Əsas Səhifə > Gündəm, Manşet > Gəncə icra hakimiyyəti 2 ilə həll etmədiyi problemi İNDİ HƏLL EDƏCƏK?

Gəncə icra hakimiyyəti 2 ilə həll etmədiyi problemi İNDİ HƏLL EDƏCƏK?


17-08-2022, 09:26
Gəncə icra hakimiyyəti 2 ilə həll etmədiyi problemi İNDİ HƏLL EDƏCƏK?
Vətən müharibəsi günlərində Ermənistanın Gəncəyə atdığı raket zərbəsi nəticəsində evi qəza şəraitinə düşmüş şəhər sakini yenidən “Yeni Müsavat”a müraciət edib.

DİA.AZ Gəncə şəhəri, DOS 6, mənzil 55-də yaşayan, əslən ukraynalı olan Natella Rəhimovanın dediklərini təqdim edir:

“2020-ci ilin 11 oktyabr tarixində Ermənistanın yaşadığımız ərazinin yaxınlığına raket atması nəticəsində evimizə ciddi ziyan dəymişdi. Evimizin pəncərələri tamamilə qırılıb, otaqlarda təhlükəli çatlar əmələ gəlmişdi. Ötən ilin dekabrında şəhər icra hakimiyyəti, FHN və şirkətdən əməkdaşlar gələrək, evimizə baxış keçirdilər və bildirdilər ki, mənzildə yaşamaq çox təhlükəlidir, ev təcili sökülməlidir. Beləliklə, evi söküb, yenidən tikməyə başladılar. Ailəmiz isə bu müddət ərzində müvəqqəti olaraq başqa yerdə yaşamağa başladı.

Lakin bizə indiyədək kirayə haqqı ödənilməyib. Dəfələrlə icra hakimiyyətinə bu barədə müraciət etmişik, lakin bir nəticəsi olmayıb. Qurumdan bizə verilən cavab bu oldu ki “bu günə qədər necə yaşamışdınızsa, birtəhər də eviniz tikilənə qədər davam edin”. Halbuki qanuna əsasən ailəmizə həm kirayə, həm də əşyalarımıza dəymiş ziyana görə kompensasiya ödənilməli idi. İki övladım var, heç bir yerdə işləmirəm. Xəstə anam və 1-ci qrup əlil olan atamla birgə yaşayırıq. Bildirim ki, atam Rəhimov Tofiq Birinci Qarabağ müharibəsi iştirakçısıdır. Aldığı müavinət onun müalicəsi üçün yetərli deyil. Aidiyyəti qurumlardan xahiş edirəm ki, ailəmizə ödənilməli olan kompensasiya ilə bağlı köməklik göstərsinlər".

Məsələ ilə bağlı Gəncə Şəhər İcra Hakimiyyətinin mövqeyini öyrənməyə çalışdıq. Qurumun mətbuat xidmətinin əməkdaşı Gülnar Rzayeva sorğumuza cavab olaraq bildirdi ki, artıq sakinlə əlaqə saxlanılıb, problem tezliklə həll olunacaq: “Gəncə şəhər sakini Natella Rəhimova ilə əlaqə saxlanılıb və ona kirayə haqqının ödənilməsi üçün müvafiq sənədlərin təqdim edilməsi tövsiyə olunub. Vətəndaş tərəfindən müvafiq sənədlər təqdim edildikdən sonra evinin inşası başa çatanadək Gəncə Şəhər İcra Hakimiyyəti tərəfindən kirayə haqqının ödənilməsi təmin ediləcək”.

Geri qayıt