Əsas Səhifə > Gündəm, Manşet > Texniki Universitetdə NƏ İŞLƏR ÇEVRİLİR...
Texniki Universitetdə NƏ İŞLƏR ÇEVRİLİR...24-12-2022, 09:39 |
DİA.AZ: -" Son illərdə Azərbaycanın təhsil sistemində, həm orta, həm də ali təhsil səviyyələrində o qədər qəribə işlər baş verir, təhsilimiz o qədər aşağı səviyyəyə enib ki, artıq bu haqda yazılanlara heç kim təəccüb etmir və heç kim də, nə aidiyyəti olan vəzifəli şəxslər, nə də rəsmi dövlət təşkilatları reaksiya vermir, tədbir görmürlər, sanki, elə belə də olmalıdır. Lakin, biz, yəni Azərbaycan Texniki Universitetinin (AzTU) müəllimlərindən bir qrupu bunlara, xüsusən də universitetimizdə son 3 ildə, yəni Vilayət Vəliyevin buraya rektor təyin olunmasından sonra onun “fəaliyyəti” nəticəsində baş verənlərə və onların nəticələrinə biganə baxa bilmirik və bu haqda məlumatlar və müraciətlərlə kütləvi informasiya vasitələrində dəfələrlə çıxış etmişik". DİA.AZ bildirir ki, bu barədə Azərbaycan Texniki Universitetinin (AzTU) müəllimləri adından edilən müraciətdə deyilir. Əvvəli burada: Bəlkə Texniki Universitetin də VİLAYƏT TƏFƏKKÜRÜ ləğv olunsun... - Müəllimlər YENİ FAKTLARI AÇIQLAYIR... Daha sonra müəllimlərin müraciətində deyilir: Bu ilki 2-ci kurs magistrantların isə indi məlum olur ki, HƏLƏ HEÇ DİSSERTASİYA MÖVZULARI VERİLMƏYİB! Magistrantların təhsil müddəti 2 il, yəni 4 semestrdir. Yenə təkrar edirik ki, mövcud təlimata əsasən 1-ci kurs magistrantlar dərslərə başlayandan 3 ay müddətində onların dissertasiya mövzuları təsdiq edilməlidir ki, tələbələrin dissertasiya üzərində işləməyə 2 il vaxtı olsun. Onlar isə 3-cü tədris semestrini bitirmək üzrədirlər, qarşıda yalnız bir semestr qalır. Adətən bu vaxtlar onların dissertasiyaları artıq hazır vəziyyətə yaxın olurdu. İndi isə onlara nə mövzu verilib, nə də elmi rəhbər təyin edilib. İndi AzTU-da 2-ci kurs magistrantlar təlaş içindədirlər, əlləri də heç bir yerə çatmır. Onlar öz ixtisas kafedralarına müraciət edirlər, kafedralarda onlara cavab verirlər ki, biz hələ heç nə bilmirik, gözləyin. Tələbələr soruşurlar ki, nəyi gözləyək və nə vaxtacan gözləyək, niyə gözləyək? Sonra tələbələr magistratura və doktorantura şöbəsinə (indi bu şöbənin də adını rektor bir əndrəbadi adla - “Yüksək Təhsil İnstitutu” adı ilə adlandırıb, görəsən hansı “yüksək təhsildən” söhbət gedir?) müraciət edirlər. Orada da onlara deyirlər, “səbr edin, tələsməyin, hələ gözləyin”. Heç kimin – nə kafedra müdirlərinin, nə də “Yüksək Təhsil İnstitutu” “direktorunun” bunu rektordan soruşmağa cəsarətləri çatmır. AzTU-da vəzifəli şəxslərin hamısı “mənim nəyimə gərək, məgər məndən başqa adam yoxdur?” prinsipi ilə işləyir. Sual olunur, rektor magistr dissertasiyaları ilə əlaqədar belə vəziyyəti niyə yaradır? Bəs rektor hələ yarım il bundan əvvəl deyirdi ki, magistr dissertasiyalarına real tədqiqat mövzuları vermək lazımdır, mövzular magistrantların işlədikləri müəssisənin iş xüsusiyyətləri ilə əlaqədar olmalıdırlar (əyani təhsildə nə iş yeri? Bunu da rektordan soruşmaq lazımdır), indi bir il yarımdır ki, onlara heç adi mövzu da verməyibmiş ki, dissertasiya üzərində işə başlasınlar. Qeyd edək ki, bu “səhlənkarlıq” üçün eyni dərəcədə Tədris işləri üzrə prorektor Nurəli Yusifbəyli və Elm və innovasiyalar üzrə prorektor Sübhan Namazov da məsuliyyət daşıyırlar. Rektorun mövcud təlimatlardan bu dərəcədə də xəbərsiz olduğunu və magistrantların bu narahatçılığı haqqında məlumatların ona heç çatmadığını da güman etmək sadəlövhlük olardı. Bu sualın yalnız bir cavabı ola bilər – magistrantları vaxt çatışmazlığı şəraitində, magistraturanı bitirmək məqamında çıxılmaz vəziyyətə salmaq və bu vəziyyətdən öz korrupsiya məqsədləri üçün istifadə etmək, onlara dar macalda necə gəldi 4-5 nəfərə bir dissertasiya satmaqla gəlir götürmək. Elə buna görə də rektor son iki ildə magistraturaya qəbulu artıraraq, ildə 1000 nəfərə çatdırıb, halbuki, əvvəlki illərdə magistraturaya 250-300 tələbə qəbul edilirdi. İndi isə ildə 1000 nəfər, iki ildə cəmi 2000 magistranta elmi rəhbərlik etməyə də universitetdə elmi dərəcəsi olan müəllim kadrlar çatışmır. Təlimata görə isə hər elmi dərəcəli müəllim yalnız 2 magistr dissertasiyasına rəhbərlik edə bilər. Bu qədər müəllim isə sadəcə olaraq yoxdur. Onu da nəzərə alaq ki, V.Vəliyev rektor olduğu 3 ildə AzTU-nun təcrübəli müəllim kadrlarının, əsasən də ixtisas kafedralarının kadrlarının təqribən 30-40 faizini müxtəlif vasitələrlə universitetdən uzaqlaşdırıb, pərən-pərən salıb. İndi bəzi fənlərdən dərs deməyə adam tapmırlar, nəinki, dissertasiya rəhbərliyinə. Müəllimlərlə əlaqədar V.Vəliyevin indi dillərə düşmüş bir deyimi var, o tez-tez təkrar edir: “Mənə nə kafedra lazımdır, nə də müəllim. Neynirəm kafedranı, müəllim lazım olsa, küçədən çağıraram, gəlib dərsini deyib, getsin.” Bu isə əslində o deməkdir ki, ona təhsil lazım deyil. Bəs rektora nə lazımdır? O, elə bilir ki, Texniki Universitetdə tədris edilən bu qədər spesifik ixtisas fənlərindən dərs deyə bilən müəllimlər küçələrə tökülüb, gözləyirlər, çağıran kimi gələcəklər. Hal-hazırda bir çox fənlərdən müəllimlər doğrudan da çatışmır. Çatışmir, çatışmasın. Bu, heç onun vecinə də deyil. Yoxdur, olmasın. Məgər onu tədris keyfiyyəti maraqlandırır? Belə küçə düşüncəli adamdan da universitet rektoru olar? 2-ci kurs magistrantlar isə təlaş içindədirlər... V.Vəliyev AzTU-ya rektor gələn gündən özü üçün xırda gəlir mənbəyi axtarmaqla məşğuldur. Ancaq arzulamaq azdır, onun bu işə də bacarığı çatmır. 3 ildir ki, o, universitetdə “AzTU taksi xidməti” açmaq arzusu ilə yaşayırdı, hətta bu haqda universitet elmi şurasında 3-4 dəfə qərar da qəbul etdirdi (biz hələ onu demirik ki, belə bir işlə məşğul olmaq universitetə yaraşmaz, universitet elmi şurası belə qərarları müzakirə etmək üçün deyil). O, elə bilirdi ki, qərar çıxarmaqla şirkət öz-özünə işə düşəcək. Şirkətə işçilər də təyin etdi. Biz əvvəlki yazılarımızın birində istehza ilə yazmışdıq ki, “AzTU taksi xidməti” “böyük müvəffəqiyyətlə fəaliyyət göstərir”. Əslində isə onun bu arzusu və planı da kağız üzərində qaldı və işləmədi. İndi taksi xidmətinin bir səsi-sorağı da yoxdur. Ona məsləhət görürük ki, universitetin həyətində avtomobil yumaq məntəqəsi açsın, bizcə, bu çox da çətin olmaz və səmərəli olar. Universitetin həyətində hər gün xeyli maşın dayanır, elə onları hərdən yusalar, kifayətdir, xeyli gəlir gətirər. Həm də V.Vəliyevin 3 ildə yaratdığı saysız-hesabsız yeni açılmış şöbələrə işə qəbul etdiyi qohum-qardaşının, yerlilərinin saysız-hesabsız cavan qızlarının hamısı işə öz maşınları ilə gəlirlər və onları həyətdə saxlamağa yer də çatmır. Onlar da hərdən maşınlarını elə iş vaxtındaca yudurdarlar. DAVAMI VAR... İddia olunanlarla bağlı dia-az.life olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq... Geri qayıt |