gedən biznesini qurtarmaq üçün yollar arayan sahibkar, indiyədək heç nəyə nail ola bilməyib.

Külli miqdarda pulunu xərcləyərək, özünə iş quran bu Qarabağ müharibəsi qazisi, "başına oyun açıb, olmazın müsibət gətirənlərlə", bu yolla da bacarmır. Bunun nəticəsidir ki, günahkarlar, xeyli müddətdir onun biznesinə daha ciddi formada tənəzzül dövrü yaşadırlar. Hərtərəfli ziyana düsən iş adamı isə, nə edəcəyini bilmir. Çünki başına gətirilənlərlə bağlı və hərtərəfli kömək üçün aidiyyatı dövlət qurumları rəhbərlərinin adlarına yazdığı şikayətlərin indiyədək heç bir xeyrini görməyib. Bir sözlə, o da, bir müddətdir ki, böyük təhlükə məngənəsindədir və bu çətinlikdən necə çıxacağına ümidi qalmayıb. Çünki əsas günahkarlardan başqa, haqq-ədalət müdafiəçisi olan dövlət qurumlarındakı yüksək səlahiyyət sahibləri belə, onun özü ilə bərabər, yaratdığı iş yerinin də başlarına oyunlar açmaqdan, zərrə qədər də olsa çəkinmək istəməyən şəriklərinə ruh verməkdən çəkinmirlər. Bir sözlə, bu biznes şərikləri arasında xeyli müddətdir başlayan qalmaqalın getdikcə daha da qızışmasında da, hegemonçu kimi tanınan yüksək səlahiyyət sahiblərinin barmaq izləri var;

-- Xeyli müddətdir özbaşınalıqla məşğul olan, özgəsinin əmlakını talayıb oğurlayan, sənədləri saxtalaşdırmaqla və qanuni hesabatlardan gizlətməklə, xüsusilə külli miqdarda pul vəsaitini mənimsəyən qohum şəriklər, pula hədsiz hərisliklərini və qanunlarımızın tələbələri çərçivəsinə sığmayan bəd əməl sahibləri olduqlarını, əvvəllər çox yaxınlıq etdikləri digər şəriklərinə qarşı qorxub-çəkinmədən, dəfələrlə, dəhşətləri əvvəllər etdiklərindən də betər iyrəncliklər törətməklə sübut ediblər.
Yeri gəlmişkən, onu da qeyd edək ki, Burhan Həmidovun qanunsuz hərəkətlər etməsinə rəvac verən başlıca amil, onun, ölkənin sabiq Baş prokuroru Zahid Qaralova yaxın olması ilə bağlı olub həmişə. Hətta sahibi kimi sabiq Baş prokurorun adı çəkilən və bu vəzifəsindən azad edildikdən sonra isə, Zakir Qaralovun rəhbərliyinə qayıdaraq, şəxsən idarəetməsini həyata keçirməyə və əvvəlki nüfuzunu özünə qaytarmaq üçün hərəkətə keçməyə başladığı deyilən o vaxtların nüfuzlu "Akkord" şirkətinin də, uzun zaman rəhbəri vəzifəsində olub. Bürhan Həmidov bu vəzifəsindən azad edildikdən sonra isə, bizneslə məşğul olmağa qərar verib. Elə, bu yaxınlıq və bu vəzifə başında olması faktlarına, ələlxüsus Zakir Qaralovun keçmiş statusuna və hazırkı əlaqələrinə güvənərək, şəriki Ağasəf İsmayılovu məhkəməyə verəcəyi, hətta aralarında olan və rəsmi şəkildə təsdiqini tapan müqavilə və digər çoxsaylı rəsmi sənədləri belə ləğv etdirəcəyi, hətta bu vaxta qədər ona ödənilən məbləği geri tələb edəcəyi hədə-qorxusuyla, onu dəfələrlə təhdid də edib...

..."MAGNA TRANS” MMC-nin fəaliyyəti və həmtəsisçiləri olan iki yaxın qohumun bəd əməlləri barədə, etibarlı mənbələr tərəfindən araz.az-ın redaksiyasına ötürülən çoxsaylı məlumatların, bunlar əsasında apardığımız dərin jurnalist araşdırmalarının son nəticələrinin qısa xülasəsini burada saxlayıb, dəyərli oxucularımızın diqqətinə onu da çatdırırıq ki, dövlət iqtisadiyyatının mühüm sahələrindən biri olan nəqliyyat vasitələri ilə sərnişindaşıma üzrə yaradılan bu biznes qurumunun fəaliyyətinin qanuni məcraya qaytarılması üçün, aidiyyatı yuxarı dövlət qurumları tərəfindən ciddi tədbirlərin görülməsi zəruridir. Çünki bu barədə yuxarıda qısa xülasələrini verdiyimiz bəzi məlumatlar kimi, araz.az-a ötürülən digər çoxsaylı məlumatlar da, dəhşət doğuran faktlarla doludur. Konkret desək, bu çoxsaylı məlumatların hansısa birində, bu MMC-nin digər iki həmtəsisçisinin hansısa birinin, hansısa yaxşı bir əməlindən söhbət getmir.

Yuxarıda qeyd olunan səbəblərdəndir ki, bu MMC ətrafında, həmtəsisçiləri olan və adlarını öncədən çəkdiyimiz şərikləri arasında baş verənləri, bir mətbu vasitə olaraq, öz növbəmizdə, sonuna qədər diqqətdə saxlayacaq, dəyərli oxucularımız qarışıq, ölkə ictimaiyyətinin də diqqətinə çatdıracağıq. Bir sözlə, burada baş verən bu ciddi məsələ ilə daha ətraflı tanış olmaq üçün, araz.az-ın növbəti yazılarını izləyin.

Sonda onu qeyd edirik ki, bu yazıda adı keçən hər kəsin mövqeyini dərc etməyə də hazırıq.

Mənbə: Araz.az

Geri qayıt