Əsas Səhifə > Gündəm, Manşet > İri məbləğli tenderlərin qalibi olan sirli iş adamı kimdir?

İri məbləğli tenderlərin qalibi olan sirli iş adamı kimdir?


23-03-2023, 11:51
İri məbləğli tenderlərin qalibi olan sirli iş adamı kimdir?
Bakı Baş Səhiyyə Mərkəzi tabeliyində olan tibb müəssisələri üçün maşın və avandanlıqların satın alınması ilə bağlı müsabiqəyə yekun vurub.

DİA.AZ Qaynarinfo-ya istinadla xəbər verir ki, müsabiqənin qalibi "Harmony İndustrial Construction and Engineering Group” MMC olub. Tərəflər arasında imzalanacaq satınalma müqaviləsinin maliyyə dəyəri 111.991,2 AZN təşkil edir.

Bu, Bakı Baş Səhiyyə Mərkəzi ilə "Harmony İndustrial Construction and Engeering Group” MMC ilə ilk satınalma müqaviləsi deyil. Qurum 2021-ci ildə də sözügedən şirkətlə satınalma müqaviləsi imzalayıb. Həmin müqavilədə liftlərə texniki dəstəyin satın alınması nəzərdə tutulub.

Ümumiyyətlə, araşdırmalar zamanı məlum olur ki, "Harmony İndustrial Construction and Engeering Group” MMC əsasən tibb müəssisələrinin keçirdiyi satınalma müsabiqələrinin qalibi olur. Bəs bu şirkət kimə məxsusdur?

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarında göstərilir ki, 28 fevral 2005-ci ildə qeydiyyata alınan "Harmony İndustrial Construction and Engeering Group” MMC-nin qanuni təmsilçisi Orucov Əlövəst Bilal oğludur. Nizamnamə kapitalı 10 AZN olan şirkətin hüquqi ünvanı isə Ceyhun Hacıbəyli küçəsi, ev 52, mənzil 20-də yerləşir.

Bu ünvanda daha iki şirkət qeydiyyatdadır. Onlardan biri "Piramida-2001” MMC, digəri isə "A-Marble” MMC-dir. Əlövsət Orucov həm də "A-Marble” MMC-nin qanuni təmsilçisidir. "Piramida-2001” MMC də onun nəzarətindədir. Bu şirkətin qanuni təmsilçisi Orucova Maya Zülfüqar qızı olub. Ehtimal olunur ki, Maya Orucova Əlövsət Orucovun xanımıdır. Hazırda isə şirkətin qanuni təmsilçisi Əlövsət Orucovun özüdür.

Əlövsət Orucov eyni zamanda "Piramida F.R” MMC-nin qanuni təmsilçisi olub. Bu şirkət təkcə 2020-ci ildə 1 milyon manatlıq satınalma müqaviləsi imzalayıb. Maraqlıdır ki, həmin vaxt şirkətin 542 min manat vergi borcu olub. Bu barədə yerli mediada da yazılıb.

"Piramida F.R” MMC-nin adına Dövlət Vergi Xidmətinin reyestr məlumatlarında rast gəlinmir. Şirkətin VÖEN-i hazırda "Harmony İndustrial Construction and Engineering Group” MMC-nin istifadəsindədir.

Adətən bu tip şirkətlər tender oyunlarında istifadə üçün yaradılır. Bir müddət sonra isə şirkətin fəaliyyəti dayandırılır, yaxud da adı dəyişdirilir. Böyük ehtimalla "Piramida F.R” MMC ilə də bağlı belə olub. Şirkət bir neçə iri məbləğli tender əməliyyatından sonra "Harmony İndustrial Construction and Engeering Group” MMC-yə çevrilib.

Yeri gəlmişkən, Əlövsət Orucov 3 şirkətin sahibi olsa da, iş adamı kimi onun barəsində açıq mənbələrdə hər hansı məlumat yoxdur. Bu da onun əslində "proxy” şəxs olduğu barədə şübhələri artırır.

Geri qayıt