Əsas Səhifə > Gündəm, Manşet > “İlqar Çəfərov dedi ki, o işin arxasında mən durmuşam, get hara istəyirsən şikayət ver…”

“İlqar Çəfərov dedi ki, o işin arxasında mən durmuşam, get hara istəyirsən şikayət ver…”


13-09-2023, 08:34
“İlqar Çəfərov dedi ki, o işin arxasında mən durmuşam, get hara istəyirsən şikayət ver…”
2023-cü il, aprelin 19-da “Hürriyyət” qəzetində “Şamaxı sakini keçmiş gəlininin “yüngül həyat tərzi” keçirdiyini iddia edərək, nəvələrini geri istəyir” sərlövhəli yazı dərc etmişdik. Şamaxı rayonu, Seyid Əzim Şirvanı küçəsi, 6 nömrəli evin sakini Məmmədov Əfqan Əlisəməd oğlunun redaksiyamıza müraciəti əsasında qələmə alınan yazıda şikayətçi məhkəmələrin qanunsuz qərarından, rəsmi qurumların fəaliyyətsizliyindən narazı olduğunu bildirmişdi:

“Məlumat verim ki, oğlum Məmmədov Rauf Əfqan oğlu 4 il qabaq müəyyən səbəblərə görə həyat yoldaşından boşandı. Onun bu evlilikdən 2 qız övladı var. Məmmədova Nurayın 11, Məmmədova Gülayın isə 10 yaşı var. Uşaqlar anadan olan gündən öz yanımızda qalırdı. Anaları Əhmədova Şəlalə Abid qızı 4-5 il idi ki, onları atıb getmişdi. Təxminən 5 ay qabaq gəldi və bizdən uşaqlarını tələb etdi. Nəticədə, bu işə hüquq müstəvisində baxıldı və məhkəmə uşaqları anaya verdi. Buna baxmayaraq, oğlum hər ay alimenti vaxtında ödəyir. Lakin ananın yüngül həyat tərzi sürməsi və xəstə olması bizi narahat edir…”.

Çox təəssüf ki, həmin şikayətin üzərindən təxminən 5 ay keçsə də Əfqan Məmmədov hələ də öz qanuni haqqını əldə edə bilmədiyini deyir. Bu səbəbdən, o, “Hürriyyət”ə təkrar müraciət etməyə məcbur olub. Onun şikayətini olduğu kimi dərc edirik:

“Mən, Məmmədov Əfqan Əlisəməd oğlu, yazaraq bir daha sizdən xahiş edirəm ki, oğlum Məmmədov Rauf Əfqan oğlunun problemini işıqlandırasınız.

Təəssüflə qeyd etməyə məcburam ki, uşaqların anası, yəni keçmiş gəlinim hazırda öz iş yoldaşı Nəcəfov Nəcəf Ramiz oğlu ilə yaşayır, yəni yüngül həyat tərzi sürür. Qardaşı isə narkomandır.

İşə Şamaxı Məhkəməsində hakim Etibar Hümbətovun sədrliyi ilə baxıldı. Məhkəmədə qadının “Hepatit B” xəstəsi olduğunu, yüngül həyat tərzi keçirdiyini bildirdik. Məlumat verdik ki, onun anası da eyni həyatı yaşayır və polis əməkdaşı olan Mahir adlı şəxslə “oturub-durur”. Bütün bunlara baxmayaraq, hakim qərar qəbul etdi ki, uşaq anada qalmalıdır. Qəyyumluq şöbəsi və yaxud da psixoloqlar uşaqlarla danışmadan, qanunsuz qərar qəbul olundu”.

Əfqan Məmmədov deyir ki, bu qərar onu qane etmədiyinə görə Sumqayıt Şəhər Apellyasiya Məhkəməsinə müraciət edib: “Hakimə bildirdim ki, uşaqlar psixoloqlar tərəfindən dindirilməyib, ekspertin yoxlanışından keçməyiblər. Hakim Şəmsəddin Abbasov bildirdi ki, mən işi qəyyumluğa çıxarıram, ekspertin rəyindən sonra biz işə baxarıq. Beləliklə, uşaqlar anasının və ana nənəsinin yanında danışdırıldı. Onlar analarını qəbul etmədilər, onunla getmədilər. Bundan sonra biz uşaqları götürüb evimizə gətirdik.

Bir neçə gün sonra Sumqayıt Şəhər Apellyasiya Məhkəməsindən bildiriş gəldi ki, ayın 27-də məhkəmə prosesi keçiriləcək. Məhkəməyə qədər olan vaxt ərzində qızın anası Şamaxı rayonunun İcra Hakimiyyətində yeni işə təyin olunan Mehriban adlı qadının yanına gedərək yalvarır, ağlayır və ekspertizanın yenidən keçirilməsini xahiş edir. Həmin Mehriban adlı qadın hakimin nömrəsinə zəng vurub icra başçısının adından istifadə edir və daha sonra deyir ki, guya, bu ekspertiza ananın xəbəri olmadan keçirilib, yenidən ekspert təyin olunmalıdır.

Ayın 25-də Şamaxı İcra Hakimiyyətindən bizə zəng gəldi ki, ekspertizada yanlışlıq olub, uşaqlarla yenidən söhbət aparılmalıdır. Mən onlara dedim ki, artıq gecdir, iki gün sonra məhkəmə olacaq. Məhkəmə zamanı hakim mənə dedi ki, bu nə məsələdir, qəyyumluğun cavabı niyə gecikir? Əlavə etdi ki, Mehriban adlı qadın ona zəng vuraraq, ekspertin səhv qərar verdiyini bildirib. Hakim mənə sual verdi ki, nəvələrini dindirmədilər? Mən də dedim ki, dindirdilər, uşaqlar anaları ilə getməkdən imtina etdi. Hətta onu da bildirdim ki, uşaqlar cavab verərkən biz onların yanında olmamışıq, uşağın yanında anası və nənəsi olub. Nəticədə, ekspertizanın rəyi olsa da, hakim uşaqları ananın qəyyumluğuna verdi.

Mənə orada belə bir məlumat çatdı ki, Prezident Aparatından Şamaxının kuratoru Ağəli müəllim Sumqayıt Şəhər Apellyasiya Məhkəməsinə zəng vurub və uşaqların analarında qalması ilə bağlı tapşırıq verib”.

Ə.Məmmədov deyir ki, bütün müvafiq qurumlara müraciət etsə də, onun şikayətinə baxılmır: “Cənab Prezidentə, Mehriban xanıma, Fuad Ələsgərova, Ramiz Rzayeva məktublar ünvanlamışam. Amma heç birindən cavab gəlmədi. Məktubu Ədliyyə Nazirliyinə göndərirlər, oradan da cavab yoxdur. Mənim xahişim odur ki, uşaqlar danışdırılsın, onlar nə desə, o da olsun. Çünki qız nəvələrimin o ailədə qalması onların gələcəyi üçün təhlükəlidir…”.

Şikayətçinin sözlərinə görə, anası uşaqların atası ilə görüşünə də icazə vermir: “Bir neçə ay əvvəl uşaqların ataları ilə görüşünə icazə verilmədiyinə görə, onların anasına 500 AZN cərimə yazıldı. İşi Apellyasiya Məhkəməsinə verdilər. Orada bildiriblər ki, guya uşaqlar bizi istəmir”.

Əfqan Məmmədov deyir ki, təxminən iki ildir məhkəmə çəkişməsi davam etsə də, qanuni haqlarını əldə edə bilmirlər: “İki ildir iş gedir. Göyçay Rayon Məhkəməsinin qərarı icra olunmur. Bəzi qurumlar qarşı tərəflə əlbir olaraq, başımıza oyun açırlar. Konkret olaraq deyə bilərəm ki, Ədliyyə Nazirliyinin İcra Baş İdarəsinin rəisi İlqar Cəfərov tərəfindən Nərimanov İcra Şöbəsinin rəisi Zaur Abdullayevə, onun müavini Cəmil Tağıyevə və işçisi Rafael Səfərova göstəriş verilib. Bu insanlar da imkan vermirlər ki, məhkəmənin qərarı icra olunsun.

Hələ də uşaqların ataları ilə görüşünə icazə vermirlər. Rafael Səfərova yaxınlaşıb sual verdim ki, müəllim, nəyə görə bizim iş bu qədər uzadılır? Mənə dedi ki, bizə Baş İdarədən göstəriş verilib, ona görə də biz işi icra edə bilmərik.

Ərizə yazıb işi ondan aldırdıq və başqa bir məmura verdilər. Həmin məmur da uşaqları çağırtdırıb danışdırdı. Daha sonra nazir Fikrət Məmmədov tərəfindən psixoloq göndərildi. Psixoloq da rəy verdi ki, uşaqlar anaları tərəfindən öyrədilir, bu səbəbdən də görüşdən imtina edirlər.

Qərara əsasən, uşaqlar şənbə və bazar günləri bizdə olmalıdırlar. Məhkəmə belə bir anaya uşaq verdi, biz də çarəsiz qalaraq həftəsonu görüşlərinə razı olduq. Bir-iki dəfə uşaqlarla görüşdük, sonra icazə vermədilər. Buna da adlarını çəkdiyim şəxslər mane olurlar.

Avqust ayının 3-də İlqar Cəfərovun qəbulunda oldum. Dedim ki, Zaur Abdullayevin, müavini Cəmil Tağıyevin, işçisi Rafael Səfərovun əlindən biz uşaqlarımızı görə bilmirik. Onlar deyirlər İlqar Cəfərov tapşırıq verib ki, ataya uşaq verməyin. Sual verdim ki, nəyə görə məhkəmə qərarına mane olursan? Onu da diqqətinə çatdırdım ki, ana uşaqları bizə vermədiyinə görə 500 manat cərimə olunub. Apellyasiya Məhkəməsi də bu cəriməni təsdiq etdi, qüvvədə saxladı.

İlqar Cəfərov bildirdi ki, bizim idarədə ilk dəfədir qadına cinayət işi açılır. Bu zaman mən ona dedim ki, qanun həm kişi, həm də qadın üçündür. Uzun sürən mübahisədən sonra İlqar Çəfərov boynuna alaraq dedi ki, “o işin arxasında mən durmuşam, mən imkan vermərəm ki, bu iş sizin xeyrinizə həll olunsun, get hara istəyirsən şikayət ver, nə qədər ki, mən varam, bu iş belə də qalacaq”.

Ə.Məmmədov bütün bu qanunsuzluqlarla bağlı Prezident Administrasiyasına və digər müvafiq qurumlara müraciət etdiyini deyir: “Bu barədə Prezidentə və bütün qurumlara müraciət etmişəm. Amma heç bir qurum cavab vermir. Operator deyir ki, şikayətiniz aidiyyəti üzrə müvafiq orqana göndərilib. Yəni bu işin arxasında duranlar imkan vermirlər ki, qanuni şəkildə icra olunsun. Mənə dünən isə bildirdilər ki, İlqar Cəfərov tərəfindən sizin uşaqlarla görüşünüz tamamilə bağlanılıb”.

Sonda Əfqan Məmmədov “Hürriyyət” qəzeti vasitəsilə bir daha ölkə rəhbərliyinə müraciət edərək, onları 2 azyaşlı qızın taleyinə biganə qalmamağa çağırır. O, yetkili qurumlardan ən azı nəvələrini görmək hüququnun təmin edilməsinə şərait yaratmalarını xahiş edir.

Redaksiyadan: Yazıda adları qeyd olunan qurumların və şəxslərin mövqeyini dərc etməyə hazırıq.
//“Hürriyyət” qəzeti//
Geri qayıt