Əsas Səhifə > Gündəm, Manşet > Qubada vətəndaş havanı da rahat uda bilmir...

Qubada vətəndaş havanı da rahat uda bilmir...


5-08-2023, 09:10
Qubada vətəndaş havanı da rahat uda bilmir...
Amir Əkbərov 36 ildir coğrafiya müəllimi işlədiyi Zizik kənd tam orta məktəbindəki şəraitsizlikdən gileylənir. Onun sözlərinə görə, təhsil müəssisəsinin uzun illər əsaslı təmir olunmaması şagird sayının kəskin azalmasına gətirib çıxarıb.

Bizimlə həmsöhbət olan valideynlər kameramıza danışmaq istəməsələr də, məktəbin sinif otaqlarının bərbad vəziyyətdə olduğunu bildiriblər. Məktəb direktoru təhsil müəssisəsində çəkiliş aparmağımıza icazə verməsə də, kənardan məktəbin divarlarında çatların olduğunu görə bildik.

Elm və Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov BBC-yə deyib ki, hazırda şagirdlərin təhsil aldığı bina məktəb üçün nəzərdə tutulmayıb, buna görə də, kənddə yeni məktəbin tikilməsi planlaşdırılır.

450-500 ailənin yaşadığı Zizik kəndini Quba rayon mərkəzindən 5 dəqiqəlik məsafə ayırır. Sakinlər deyir gözdən uzaq olmasaq da, Quba rayon icra hakimiyyəti və digər aidiyyatı qurumların diqqətindən iraq düşmüşük.

Belə ki, orta məktəblə yanaşı sakinlər həm də kəndə gələn yolun yarımçıq təmir olunmasından şikayətçidirlər. Kəndlilər deyir sonuncu dəfə kəndin yolu 45 il əvvəl- 1978-ci ildə qismən təmir olunub. Onların sözlərinə görə, İkinci Qarabağ müharibəsi şəhidi Şahin Allahyarovun atasının aidiyyatı qurumlara müraciətindən sonra yenidən yolların təmirinə başlanılsa da, o öldükdən sonra işi başa çatdırmadılar.

Quba rayon icra hakimiyyətinin birinci müavini Tariyel İbrahimov BBC-yə açıqlamasında sözügedən təmir işlərinin icra hakimiyyətinin daxili imkanları hesabına aparıldığını bildirib. Bununla belə, o, kənddəki yol problemini diqqət mərkəzində saxladıqlarını və yaxın vaxtlarda yolun tam təmir olunacağını desə də, dəqiq tarix açıqlamayıb.

Zizik sakinlərini narahat edən digər məsələ isə kəndin yaxınlığından keçən Qudyal çayının yatağında fəaliyyət göstərən karxanaların gecə saat 1-ə, 2-yə, hətta 3-dək işləmələridir. Lakin çaya yaxın ərazilərdə yaşayan kəndlilər bu barədə müsahibə vermək istəmədilər. Onların sözlərinə görə, əvvəllər bu problemlə bağlı şikayət etdiklərinə görə, onlara təzyiq göstərilib.

Lakin bildirdilər ki, karxanaların yaratdığı səs-küydən daha təhlükəlisi isə çay yatağında aparılan qazıntı işləridir ki, bu da kənddə qrunt sularının aşağı düşməsinə səbəb olub. Nəticədə əvvəllər 70 metr dərinlikdən çıxardıqları içməli suyu indi 120-150 metrdən çətinliklə çıxarırlar. Biz də əraziyə baş çəkərkən çay yatağında qazıntı işlərinin şahidi olduq.

Sakinlərin narahatlığı ilə bağlı BBC Azərbaycanca Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyinə sorğu göndərdikdən sonra, qurum ərazidə yoxlamalar aparıb. Agentliyin mətbuat xidmətinin rəhbəri Nigar Orucova bildirib ki, keçirilən monitroinqlər nəticəsində çayın məcrasının genişlənməsi, dərinlik hüdudlarının aşılması halları müəyyən edilib.

Sakinlər iddia edirlər ki, karxanaların fəaliyyəti dayandırılmasa və onlar çay yatağını dərinləşdirməyə davam etsələr, kəndlilər bir neçə ilə içməli suya həsrət qala bilərlər.


Geri qayıt