Əsas Səhifə > Gündəm, Manşet > Yeni rəhbərlik gələndən maaşlar da problemə çevrilib...

Yeni rəhbərlik gələndən maaşlar da problemə çevrilib...


13-12-2023, 06:54
Yeni rəhbərlik gələndən maaşlar da problemə çevrilib...
Naxçıvanda dövlət idarə və müəssisələri işçilərinin maaşları həmişə olduğu kimi bu ay da gecikdirilir. Bu haqda “Gündəlik Naxçıvan”a işçilərin özləri məlumat veriblər. Onlar deyir ki, maaşların gecikməsi ciddi problemlərin yaranmasına səbəb olur.

Şikayətçilərdən Ədalət Tahirov deyir ki, maaşların gecikdirilməsi ənənəsi bu ilin əvvəlindən, Naxçıvandakı siyasi dəyişikliklərdən sonra yaranıb:

“Dövlət idarə və müəssisələrində işləyənlərin hamısı maaşla dolanır. Maaşlar da o qədər yüksək deyil. Bu səbəbdən hamı görüləcək işlərini, həll olunacaq problemləri maaşın verildiyi vaxta hesablayır. Demək olar ki, insanların çoxu bankdan kredit götürüb problemlərini həll etmək istəyir. Hamı da krediti götürərkən ödəməni maaş vaxtına salıb. Maaşlar yubandığı üçün vaxtında ödəniş edə bilmirik. Həm əlavə faiz hesablanır, həm də bu səbəbdən bank insanları sıxışdırır. İnsanlar vaxtında ödəniş etməyəndə bank onları problemli müştəri siyahısına salır ki, o zaman biz növbəti dəfə kredit almaqda çətinlik çəkirik”.

Adının çəkilməsini istəməyən digər şikayətçi isə deyir ki, maaşların gecikdirilməsinə etiraz edənlər işdən çıxarılmaqla hədələnirlər:

“Bir tərəfdən maaşım azdır, digər tərəfdən də gecikdirirlər. Bu „gün-sabah” edirlər. Deyirlər ki, Maliyyə Nazirliyi köçürməni yubadır. Biz maaşa işləyən adamlarıq. Maaş yubananda problemlərimiz daha da artır. İki uşaqla kirayədə qalıram. Kirayəni vaxtında ödəməyəndə deyirlər ki, evi tərk elə. Hər ayın sonu maaş aldığımız üçün kirayənin verilməsini də həmin vaxta razılaşmışdıq. İndi maaşlar hər ay 10-15 gün yubanır. Maaş verilənə qədər borc edib kirayənı verirəm. Dükanlara da borclu düşürəm. Maaş alanda onları ancaq ödəyirəm. Şikayət edəndə də “gözüm çıxdıya” salırlar. İşdən çıxarırlar”.

Maliyyə Nazirliyi isə, gecikməyə görə günahı idarə və müəssisələrində görürü. Nazirlikdən “Gündəlik Naxçıvan”a bildirilib ki, onlar maliyyə ilə bağlı hesabatları vaxtında ala bilmirlər:

“Idarə və müəssisələr hesabat göndərdikdən sonra biz maliyyəni köçürürük. Təəssüflər olsun ki, maliyyə ilə bağlı vaxtında bizə sənədlər göndərilmir və maaşlar yubanır. Bizə hesabat göndərilən kimi onun əsasında maaşlar köçürülür”.

Mənbə: Gündəlik Naxçıvan
Təqdim etdi: DİA-AZ.COM (ƏRSOYUN BLOQU)
Səhifəmiz bütün maraqlı tərəflərin rəy və mövqe ifadəsi üçün açıqdır...
Geri qayıt