Əsas Səhifə > Gündəm, Manşet > «Xan» dərəbəyliyinə Vəli Ələsgərovdan sonra İKİNCİ SARSIDICI ZƏRBƏ...

«Xan» dərəbəyliyinə Vəli Ələsgərovdan sonra İKİNCİ SARSIDICI ZƏRBƏ...


21-10-2022, 09:17
«Xan» dərəbəyliyinə Vəli Ələsgərovdan sonra İKİNCİ SARSIDICI ZƏRBƏ...
Dörd ay əvvəl həbs olunan Naxçıvan şəhər Tikinti, Təmir və Abadlaşdırma İdarəsinin müdiri Xaləddin Rüstəmov dünən azadlığa buraxılıb.

DİA.AZ bildirir ki, ovqat.com-a bu barədə məlumat Naxçıvandakı etibarlı qaynaqlardan daxil olub.

Məlumata görə, əsassız saxlanılan və aparılan ciddi istintaqlara rəğmən cinayəti sübuta yetirilməyən Xaləddin Rüstəmov dünən tələm-tələsik həbsdən azad edilib. İddialara inansaq, «xan gestaposu» onu azadlığa buraxmağa sadəcə məcbur olub. Çünki Naxçıvanda çox ciddi yoxlamalar başlayıb və yaxın günlərdə bu proses hüquq-mühafizə orqanlarında da aparıla bilər. Yoxlamalardan «üzü qara» çıxmaq xofu «xan» həzrətlərinin kürkünə elə birə salıb ki, onun tapşırığı ilə MR DİN-də bununla bağlı məxfi toplantı belə keçirilib. Bütün polis idarə və bölmə rəislərinin iştirak etdiyi toplantıda nazir Rəşad İsmayılov onlara təcili «qara dəftərləri» yandırmaq əmri verib. Hansı ki, bu «qara dəftərlər»də qeyri-qanuni saxlanılan, işgəncələrə məruz qalan, zorla rüşvət alınan insanların siyahısı və alınan rüşvətin miqdarı, yuxarılara verilməsi öz əksini tapırmış. Polis orqanlarında mövcud olan digər qeydiyyat dəftərində isə rəsmi məlumatlar əks olunurmuş. Bir sözlə, Naxçıvanın polis orqanları iki dəftərlə fəaliyyət göstərirmiş: biri rəsmi, digəri reallıqların dəftəri.

Təbii ki, «qara dəftərləri» Naxçıvan hüquq-mühafizə orqanları Xaləddin Rüstəmovu göz altında çox tuta bilməzdi. Muxtar Respublikanın «Gestaposu» yaxın günlərdə başlayacaq yoxlamalar zamanı Xaləddin Rüstəmovun əsassız yerə saxlanıldığını təsbit edib, onu sorğuya çəkə bilərdi. Bu da «xan» rejiminin daha böyük eyiblərini ortaya çıxarardı. Çünki təkcə son tutuqlama zamanı Xaləddin Rüstəmovdan külli miqdarda rüşvət alınmış, ancaq azadlığa buraxılmamışdı. Naxçıvan «Gestaposu» hələ də Xaləddinin damarında içilə biləcək qanının olduğunu düşünür, ona amansız işgəncələr verərək, son qətrəsinə qədər sormaq istəyirdi. Hətta onun bütün qohum əqrəbaları da qanunsuz olaraq polis məntəqələrinə çağırılır, sorğuya çəkilirdilər. Məqsəd Xaləddin Rüstəmovun evində yanan şamın kölgəsini belə görməyən şəxsləri də müxtəlif bəhanələrlə soymaq idi.

Qeyd edək ki, Xaləddin Rüstəmov bu ilin iyun ayının 19-da saxlanılmış və elə həmin gün tez-tələsik qurulan məhkəmə hökmü ilə 4 ay azadlıqdan məhrum olunmuşdu. Onun həbs olunmamışdan bir neçə gün əvvəl Naxçıvan Maliyyə naziri Rafael Əliyevlə sərt şəkildə mübahisə etdiyi bildirilirdi. Ehtimallara görə, Rafael Əliyev ondan növbəti dəfə rüşvət istəmiş və Xaləddin and-aman etmişdi ki, artıq onda verəcək beş quruş da qalmayıb. Rafael Əliyevin rüşvət almaq üçün dirəşməsi Xaləddinin tam əsəblərini korlamış və trest müdiri gözünü yumub, ağzını açmışdı. Mübahisə şənbə gününə dəng gəldiyindən onu cəzalandırmaq 2 gün sonraya - bazar ertəsi gününə qədər təxirə salınmışdı. Bazar ertəsi günü Maliyyə naziri Rafael Əliyev ondan tələb olunan rüşvəti ala bilmədiyini «xan» həzrətlərinin oğlu Seymura xəbər vermiş, Seymur isə bu işlə məşğul olmağı Naxçıvan «Gestaposu»na həvalə etmişdi.

Məhkəmədən əvvəl isə trest rəisinin bütün varidatına əl qoyulmuş, hətta şəxsi maşınları Naxçıvan MR Dövlət Yol Polsinin cərimə meydançasına aparılmış, onun rəhbərlik etdiyi şirkətin əmlakı isə “Nəqşi-cahan” Holdinqin balansına keçirilmişdi.

«Maraqlıdır ki, ona ittiham aktı yazan istintaq idarəsinin rəisi polis polkovnik leytenantı Samir Qəmbərovun Taksı parkı yaxınlığındakı evinin tikintisini Xaləddin Rüstəmov öz vəsaiti hesabına aparıbmış. Sonda bu xeyirxahlığı belə Xaləddin bəyin işinə yaramayıb. Samir Qəmbərov onun əleyhinə acımasızcasına ittiham aktı tərtib edib. Qəmbərovun bu etibarsizlığı hətta polis yoldaşlarının da bərk narazılığına səbəb olub», - Xaləddin Rüstəmovun həbsi ilə bağlı Ovqat.com-a verilən məlumatda belə deyilirdi.

İddialara görə, növbəti mərhələdə Naxçıvan MR DİN-nin sabiq rəhbəri Əhməd Əhmədovun da azadlığa buraxılması gözlənilir. Nədən ki, rəsmi Bakının qənaətlərinə əsasən, Əhməd Əhmədov nazir işlədiyi dövrdə yol verdiyi peşə cinayətlərinə görə yox, "xan" həzrətlərinin "varis" planının qarşısında təbii mane yaratdığı üçün həbs olunub. "Xan" həzrətləri oğlu Seymurdan bir baş üstün olanların hamısını Böyükdüz "əsirxanasına" doldururmuş, Əhməd Əhmədov da məhz bu siyasətin qurbanı olub.

Geri qayıt