Əsas Səhifə > Gündəm, Manşet > Zəbur Bağırov getdi... Fehruz Zehirov gəldi: VƏZİYYƏT ZƏHƏRƏ DÖNDÜ

Zəbur Bağırov getdi... Fehruz Zehirov gəldi: VƏZİYYƏT ZƏHƏRƏ DÖNDÜ


14-07-2023, 11:16
Zəbur Bağırov getdi... Fehruz Zehirov gəldi: VƏZİYYƏT ZƏHƏRƏ DÖNDÜ
Naxçıvan MR Respublika Xəstəxanasında tibb bacılarının iş rejimi artırılıb. Artıq, onlar gündəlik 8 deyil, 12 saat işləməyə məcbur edilirlər. Bunun qarşlığında isə, onların maaşlarına heç bir əlavə edilməyib. Bu haqda “Gündəlik Naxçıvan”a bir qrup tibb bacısı məlumat verib.
Xəstəxananın keçmiş baş həkimi, adı rüşvət və digər qanun pozuntularında hallanan Zəbur Bağırov ötən ay vəzifəsindən azad edilib. Naxçıvan səhiyyə nazirinin səlahiyyətlərini icra edən Samir Sadıxov xəstəxanaya yeni rəhbər olaraq, Fehruz Zehirovu təyin edib.
Şikayətçi tibb bacıları deyir ki, rəhbərlik dəyişildikdən sonra işlərin yaxşılığa doğru gedəcəyinə ümid edirmişlər. Lakin, hər şey əksinə olub və vəziyyət daha da pisləşib.
Tibb bacısı R.Qurbanova deyir ki, yeni sərt qaydalar xəstəxanadakı xadimələrə də tətbiq olunur:
“Biz illərdir bu xəstəxanada müəyyən sahələrdə çalışırıq. İllərdir ki, bir çox zülmlərə dözmüşük. Xəstəxanada tibb bacılarına və xadimələrə qarşı sərt qaydalar qoyublar. Keçmiş baş həkimi vəzifəsindən azad edildikdən sonra fikirləşirdik ki, zülm sona çatar. Lakin təzə gələn baş həkim onun yolunu davam etdiri, beş də artıq. İş rejimini bizlər üçün 12 saata qaldırdı, amma maaş eyni qalıb. Bayram günləri də işləyirik, lakin buna görə də bizə əlavə maaş yazılmır. Şikayət edənləri də işdən çıxarmaqla təhdid edirlər. Hara üz tutacağımızı bilmirik”.
Növbətçi tibb bacısı vəzifəsində çalışan Z. Babayeva da iş saatının çoxluğundan, maaşların isə azlığından şikayətlənir:
“Mən uzun illərdir ki, xəstəxanada növbətçi tibb bacısı kimi fəaliyyət göstərirəm. Əvvəllər 3 gün evdə, bir sutka işdə olurduq. Səhər saat 9.00-dan növbəni təhvil alıb, ertəsi gün saat 9.00-da təhvil verirdik. İndi isə günaşırı işə getməli oluruq. Səhər saat 9-dan gecə saat 2-yə, yaxud da axşam saat 2-dən səhər 9-a kimi növbədə oluruq. Maşlarımızda isə heç bir dəyişiklik olmayıb. Əksinə problemimiz artıb. Axşam 21.00 işə gedərkən və ya işdən qayıdarkən çox zaman marşrutlar işləmir və biz taksi ilə gedib-gəlməli oluruq. Bu da əlavə xərcdir”.
Naxçıvan MR Mərkəzi Xəstəxanasından iddialara cavab vermək istəmədilər.
//“Gündəlik Naxçıvan”//
Geri qayıt