Əsas Səhifə > Gündəm, Manşet > Xətainin ARIN-ARXAYIN BAŞÇISI...
Xətainin ARIN-ARXAYIN BAŞÇISI...29-08-2022, 11:03 |
Nə sakinlərin narazılıqlarına, nə də mediada haqqında bəhs edilənlərə məhəl qoymayan "arxayın" rəhbərliklərdən biri də Xətai rayon İcra Hakimiyyətidir. Mediada "yaşıllıq qənimi" kimi tanınan rayon rəhbəri Rafiq Quliyevin başı "ən gəlirli sahə"lərdən biri olan ağac kəsiminə qarışdığından, rayonunun təmizliyinə nəzər salmağı tamamilə "unudub" deyəsən. Odur ki, nəinki köhnə küçələr, hətta yeni asfaltlanmış küçələr belə zir-zibil, kol-kos içindədir. "Asfaltlanmış" demişkən, bir neçə ay əvvəl əməkdaşlarımızın Facebook hesabında "8 noyabr" (keçmiş Nobel) prospektində, 59 saylı tam orta məktəbin ətrafındakı bəzi küçələrin bərbad vəziyyətini izləyicilərimiz yəqin görmüş olarlar. Hansı ki, həmin küçələr "çala -çuxur" olmaqdan əlavə natəmiz görüntüləri və günlərlə qurumayan qrunt suları ilə də diqqət çəkirdi. Sonra, həmin küçələrə asfalt döşəndi. Sözügedən küçədə asfalt döşənərkən, kanalizasiya quyularının qapaqlarının üzəri də örtüldü. Aradan bir neçə gün keçdikdən sonra, yenidən qapaqların üzərinə döşənmiş asfalt qazıldı və qapaqlar üzə çıxarıldı. Əvəzində yeni döşənmiş asfalt örtüyü bərbad görünüş aldı. Bu da həmin küçənin hazırkı görüntüləri. Hələ Hacıbala Abutalıbovun mer olduğu zamanlar milli "KVN"çilərimizin bir tamaşası var idi. Deyir, "Hacıbala müəllim, axı "luk"lar asfaltın altında qalacaq". Hacıbala müəllim cavab verir ki, "Eybi yox, indi yolu çəkək, sonra biz onları qazıb çıxararıq, sonra yenidən asfalt çəkərik." Görünür, mer dəyişsə də, Bakı üçün tətbiq etdiyi "qaydalar" hələ də dəyişməyib. Hələ, siz bir də "8 noyabr" (keçmiş Nobel) prospektinin sağında-solunda açıq qalmış bir neçə kanalizasiya quyularına baxın. Bundan əlavə, prospekti boyunca avtobus dayanacaqlarında zibil qablarına rast gələ bilməzsiniz. Əlqərəz... Hər kəsə məlumdur ki, İcra başçısı olmazdan əvvəl bir neçə müxtəlif dövlət idarələrində, müxtəlif vəzifələrdə çalışan Rafiq Quliyevin bundan əvvəlki son iş yerinin Xətai rayon İcra başçısının müavini, sonra birinci müavini olub. Elə o zamanlar da, indi də Xətai rayonunun müxtəlif ərazilərində yaşıllıq zolaqları yavaş -yavaş məhv edilir, yerində biznes məqsədli iaşə obyektləri tikilir. Təbii, bütün bunlar da yalnız Xətai rayon İcra Hakimiyyətinin və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin "xeyir -dua"sı ilə baş tutur. İndi də növbəti "gözaltı" edilən ərazi Xətai rayon İzzət Orucova küçəsində, "Salam-Aleykum" restoranının arxasındakı bir neçə sotluq ərazidir. Xətai rayon sakinləri yaxşı xatırlayır ki, həmin ərazi sıx zeytunluq idi. Birdən -birə hansısa "naməlum qüvvələrin" təsiri ilə zeytun ağacları kütləvi şəkildə qurumağa başladı. Quruyan ağacların çoxu kəsilib ərazidən daşındı. Amma, bir qismi hələ də həmin ərazidə qalır. Bundan əlavə hasarın yanında az sayda qalmış ağaclar da günü-gündən quruyur. Yeri gəlmişkən, bir neçə ay əvvəl "DogruXeber.az" informasiya portalında və "Kanal14' YouTube kanalımızda həmin ərazidə lentə aldığımız görüntüləri diqqətinizə çatdırmışdıq və bildirmişdik ki, "Ekologiya və Təbii Sərvətlər Nazirliyinin ərazi üzrə müfəttişi bizə həmin torpaq sahəsi bir zamanlar Viktor Yuşşenko Azərbaycana gəldiyində, ölkə başçısı tərəfindən Ukrayna səfirliyinə hədiyyə edilib.". Əvvəla, hələ orda heç bir səfirliyin binası yoxdur. Heç tikintisinə belə başlanılmayıb. Heç ümumiyyətlə müfəttişin bu cavabının doğru olub-olmadığı belə məlum deyil. Lakin, ortada real görüntü var - Ağaclar kütləvi şəkildə qurudu, bəziləri elə yerindəcə yanmış vəziyyətdə qalır, bəziləri kəsilib aşırılıb, hələ də ərazidədir. Məişət tullantılarından da ki, danışmaq belə adamda narahatlıq, gərginlik yaradır. Belə çıxır ki, Azərbaycanın paytaxtı Bakı şəhərində, Xətai rayonunda belə bərbad, iyrənc göründülərin aradan qaldırılması üçün Ukraynanın orada səfirlik tikməsini gözləməliyik?! Yeri gəlmişkən, onu da qeyd edək ki, sözügedən ərazinin çox yaxınlığında bir neçə böyük hotellər və Kilsə yerləşir. Yəni, belə çıxır ki, ölkəmizə gələn turistlərin düz gözlərinin önündə olan bir neçə sotluq ərazinin təmizliyini Xətai rayon İcra Hakimiyyəti Ukrayna ölkəsinə "igəşir"?! Bundan əlavə, həyətlərdən, yaşayış evlərinin düz üstündən keçən yüksək gərginlikli elektrik xətlərini görəndə, Xətai rayonunda, xüsusilə Həzi Aslanov qəsəbəsi və "Kənd Əhmədli" deyilən ərazidə yaşayışın hansı qaydalarla tənzimlənərək salınması da müxtəlif şübhələr doğurur. Xətai rayonunda, "SOCAR"a məxsus ərazidə belə boru xəttinin düz yaxınlığında belə yaşayış evləri tikilib və hazırda yaşayış var. Hazırda da bəzi qanunsuz tikililərin inşası davam etdirilir ki, bu barədə də növbəti yayımızda görüntüləri ilə birlikdə diqqətinizə çatdıracağıq. Mövzuya qayıdacağıq. Redaksiyamız hər kəsin söz haqqını tanıyır. DogruXeber.az Geri qayıt |