Əsas Səhifə > Gündəm, Manşet > "Bunları görən cənab nazir də əmin olacaq ki, ona həqiqəti çatdırmırlar"

"Bunları görən cənab nazir də əmin olacaq ki, ona həqiqəti çatdırmırlar"


16-06-2023, 09:22
"Bunları görən cənab nazir də əmin olacaq ki, ona həqiqəti çatdırmırlar"
Masallı rayonunun ən böyük yaşayış məntəqələrindən olan Boradigah qəsəbəsinin bir qrup sakini bugünlərdə Rəqəmsal İnkişaf və Nəqliyyat naziri Rəşad Nəbiyevə müraciət etmişdi. Onların müraciəti qəsəbənin telefon xətləri və internet problemilə bağlı idi.
Boradigah sakinləri vurğulayırdı ki, 10 min nəfərdən çox sakini, iki məktəbi, xəstəxanası, polis bölməsi olan bu qəsəbədə xətlər bərbaddır. Nazirdən xahiş olunurdu ki, problemin həlli üçün lazım olan addımlar atılsın. Çünki keyfiyyətsiz internet nəticəsində şagirdlər online məşğələlərə qoşula bilmir, qəsəbədə başqa çətinliklər yaranır.

Boradigah sakinlərinin müraciətinə reaksiya verən “Aztelekom” MMC-nin Cənub Regional Filialından bildirilmişdi ki, son beş ildə Masallıda rabitə xidməti ardıcıl olaraq, yüksələn xətlə inkişaf edib. Rayonda telekommunikasiya sistemi tam kompüterləşdirilib. Həm şəhər, həm də kənd ATS-lərində əsaslı təmir və yenidənqurma işləri aparılıb.

"Bunları görən cənab nazir də əmin olacaq ki, ona həqiqəti çatdırmırlar"

Filialdan vurğulanıb ki, Boradigah qəsəbəsində 4 ATS fəaliyyət göstərir. Qəsəbə sakinlərinin telefon və internet xidmətinin keyfiyyətindən narazı olmasının səbəbi isə yeniliklərlə bağlıdır: “Çünki ətrafda 40-50 megabit sürətli internet xidmətini görən, ondan istifadə edən şəxs üçün artıq 1-2 megabit sürət çox zəif hesab edilir və ona görə də daha yaxşısını istəyirlər. Hazırda rayon ərazisində GPON sisteminin tətbiqi davam edir. Artıq Boradigah qəsəbəsinə yaxın Bədəlan kəndində bu işlər yekunlaşmaq üzrədir. Çox güman ki, yaxın vaxtlarda Boradigah qəsəbəsi üçün də belə bir layihə işlənəcək və abonentlərin istifadəsinə veriləcək. Ümumiyyətlə isə 2025-ci ilə qədər optik internet şəbəkəsinin bütün ölkəni əhatə edəcəyi gözlənilir”.

Lakin Boradigah sakinləri Bizimyol.info-ya bildirib ki, son 5 ildə orada əsaslı təmir və yenidənqurma işlərinin aparılması haqda iddialar həqiqətə uyğun deyil.

"Bunları görən cənab nazir də əmin olacaq ki, ona həqiqəti çatdırmırlar"

“Elə sizin sayt vasitəsilə bir neçə foto təqdim edək, özləri də görsünlər. Bu fotolar Boradigahdakı telefon və internet xətlərinin gerçək durumunu göstərir. Bunları görən cənab nazir də əmin olacaq ki, ona həqiqəti çatdırmırlar. Onu da, xalqı da aldadırlar. Bu xətlərə baxsınlar. Əhaliyə yazıqları gəlmir, heç olmasa, hər gün o çürük dirəklərə dırmaşmaq məcbnuriyyətində qalan işçilərə yazıqları gəlsin...”, - Boradigah sakinləri belə deyir.
Bizimyol.info



Geri qayıt