Əsas Səhifə > Gündəm, Manşet > Taleh Qaraşov da gedir: Daha kimlər yol üstündədir...
Taleh Qaraşov da gedir: Daha kimlər yol üstündədir...11-01-2023, 09:03 |
2022-ci il bir sıra yüksək ranqlı məmurların kreslosunu itirməsi ilə yadda qaldı. Xüsusilə də, Naxçıvan Ali Məclisinin sədri Vasif Talıbov, Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev və Mədəniyyət naziri Anar Kərimovun adları bu siyahıda daha çox diqqəti cəlb edir. Bu cür yüksək vəzifəli şəxslərin vəzifədən uzaqlaşdırılmasından sonra, onların yüksək vəzifə tutan qohumları, eləcə də həmin məmurlar tərəfindən vəzifəyə təyin olunmuşların da oxşar aqibəti yaşaması ehtimalları yaranıb. Təsadüfi deyil ki, Vasif Talıbovun istefasından sonra qardaşı Məhərrəm Talıbov Naxçıvan Muxtar Respublikası prokurorunun müavini, oğlu Seymur Talıbov isə Naxçıvan Dövlət Universitetinin prorektoru vəzifəsini itirdi. Digər tərəfdən, sosial şəbəkələrdə və bir sıra KİV-də yaxın dövrlərdə vəzifəsini itirə biləcək məmurlarla bağlı da iddialar səsləndirilir. Bizim.Media 2023-cü ildə istefa verəcəyi ilə bağlı söz-söhbətlərin olduğu məmurları araşdırıb. Teymur Mehdiyev PA-nın və AMEA-nın sabiq rəhbəri Ramiz Mehdiyevin oğlu Teymur Mehdiyevin yaxın vaxtlarda istefa verəcəyi ilə bağlı artıq yerli KİV-də məlumatlar dərc olunur. Belə ki, general Teymur Mehdiyev Fövqəladə hallar nazirliyinin müavini vəzifəsini tutur. O, 2014-cü ildə cəmi 38 yaşında general-mayor rütbəsi alıb. T. Mehdiyev elə həmin vaxtdan nazir müavini vəzifəsini icra edir. Rza Talıbov Vasif Talıbovun böyük oğlu Rza Talıbov Dövlət Miqrasiya Xidmətində baş idarə rəisi vəzifəsində çalışır. Atasının istefasından sonra onun da oxşar aqibəti yaşayacağı xəbərləri gəlməyə başladı. Mətbuatda gedən son xəbərlərə görə, R. Talıbov dekabrın sonunda məzuniyyətə göndərilib. Onun məzuniyyətinin istefa ilə əvəzlənməsi ehtimalı da böyükdür. Seymur Talıbov Vasif Talıbovun digər oğlu Seymur Talıbovla bağlı vəziyyət isə bir qədər fərqlidir. O, Naxçıvan Ali Məclisinin deputatıdır. Qanunvericiliyə əsasən, Talıbov qanunverici hakimiyyətə səsvermə ilə seçildiyi üçün məmur hesab olunmur. Lakin S. Talıbov bu və ya digər səbəbdən deputat mandatından imtina edə, yaxud mandatdan məhrum edilə bilər. Azər Zeynalov Azər Zeynalov Naxçıvan Ali Məclisinin sədr müavini vəzifəsindədir. Vasif Talıbovun istefasından sonra onun vəzifəsi də Azər Zeynalov tərəfindən icra edilir. Lakin bu vəziyyətin müvəqqəti olduğu, yaxın dönəmlərdə onun da vəzifəsini itirə biləcəyi ehtimalları səsləndirilir. Onu da qeyd edək ki, A. Zeynalov artıq 17 ildir ki, Ali Məclis sədrinin müavinidir. Taleh Qaraşov Lənkəran Rayon İcra Hakimiyyətinin başçısı Taleh Qaraşovun adı ötən il müavini Rasilə Arifqızının törətdiyi qanun pozuntunlarından sonra tez-tez hallanmağa başladı. Belə ki, ötən il R. Arifqızının 9-cu sinif şagirdinə qarşı fiziki zorakılıq hərəkətlərinin edilməsi faktı ilə bağlı Lənkəran rayon prokurorluğunda cinayət işi başlanıldı və məhkəmə tərəfindən təqsirli bilinən sabiq müavin 4 min manat cərimə olundu. 1996-cı ildən bəri 5 fərqli rayonda icra başçısı olan Qaraşovun müavini ilə bağlı qalmaqaldan sonra vəzifəsini itirəcəyi ilə bağlı məlumatlar yayılmağa başladı. Onun yaxın vaxtlarda istefası da mümkün ehtimallardandır. Dövlət Gömrük Komitəsində bir neçə şəxs Səfər Mehdiyevin Dövlət Gömrük Komitəsinin sədri vəzifəsindən azad edilməsindən sonra, qurumun bir sıra yüksək ranqlı məmuru da vəzifəsi ilə vidalaşmalı oldu. Bu siyahıda Dövlət Gömrük Komitəsi yanında “Azərterminalkompleks” Birliyinin sabiq direktoru Ehtiram Xəlilov və Əməliyyat-istintaq Baş İdarəsinin sabiq rəisi Məsum Rəsulovun adını qeyd edə bilərik. Yerli mətbuatda yazılanlara əsaslansaq, DGK-da daha bir neçə məmurun vəzifəsini itirə biləcəyi ehtimalı var. Xüsusilə də, Səfər Mehdiyev tərəfindən yüksək vəzifələrə təyinat alan bir sıra gömrük məmurunun kreslosunu itirəcəyi gözlənilir. Bizim.Media Geri qayıt |