Əsas Səhifə > Gündəm, Manşet > Lənkəran bələdiyyəsində BÖYÜK YEYİNTİ
Lənkəran bələdiyyəsində BÖYÜK YEYİNTİ8-04-2023, 02:33 |
Redaksiyamıza daxil olan tragikomik və analoqu olmayan informasiyanın izi ilə Lənkəran şəhəri “Böyük bazar” qəbiristanlığına qədər gəldik. İlk dəfə rayona gəldiyimizdən ünvanı soruşa-soruşa tapdıq. Etiraf edim ki, lənkəranlıların hər zaman qonaqpərliyi barədə eşitsəm də, birinci dəfə idi ki, bunun canlı şahidi olurdum. Yolboyu düşünürdüm, bazar günüdür, necə edəcəyəm? Qəbiristanlığın həyətinə daxil olanda “Yasın” surəsinin oxunduğunu eşidəndə narahatlığıma son qoyuldu. Qapıda qarşılaşdığımız orta boylu, əlində təsbeh və kiçik köhnəlmiş dəftərçə olan bir kişi Lənkəran rayonundan olmadığımızı anlamışdı ki, bizə yaxınlaşıb “kimi axtarırsınız?” - deyə soruşdu. Miriyeva Rəvayət Kərim qızı. Doğum tarixi 25.06.1932-ci il, ölüm tarixi 07.02.2021-ci il- mərhumun məzar daşında belə yazılıb... Keçək əsas mətləbə. Lənkəran şəhər sakini, S.Vurğun küçəsi ev 38-də daimi qeydiyyatda olan və yaşayan 25.06.1932-ci il təvəllüdlü Miriyeva Rəvayət Kərim qızı 07.02.2021-ci ildə pandemiya zamanı ev şəraitində vəfat edir, mərhumu həyat yoldaşının yanında dəfn edirlər, lakin onun ölümünü rəsmiləşdirməyi düz iki il sonraya saxlayırlar. Mərhumun ailəsini belə bir anoloqu olmayan cinayətə Lənkəran bələdiyyəsinin sədri Aygün Mirzəyeva təşviq edir. Məlumata görə, Lənkəran bələdiyyəsinin sədrinin anası Sevil Mirzəyeva mərhum Miriyeva Rəvayətin qızı Sadıqova Rəksanəyə uzun müddət öncə sələmə pul verib, qarşı tərəf də vaxtlı-vaxtında pulu ödəyə bilmədiyi üçün Mirzəyeva ailə daxili məşvərətdən sonra belə bir qərara gəlib ki, pandemiya vaxtıdır, ölüm faktını gizli tutmaqla anasına olan borcun ödənilməsini təmin etmək mümkündür. Mərhumun təqaüd aldığı bank kartını da alıb verir anasına. Ölüm faktını bilərək gizlədən və dövlətin vəsaitinin qeyri-qanuni yolla əldə olunmasına şərait yaradan Lənkəran bələdiyyəsinin sədrinin iki il sonra saxta arayışla ölüm faktını rəsmiləşdirmək istəyinin arxasındakı məqamlara yəqin ki, aidiyyəti qurumlar aydınlıq gətirəcəklər. Ehtimal olunur ki, ya tərəflər arasındakı sələmə verilən pulun əsas məbləğinin geri qaytarılması məsələsi və ya bank kartının etibarlılıq müddəti bitdiyi üçün Aygün Mirzəyeva belə qərar qəbul edib. Bələdiyyə sədri 16.03.2023-cü il tarixdə Sadıqova Rəksanə Niyaz qızına verdiyi imzalı, möhürlü rəsmi arayışda göstərir ki, güya 25.06.1932-ci il təvəllüdlü Miriyeva Rəvayət Kərim qızı 06.03.2023-cü il tarixdə Lənkəran şəhər “Böyük bazar” qəbristanlığında dəfn olunub. Halbuki təqdim etdiyimiz fotofakt bunun əksini söyləyir. Diqqətli oxucularımız fotofaktda aydın şəkildə müşahidə edə bilərlər ki, məzar bir ay öncəyə aid deyil. Məzar daşı üzərindəki ölüm tarixinin usta tərəfindən yanlışlıqla başqa vaxtda göstərilməsi ümumiyyətlə inandırıcı deyil. Əvvəla, doğum və ölüm tarixini mərhumun şəkli ilə birgə ustaya yazılı formada vəfat edənin ən yaxını təqdim edir. Digər tərəfdən, ölülərinə həssaslıqla yanaşan Lənkəran əhalisindən hər hansı birinin belə məsələdə laqeyidlik edə biləcəyi istisnadır. Tarixlər arasında müqayisə aparsaq görərik ki, məzar daşı üzərində 7.II.2021-ci il göstərilib, lakin bələdiyyə sədrinin rəsmi arayışında bu tarix 16.III.2023-cü il olaraq göstərilib. Başqa sözlə, tarixin hər hansı səbəbdən yanlışlıqla fərqli şəkildə məzar daşı üzərində həkk olunması inandırıcı deyil. Maraqlı məqamlardan biri də bələdiyyə sədrinin 16.03.2023-cü il tarixdə təqdim etdiyi rəsmi arayışı əsasında mərhumun “Ölüm haqqında tibbi şəhadətnamə”sinin 17.03.2023-cü il tarixdə hazırlanmasıdır. DSMF publik hüquqi şəxsin 1 saylı Lənkəran-Astara Regional Filialına qədər zəncirvari şəkildə uzanan bu cinayət əməlinin arxasında dayanan Aygün Mirzəyevanın daha neçə nəfər ölən vətəndaş üzərindən dövlətin vəsaitini mənimsədiyini, vəzifə səlahiyyətlərindən sui-istifadə edərək hər vəchlə maddi gəlir əldə etmək istəyini araşdırmaq müvafiq dövlət qurumlarının səlahiyyətlərinə aiddir. Media olaraq biz əlimizdəki faktları oxucularımızla paylaşırıq, ölülər üzərindən varlanmaq ehtirasına sahib və bu yolda bütün vasitələrə əl atan bələdiyyə sədrinin fəaliyyətinə qiymət verilməsi hüquq-mühafizə orqanlarının və ictimai vicdanın ixtiyarındadır. Əminik ki, Lənkəran kimi adət-ənənələrinə sadiq, ölülərinə həssaslıqla yanaşıb qiymət verən bir rayonun vətəndaşlarını Aygün Mirzəyevanın daha hansı cinayət tərkibli əməllərinin olması düşündürməmiş deyil. Qoy qiyməti ictimai vicdan və aidiyyəti qurumlar versinlər. P.S Qarşı tərəfin mövqeyini işıqlandırmağa hazırıq. //gundelik-baku.com// Geri qayıt |