Əsas Səhifə > Gündəm, Ana xəbərlər > Hindistanın Cənubi Qafqaz planı: Ermənilərə nə vəd edilib?

Hindistanın Cənubi Qafqaz planı: Ermənilərə nə vəd edilib?


4-01-2024, 18:01
Hindistanın Cənubi Qafqaz planı: Ermənilərə nə vəd edilib?
Cənubi Qafqaz bölgəsindən min kilometrlərlə uzaqda yerləşən dövlətlərin Ermənistan–Azərbaycan münasibətlərinə müdaxiləsi davam edir.

Görünür, onlar özlərini dünyanın ağası hesab edərək, hər məsələyə burun soxmağı özlərinə rəva görürlər. Belə dövlətlərdən biri də Hindistandır. Rəsmi Dehli Ermənistanda möhkəmlənmək niyyətindədir.

Bildirək ki, Hindistan ordusunun istefada olan generalı Aşok Kumar Ermənistana təkcə peşəkar hərbi təlimatçıların deyil, həmçinin hərbi kontingentin göndərilməsini təklif edir.

General vurğulayıb ki, Hindistan Ermənistan ordusuna kömək etməlidir.

Xatırladaq ki, son iki ildə Hindistan ilə Ermənistan arasında ikitərəfli hərbi əməkdaşlıq güclənməkdədir. Hər iki ölkənin Müdafiə Nazirliyi hərbi-təhlükəsizlik sahəsində əməkdaşlığın inkişafı üçün sazişlər imzalayıblar.

Bununla yanaşı, Hindistan Ermənistana hava hücumundan müdafiə sistemləri və müxtəlif tipli haubitsalar tədarük edib. Bu silahlar artıq Ermənistanın hərbi arsenalına daxil edilib.

Hindistandan Ermənistana növbəti hərbi ləvazimatların da tədarükü gözlənilir.

Maraqlıdır, Hindistanın Ermənistanda hansı geosiyasi maraqları var? Ümumiyyətlə, Hindistanın Ermənistan vasitəsilə Cənubi Qafqazda güc mərkəzinə çevrilməsi üçün imkanları var?

Məsələ ilə bağlı politoloq Elçin Xalidbəyli "Cebhe.info"-ya açıqlamasında qeyd edib ki, Hindistanın əldə etdiyi siyasi uğurlar onu bəzi regionlara maraq göstərməyə həvəsləndirir:

"Bəzi güc mərkəzləri kimi Hindistan da müxtəlif regionlarda hərbi-siyasi cəhətdən möhkəmlənmək niyyətindədir. Hindistan da nüvə silahına malik olan ölkədir və dünya ölkələrinin əhalisinin sayında birinci yeri tutur. Həmçinin, Hindistan hərbi-sənaye sahəsində müəyyən uğurlar da əldə edib.

Görünür, bu uğurlar Hindistanı başqa regionlara maraq göstərməyə həvəsləndirir. Amma ümumilikdə, Hinisdistan beynəlxalq səviyyədə o qədər də güclü təsir imkanlarına malik deyil. Hindistanın ABŞ və Çin kimi rəqabət aparması üçün hələ zamana ehtiyacı var.

Hindistanın Ermənistanda geosiyasi və geoiqtisadi maraqlarına gəlincə, ermənilər ilə hindlər arasında müəyyən etnik bağlantılar var. Bu, iki ölkənin bir-birinə yaxınlaşmasında mühüm rol oynamaqla bərabər Hindistanın Ermənistanda təsir imkanlarının artırmasına yol açır".

Hindistanın Cənubi Qafqazda geosiyasi maraqları ilə bağlı məsələyə toxunan E.Xalidbəyli rəsmi Dehlinin bunun üçün imkanlarının olmadığını bildirib:

"Cənubi Qafqazda hazırki proseslərə müdaxilə edən güc mərkəzləri beynəlxalq və regional səviyyədə güclü nüfuza malik olan ölkələrdir. Hindistanın nə siyasi, nə iqtisadi, nə də hərbi potensialı onun regionun üç ölkəsinə və regiondakı proseslərə təsir göstərməsinə imkan verir.

Ancaq Hindistan yenə də bu istiqamətdə addımlar atmaq üçün müəyyən cəhdlər edir. Hindistanın Ermənistana silah-sursat tədarük etməsi və bu ölkəyə hərbi təlimçilər göndərməsi bunu aydın sübut edir".

Geri qayıt