Əsas Səhifə > Gündəm, Manşet > Dövlət qurumları dələduz şirkətin əlində ƏSİR-YESİR QALIB...

Dövlət qurumları dələduz şirkətin əlində ƏSİR-YESİR QALIB...


17-10-2022, 12:26
Dövlət qurumları dələduz şirkətin əlində ƏSİR-YESİR QALIB...
Birinci Qarabağ müharibəsinin şəhidi Zaur Bədirovun qardaşı, Sabirabad rayonunun Nəsimi kənd sakini Zahid Bədirov “Magnus” Su Təmizləmə MMC tərəfindən aldadıldığını iddia edir.

DİA.AZ Pravda.az-a istinadla xəbər verir ki, Z.Bədirov bu barədə iyul ayında Azad İstehlakçılar İctimai Birliyinə şikayət ünvanlayıb.

Onun sözlərinə görə, iyulun 22-də, təxminən, saat 21:00 da “Magnus” şirkətinin 5 əməkdaşı, dəyəri 1790 manat olan su filtrini onların evlərində quraşdırıblar: “Bizə psixoloji təsir etdilər. “Uşaqlarınızın həyatı ilə oynayırsınız, görün necə su içirsiniz, “sizin üçün sağlamlıq, yoxsa pul önəmlidir” kimi suallarla bizi günahkar çıxardılar. Satdıqları filtrlərin guya çirkli suyu şollar suyuna çevirdiyinə bizi inandırdılar. Dedilər, dövlət tərəfindən göndəriliblər ki, suyun keyfiyyətini öyrənək. Heç imkan vermədilər ki, müqavilə ilə tanış olum. Müqavilə kağızını telefon işığında imzalatdırdılar. Müqavilədə satıcı olaraq “Magnus”un direktoru kimi Kərimli Beyrək Həmdulla oğlu yazılmışdı. İmzaladıqdan sonra təklif etdilər ki, ödənişi nağd şəkildə ödəsəm, mənə 82 mm diaqonal televizor hədiyyə edəcəklər. Əlavə 300 AZN ödəsək, daha böyük diaqonal televizor verə bilərlər. Məni razı salıb ümumilikdə 2090 manat puldan 1000 AZN nağd aldılar. Qarşılığında isə qəbz vermədilər. Qalan 1090 AZN pulu televizoru gətirəndə alacaqlarını dedilər. İnternetdə araşdırdım, anladım ki, aldadılmışam. Məhsulu qaytarmaq istədim. Bir gün sonra televizoru gətirdiklərini dedilər. Mən isə məhsulu verib ödədiyim 1000 manatı qaytarmalarını tələb etdim. Dedilər ki, məhsulu qaytarsan, min manat pulun geri verilməyəcək, əlavə 400 AZN cərimə olunacaqsan. Televizoru da götürüb, çıxıb getdilər. 24 iyulda özünü “Magnus”un vəkili kimi təqdim edən bir nəfər evimizə gəldi və məhsulun geri qaytarılmayacağını, cərimə olunacağımızı dedi. Kimliyini təsdiq edən rəsmi sənədi tələb etsək də, heç nə göstərmədi. Şirkətə zəng edib pulumu yenidən geri istədim, lakin dedilər “hara istəyirsən, şikayət et”. Bu pulu əziyyətlə qazanmışam və o pulla Qarabağ döyüşlərində itkin düşmüş şəhid qardaşımın adına bulaq tikdirməyi nəzərdə tutmuşdum. Bunu da onlara dedim, amma əhəmiyyət vermədilər”.

DİA.AZ_ın məlumatına görə, Azad İstehlakçılar İctimai Birliyinin sədri Eyyub Hüseynov Pravda.az-a açıqlamasında bildirdi ki, Zahid Bədirovun şikayət məktubuna İqtisadiyyat Nazirliyinin cavabı 11 oktyabrda gəlib: “Son dərəcə kasıb vəziyyətdə yaşayan şəhid ailəsi aldadılıb. Su filtri satanlar istehlakçıları aldadırlar. Əsas məsələ isə istehlakçı hüquqlarını qorumağa cavabdeh olan Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin heç bir iş görməməsidir. Neçə aydır ki, şəhid ailəsinin şikayətini Nazirliyə ünvanlamışam. Demişəm ki, şəhid ailəsini müdafiə etmək, kömək göstərmək lazımdır. İki gün əvvəl isə Elnur Bağırovun imzası ilə heç bir məna kəsb etməyən, cümlələri ardıcıl təkrarlayan bir məktub daxil olub. Yazılıb ki, şəhid ailəsi gedib məhkəməyə müraciət etsin. Şikayət ərizəsindən də görünür ki, dövlətin digər qanunvericiliyi pozulur, şirkət vergi ödəmir, kassa qəbzi də vermir. Nazirlik heç bu məsələyə də toxunmadı. İqtisadiyyat Nazirliyinin tərkibində Vergilər Departamenti var. Necə olur ki, Antiinhisara məktub göndərirəm, onlar nazirliklərinin içindəki vergi orqanına demirlər ki, burda dövlətin vergi qanunvericiliyi pozulub. Biri digərinin işinə toxunmaq istəmir. Dövlətin qanunu pozulur, bu qurumlar isə bir-birilərinə xəbər etmirlər. Bu, məni həm bir vətəndaş kimi, həm də ictimai təşkilatın sədri kimi çox narahat edir. Nazirlikdən gələn cavab məktubu məni çox təsirləndirdi. Vətəndaşı heç kim qorumaq istəmir. Son dərəcə kasıb bir insanı. Nazirliyin İcitmaiyyətlə əlaqələr, eyni zamanda hüquq şöbəsinə dəfələrlə müraciət etdim. Çünki vətəndaşın 14 gün müddətində aldığı məhsulu geri qaytarmaq hüququ var, bizə müraciət edəndə hələ bir gün keçməmişdi. Lakin nəticəsiz qaldı”.

E.Hüseynov deyib ki, sözügedən şirkətlə də əlaqə yaradıb: “Əfsus ki, filtr satan şirkətin müdiri Beyrək Kərimliyə dəfələrlə zəng etsəm də, əlaqə qura bilmədim. Şirkətin hüquqşünası İlham adlı şəxslə də danışdım. Ondan da heç bir nəticə əldə edə bilmədik. Vətəndaşı aldadıblar. Dövlət qurumu isə şəhid ailəsinə kömək etmədi. Yerli icra strukturu da məsuliyyət daşıyır. Ölkə Prezidentinin təsdiq etdiyi “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin 4-5-ci bəndində göstərilir ki, istehlakçı hüquqları pozulan zaman yerli icra hakimiyyətləri istehlakçıların hüquqlarının qorunması üçün müəyyən təşəbbüslər qaldırmalıdır. Bu barədə Sabirabad Rayon İcra Hakimiyyətinə məlumat versək də, sözügedən filtr şirkətinin əməkdaşları yenə də kənddə gəzir, camaatı aldatmağa davam edirlər. İcra strukturları isə hələ də heç bir iş görməyiblər”.

“Magnus”un direktoru Beyrək Kərimli ilə biz də əlaqə yaratmağa çalışdıq, lakin telefona şirkətin xanım əməkdaşı cavab verdi. Ondan özünü təqdim etməsini istəsək də, bundan yayındı. Şirkətin hüquqşünası İlham adlı şəxsin gün ərzində bizimlə əlaqə yaradacağını desə də, onu növbəti gün özümüz axtarası olduq.

O, Zahid Bədirovun dediklərini inkar etdi: “Heç bir halda əməkdaşlarımız “dövlət tərəfindən göndərilmişik” deyə bilməzlər. Vətəndaş istəyir ki, öz tərəfindən nəsə sübutlar gətirsin. Şirkət tərəfindən vətəndaşa qəbz verilib, həmin qəbzi təqdim edə bilərəm. Onların evlərinə vəkil də yaxınlaşmayıb. Vətəndaş müqaviləyə telefon işığında imza atdığını iddia edir, bəs niyə məmnuniyyət aktına da imza atıb? Narazı idisə, imzalamazdı. 400 manat cərimə pulu malın Türkiyə tərəfinə qayıtması üçün nəzərdə tutulub, yol məsrəfləridir. Müqavilədə şirkətin də öhdəliyi var. Qurğuda problem çıxarsa, yenisi ilə əvəzləmə öhdəliyi şirkətin üzərindədir. Şəhid ailəsi olduğu barədə də məlumatımız var. Yenə də kömək etməyə hazırıq. İki variant var -1000 manat civarında başqa qurğu veririk, filtrin dəyişim vaxtında 3 filtri hədiyyə edirik. İyulda satış olub, bu aparat artıq əmtəə nişanı xassəsini itirib. Aparatı götürürksə, 400 manat cərimə pulu tutulacaq, 600 manatı geri qaytara bilərik”.

Zahid Bədirov isə saytımıza açıqlamasında şirkətin təklifi ilə razı olmadığını, məhkəməyə müraciət edəcəyini dedi. Şirkətin quraşdırdığı filtr suyunun isə acı daddığını, aldadıldığını bildirdi.


Geri qayıt