Əsas Səhifə > Gündəm, Manşet > AZAL-ın TƏZƏ HOQQASI: İndi də bileti qəhətə çıxarırlar...

AZAL-ın TƏZƏ HOQQASI: İndi də bileti qəhətə çıxarırlar...


8-07-2022, 09:29
AZAL-ın TƏZƏ HOQQASI: İndi də bileti qəhətə çıxarırlar...
Azərbaycanın aviasiya bazarında rəqibi olmayan AZAL-ın qiymətləri bahalaşdırmasının ardınca indi də təyyarə biletləri yoxa çıxıb. Bu barədə sosial şəbəkələrdə narazılıq başlayıb. İddialara görə “Buta Airways”in rəsmi səhifəsində əsasən Türkiyə və Rusiya istiqamətinə avqust, sentyabr və oktyabr ayları üçün biletlər tapılmır. Sosial şəbəkə istifadəçilərinin sözlərinə görə biletlər sözügedən şirkətdən bir qədər ucuz qiymətə “qara bazar” da satılır. Daha doğrusu özəl şirkətlərin əlindədir.

Hansı ki, kütləvi olaraq “Buta Airways”dən bilet alıb istədikləri kimi xidmət göstərməklə pul qazanırlar.

Sözügedən iddiaların arxasınca düşüb “Buta Airways”in rəsmi səhifəsində müxtəlif istiqamətlərə təklif olunan təyyarə biletlərinin olub-olmadığını yoxladıq.

Müşahidələrdən məlum oldu ki, təxminən ay ərzində bir istiqamətə 10-dan çox olmayan bilet var.

Məsələn, Bakıdan Rusiyanın Kazan şəhərinə avqust ayı üçün 2-3 bilet tapmaq mümkündür. Türkiyənin İzmir və İstanbul şəhərlərinə də bilet tapmaq bir qədər çətindir. Gediş üçün bilet tapılsa da, dönüş üçün ya tapılmır, ya da vaxt həddindən artıq uzanır. Əvvəlki müddətlərlə müqayisədə hazırda bilet tapılmasında ciddi problemlər var.

DİA.AZ xəbər verir ki, məsələ ilə bağlı “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) mətbuat katibi Paşa Kəsəmənski Bizim.Media-ya açıqlamasında biletlərin özəl şirkətlər tərəfindən kütləvi əldə olunması iddiası ilə razılaşmayıb.

Bildirib ki, bu, texniki cəhətdən mümkün deyil:

“Ümumiyyətlə nə AZAL-da, nə də “Buta Airways” də belə bir hal yoxdur. Kiminsə biletləri özünə alıb sonra da yavaş-yavaş satması texniki cəhətdən mümkün deyil. Özəl şirkətlər sadəcə biletləri reklam edirlər, ehtiyac yarananda isə alıb satırlar. Biletlərin yoxa çıxması iddiası düzgün deyil. Yaya tələbat çoxdursa, demək ki, ay ərzində bütün biletlər satılıb”, - deyə Paşa Kəsəmənski əlavə edib.

Qeyd edək ki, Ermənistandan İstanbula aviabiletin qiyməti 86 manat, Azərbaycandan həmin istiqamətə aviareysin qiyməti isə 400 manatdan başlayır. Son vaxtlar bu qiymətə təklif olunan biletlər tapılmır.

Geri qayıt