Əsas Səhifə > Gündəm, Manşet > Lənkəranda meşə torpağı maşın-maşın satılır...
Lənkəranda meşə torpağı maşın-maşın satılır...22-09-2022, 08:35 |
“Son aylar ölkənin müxtəlif bölgələrində meşə yanğınları baş verib, meşələr məhv olub. Cənub bölgəsində isə meşə ərazisi bilərəkdən məhv edilir”. DİA.AZ xəbər verir ki, bunu Meydan TV-yə “Ecofront” təşkilatının rəhbəri, eko-aktivist Cavid Qara deyib. Onun sözlərinə görə, Lənkəranın Haftoni qəsəbəsində 150 hektarlıq xan meşəsi sahibkar Raqib Həsənzadəyə icarə verilib. Sənəd üzərində 100 hektar göstərilən müqavilə sahibkarın oğlunun adına rəsmiləşdirilib. “Sahibkar həmin əraziyə ağır texikalar cəlb edib. Ərazi hasara alınıb. Biz ağır texnikanın işləməsinə mümkün qədər imkan vermirik”,-Cavid Qara deyib. Onun sözlərinə görə, cəbhədə vəziyyətin gərginləşməsindən istifadə edərək Haftonidə məhv edilmiş meşədə əkinə hazırlıq işləri sürətləndirilib. Eco-fəal bildirib ki, ilin əvvəlindən apardıqları kampaniyadan sonra ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev müqaviləyə xitam verib. Ancaq sahibkar müəyyən fasilələrlə ərazidəki fəaliyyətini davam etdirməyə çalışır. “Məlumata görə, sahibkar nazirliyə qarşı məhkəmədə iddia qaldırıb. Meşə fondu ərazisində əkin üçün hazırlıqlara başlanılıb. Sahənin müəyyən hissəsi şumlanıb, torpağa daşınıb və ərazidəki suvarma kanallarının üstünə beton plitələr yerləşdirilib. Sahibkar iddia edir ki, məhkəmədə qalib gəlib. Apelyasiya Məhkəməsi də onun xeyrinə qərar çıxarıb, iş Ali Məhkəmənin icratındadır”, – fəal deyib. Haftoni ərazisi. Foto: “Ecofront” Cavid Qaranın sözlərinə görə, məhkəmə davam etdiyi halda ərazidə xüsusilə gecələr iş aparılır, 6-7 “Kamaz” markalı maşınlarla torpaq daşınır. “Məhkəmə getdiyi müddətdə belə sahibkarın faliyyətini dayandıra bilmirlər. İşləri davam etdirib cəmiyyəti fakt qarşısında qoymaq istəyirlər. Sahibkar 100 hektara görə toplam illik 2600 manat icarə haqqı ödəyir. Bakıda yaxşı mənzilin kirayəsi. Hektarı ilə 26 manat edir”,-eko fəal qeyd edib. 2020-ci ildə Haftoni meşəbəyliyinin 150 hektar Hirkantipli düzən meşə ərazisində təxminən 90 hektar meşəlik məhv edilərək aqrobağ salınması üçün işlərə başlanılıb. Lənkəran Rayon İcra Hakimiyyətindən bildiriblər ki, onlar bu məsələyə görə məsuliyyət daşımırlar. Sualları yalnız nazirliyin bölgə üzrə qurumu cavablandıra bilər. Sahibkar isə israrlı zənglərə cavab verməyib. Ekologiya və Təbii Sərvətlər Nazirliyi də sorğunu cavablandırmayıb. Nazirlikdə adının çəkilməsini istəməyən əməkdaşı deyib ki, məhkəmənin qərarını gözləyirlər, tədbirlər məhkəmənin qərarına uyğun həyata keçiriləcək. Geri qayıt |