Əsas Səhifə > Gündəm, Manşet > “Nəqşicahan MED” rəhbərliyi ƏNDİŞƏ İÇİNDƏ...

“Nəqşicahan MED” rəhbərliyi ƏNDİŞƏ İÇİNDƏ...


17-12-2022, 08:41
“Nəqşicahan MED” rəhbərliyi ƏNDİŞƏ İÇİNDƏ...
Dünən səhər tezdən Naxçıvan MR xəstəxanasının Baş həkimi Zəbur Bağırovun DTX-ya aparılması xəbərindən sonra “Nəqşicahan med” və “Nəqşicahan” firmalarının satınalma bölmələrinin müdürləri bir-birlərinə dəyiblər.

DİA.AZ bildirir ki, Ovqat.com-un “Nəqşicahan”dakı etibarlı mənbədən aldığı məlumata görə, adı çəkilən firmalarda bu narahatlığın yaranması səbəbsiz deyil:

“Nəqşicahana aid olan bu 2 şirkətin əsas işi Zəbur Bağırovdan və Naxçıvan MR Səhiyyə naziri Niyazi Novruzovdan keçir. Çünki Naxçıvanda dərman monopolyasına nəzarət “Nəqşicahan MED”in əlindədir. Muxtar Respublikada bütün nə qədər əczaxana varsa hamısı dərmanı məcburən onların təyin etdiyi qiymətdən almalı və onların təyin etdiyi qiymətdən də satmalıdır. Deməli, bu şirkətlərin alış-satış sistemində yoxlamalar başlasa, məlum olacaq ki, 2019-cu ildən bu yana heç bir gömrük rəsmiləşməsi olmadan və rüsum ödəmədən külli miqdarda (ildə milyonlarla manatdan söhbət gedir) istədikləri qədər dərmanı xarici ölkələrdən gətirib sataraq Naxçıvanda özləri üçün imperiya qurublar. İndi isə firma yetkililərinin hamısının canına vəlvələ düşüb ki, ay aman, birdən Zəbur bunlar haqqında nəsə pıçıldayar.

Nə təsadüfdürsə, Naxçıvanda nə qədər səhiyyə ocağı varsa bütün hamısının təchizatlarının alınmasında keçirilən tenderləri “Nəqşicahan satınalma” qazanır. Firma isə öz növbəsində 2019-cu ildən bu yana xaricdən ölkəyə gətirilən avadanlıqlara görə heç bir gömrük rüsumu ödəməyib (Söhbət ciddi məbləğlərdən gedir). “Nəqşicahan satınalma”nın fəaliyyətində ciddi vergi pozuntularına da rast gəlmək olar.

Bu vergi-gömrük qaçaqçılığı proseslərinin aparıcı şəxsləri holdinqin rəhbəri Rıfat Mahmudov ( Sədərək gömrüyündə məhşurlaşan Nicat Mahmudovun qardaşı), holdinqin baş mühasibi Mirziyəddin, onun köməkçisi Qafar, “Nəqşicahan MED”in müdiri Ayaz, onun mühasibi Zeynalabdin və Nəqşicahan satınalmanın müdiri Nazimdir. Onlar vergi və gömrük qaçaqçılığında, həmçinin Naxçıvanda dərman inhirsarçılığının qurulmasında birbaşa məsuliyyət daşıyır”, - qaynağımız bildirir.

Mənbəmizin sözlərinə görə, Naxçıvanda DTX əməliyyatlara başlayandan sonra bir çox sahələrdə ciddi dəyişikliklər nəzərə çarpsa da, dərman inhisarçılığına toxunulmayıb: “Nəqşicahan” holding rəhbərliyi hələ də öz saxtakar ampluasındadır. Hələ də müxtəlif yollarla Naxçıvana başqalarının xaricdən dərman pereparatları gətirmələrinin qarşısı alınır. Hələ də Naxçıvanda dərmanların qiyməti Azərbaycanın digər rayonlarından 2-3 dəfə fərqlənir. Üstəlik, dərmanlar da keyfiyyətli deyil”.

İddialara görə, Naxçıvanın dərman monopolistləri öz işçilərini də rəsmi qeydiyyata almayıblar: “Düzdür, yoxlamalar başlayandan tələm-tələsik holdinqdəki bütün işçilərin 40 faizini rəsmiləşdirib və onlara Naxçıvanbank kartı paylayıbla. Geri qalan 60 faizi isə əvvəlki qaydada sənətsiz-sübutsuz işlədirlər. Və işçilər haqlı olaraq bu vəziyyətdən narazıdırlar. Ama işdən qovulma təhlükəsini gözə alaraq ya “səbr deyib” həyatlarına davam edir və bu zülmün bir gün bitəcəyinə inanırlar. “Nəqşicahan”ın bütün işçiləri səbrsizliklə DTX-nın onların da qapısını döyəcəyi günü gözləyirlər”.

Qeyd edək ki, yazıda adı keçən “Nəqşicahan MED” MMC “Nəqşicahan” Holdinq Şirkətlər qrupuna daxildir. MMC təkcə Naxçıvanın dərman inhisarçılığına baxmır. O, bu ildən başlayaraq Muxtar Respublikanın bəzi səhiyyə ocaqlarını da alıb öz təsərrüfatına qatmağa çalışır. Muxtar Respublikada DTX əməliyyatları başlamamışdan əvvəl Naxçıvan Diaqnostika Mərkəzinin gizli tenderlə “Nəqşicahan MED”-yə satıldığı ilə bağlı iddialar yayılmışdır. Bildirilirdi ki, sentyabr ayında tibb müəssisəsinin təhvil-təslim işləri gizli şəkildə başa çatdırılmış və SOCAR tərəfindən on milyonlarla manata tikilən Diaqnostika mərkəzi cəmi 100 min manata “Nəqşicahan MED”-ın balansına keçmişdi.

Naxçıvan Diaqnostika Mərkəzinin Talıbovlaşdırılması prosesi 2018-ci ildə başlayıb, bu ilin sentyabr ayında tamamlanıb. Vasif Talıbovun 24 may 2018-ci il tarixli sərəncamı ilə sözügedən tibb mərkəzinin Nəqşicahan MED-ə ötürülməsi üçün hüquqi baza yaradılması məqsədilə qəbul olunduğu bildirilir.

Qeyd edək ki, Naxçıvan Diaqnostika Mərkəzi 2007-ci ildə dövlət büdcəsi hesabına tikilib. Müasir avadanlıqlarla təchiz olunmuş mərkəzin neçəyə başa gəlməsi ilə bağlı rəsmi məlumatlara rast gəlinməsi də, onun dəyəri on milyonlarla manat hesablanır.

Diaqnostika Mərkəzini alan “Nəqşicahan MED” MMC yerli hakim ailə Talıbovların nəzarətindədir. Maraqlıdır ki, Diaqnostika Mərkəzinin Talıbovlaşdırılması 2018-ci ildən başlasa da, bu proses 4 ildən sonra 2022-ci ilin sentyabrında tamamlanıb. Özü də tələm-tələsik. Təxminlərə görə, Diaqnostika Mərkəzinin özəlləşdirilməsinin bu qədər yubanması, rəsmiləşdirmənin qarşısında dayanan əngəllərlə bağlı olub. Görünür, dövlət maliyyəsi hesabına başa gələn mərkəzin mənimsənilməsinin hüquqi bazası tam hazır deyilmiş və bir neçə aydan sonra Naxçıvanda əməliyyatların keçiriləcəyindən duyuq düşən Talıbovlar onun necə gəldi özəlləşdirilməsinə qərar veriblər. Sözsüz ki, bu tələskənlik Diaqnostika Mərkəzinin maliyyə maxinasiyalarını dövlətin nəzarətindən çıxarmağa və özəl təşəbbüskarların daxili işinə çevirməyə hesablanmış ola bilər.

MR Diaqnostika Mərkəzinin yeni sahibi Naxçıvan şəhər Vergilər İdarəsi tərəfindən “0200728171 “NƏXŞİCAHAN MED” MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ” adıyla AZ7000, NAXÇIVAN ŞƏHƏRİ, Ə.ƏLİYEV, ev 18 ünvanında rəsmi qeydiyyata alınıb. Şirkətin maliyyə hesabatlarına bu zamana qədər Azərbaycan Vergilər Nazirliyinin nəzarət etmək imkanlarının olmadığı bildirilir. Çünki Naxçıvan hakimiyyəti özünün muxtar hüquqlarından istifadə edib iqtisadi fəaliyyətinə girişi Bakının üzünə bağlayıb. Ümidvarıq ki, DTX-nın Naxçıvan Muxtar Respublikasında başlatdığı əməliyyatlar bu qıfılları qırıb və yəqin ki, yaxın günlərdə “qaramaskalılar”ın “Nəqşicahan”a təşrif buyuracağı xəbərlərini alacağıq.

Geri qayıt