Əsas Səhifə > Gündəm, Manşet > BİR KƏRƏ UÇURDULAN QİYMƏTLƏR... BİR DAHA ENMƏZ!

BİR KƏRƏ UÇURDULAN QİYMƏTLƏR... BİR DAHA ENMƏZ!


18-02-2023, 09:34
BİR KƏRƏ UÇURDULAN QİYMƏTLƏR... BİR DAHA ENMƏZ!
"Normalda qış tətillərində hamımız Azərbaycana dönürdük. Amma quru sərhədlərin bağlı olması və AZAL-ın "dodaq uçurdan" qiymətləri, o uşaqları tətildə öz doğma ölkələrinə gəlməyə əngəl oldu. O uşaqlar hamısı bir ailənin ümidi idi. Amma o ümidlər artıq yoxdur".

Türkiyədə zəlzələ nəticəsində həyatlarını itirən 4 azərbaycanlı tələbənin dostu İbrahim İbrahimov sosial şəbəkədə bu paylaşımı etdikdən sonra yenidən AZAL-ın qiymətləri gündəmə gəlib.

Azərbaycan 2020-ci ilin martında Covid-19 pandemiyası zamanı virusun yayılmasının qarşısını almaq üçün ölkə sərhədlərini gəliş-gedişə bağlayıb. Virusa yoluxanların sayı azaldıqca maska qadağası götürülüb, kafe, restoranların qapısı açılsa da, ölkənin quru sərhədləri açılmadı.

Hazırda Azərbaycana gəliş-gediş yalnız hava nəqliyyatı yolu ilə mümkündür.

AZAL-ın rəsmi saytında olan məlumata görə, Bakı-İstanbul-Bakı reysi üzrə ən yaxın tarix olaraq 18 fevralda uçuş var. Bir nəfər üçün gediş bileti 273 manat 6 qəpik, gəliş bileti isə 245 manat 76 qəpikdir. Yəni, bir nəfər üçün gediş-gəliş bileti ümumilikdə 519 manat 36 qəpik təşkil edir.

Milli Məclisin bu gün keçirilən iclasında deputat Ceyhun Məmmədov da təyyarə biletlərinin qiymətlərindən danışıb. Məmmədov bildirib ki, biletlərin baha olması səbəbi ilə azərbaycanlı tələbələr tətillərini təhsil aldıqları xarici ölkələrdə keçirmək məcburiyyətində qalırlar:
Deputat Ceyhun Məmmədov"İkinci məsələ, Türkiyədə zəlzələ ilə bağlı olaraq universitetlər distant tədrisə keçir və burada təhsil alan tələbələrimizin bir qismi tətil müddəti olduğu üçün vətənə qayıtmışdı. Onların kitabları, istifadə etdikləri ədəbiyyatlar var ki, biletlərin baha olması ilə əlaqədar qayıdıb, lazımlı əşyalarını gətirə bilmirlər".

Millət vəkili Aqil Abbas Abzas Media-ya açıqlamasında deyib ki, AZAL-a heç kimin gücü çatmır:

“Mən dəfələrlə həm mətbuatda, həm də parlamentdə AZAL-dan danışmışam. AZAL ayrı bir dövlətdir, ona heç kəsin gücü çatmır” – deyə o bildirib.

Aqil Abbas əlavə edib ki, Türkiyədəki tələbələrin ölkəyə qayıtması üçün dövlət özü pulsuz reys də təşkil edə bilər.

Millət vəkili Sabir Rüstəmxanlı deyib ki, indiki halda hava nəqliyyatında qiymətlərin artmasına yol vermək olmaz:

“Dövlətin etdikləri bir yana, ən ucqar rayonlardan tutmuş kimin əlinə nə keçirdi, yardım etməyə çalışırdı. Həmin o zəlzələ bölgəsində Azərbaycan vətəndaşları da olub, onların yaxınları da gedirlər. İndi burda təyyarə qiymətinin bahalaşdırılması nə deməkdir? Elə bu faciəni gözləyirdilər?Əlbəttə, yolverilməzdir” – deyə Sabir Rüstəmxanlı bildirib.

Səyahət yazarı Azər İsmayıl deyir ki, AZAL-ın göstərdiyi xidmətin keyfiyyəti ilə bağlı ciddi problemlər yoxdur, ancaq qiymətlər çox bahadır.

Onun sözlərinə görə, qiymətlərin aşağı olması üçün bazarda daha yaxşı rəqabət olmalıdır:

“AZAL-ın qiymətləri Azərbaycandakı gəlirlərlə müqayisədə yüksəkdir. Qiymətlərin aşağı olması üçün bazarda daha yaxşı rəqabət olmalıdır. Digər aviaşirkətlər də Azərbaycan bazarına gəlməlidir. Dövlət Mülki Aviasiya Agentliyi, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi var. Bu qurumlar həmin aviaşirkətlərlə mütəmadi olaraq görüşlər keçirməlidirlər, onları Azərbaycana dəvət etməlidirlər. Hətta onları Azərbaycana gəlməyə təşviq etmək üçün aeroport xərclərindən azad etmək və ya bu xərcləri azaltmaq olar. AZAL görsə ki, başqa aviaşirkət onunla eyni istiqamətə 300 manata uçur, məcbur 500-ə uçmayacaq. Çünki 500 manata uçsa, bileti sata bilməyəcək”.

Səyahət yazarı deyir ki, “Buta Airways”in AZAL-ın alt şirkəti kimi yaradılmasında məqsəd həm də daha az xidmətə daha ucuz uçuşlar təşkil etmək olub. Ancaq bəzi hallarda “Buta Airways”in qiymətləri AZAL-dan daha baha olur:

“Mən düşünürəm ki, “Buta Airways” AZAL-ın tərkibindədirsə, alt şirkətdirsə, burada qiymətlər heç vaxt AZAL-dan baha olmalı deyil”.

Azərbaycan Hava Yollarına (AZAL) qiymət siyasətləri ilə bağlı sorğu göndərsək də, suallarımıza cavab verməyiblər.

AZAL rəsmi saytında Türkiyədən qayıdan tələbələr üçün endirim təklif edir. Tələbələr üçün 18 fevralda Azərbaycana gəliş bileti 260 manat, sıravi vətəndaş üçün 287 manatdır. Bu da cəmi 27 manat endirim edir. Ancaq endirimli qiymətə sərnişinin 10 kiloluq əl çantasından başqa yük götürmək icazəsi yoxdur.

6 fevralda Türkiyədə 7.4 ballıq zəlzələ baş verib. Bu saata olan rəsmi məlumata görə ölənlərin sayı 38 min nəfəri keçib.

Azərbaycan Xarici İşlər Nazirliyinin məlumatına görə Türkiyədə zəlzələ nəticəsində 10 nəfər azərbaycanlı həlak olub, 565 nəfər ölkəyə təxliyyə olunub, 2 nəfər haqqında məlumat yoxdur.
//abzas.org//
Geri qayıt