Əsas Səhifə > Gündəm, Manşet > Təhməzovun ümidinə qalan təhlükəsizliyimiz...

Təhməzovun ümidinə qalan təhlükəsizliyimiz...


11-01-2024, 08:13
Təhməzovun ümidinə qalan təhlükəsizliyimiz...

"İtə qotur yoluxduran" ağartı məhsulları

Ötən əsrin 80-ci illərində hər il yay tətilini Kəlbəcər yaylağında istirahət edərdik. Bizim istirahət üçün məskunlaşdığımız məkan "Ceyran" bulağından iki kilometrə yaxın məsafədə yerləşirdi. Günaşırı "Kiçik istisu" adlanan qeyzerdə (qeyzer - isti su çıxan çeşmə, bulaq) vanna qəbul edirdik. Günlərin birində qonşuluqdakı fermanın qadınları yağ düzəltmək məqsədi ilə südü əl ilə işləyın "seprator" qurğudan keçirib, yağı süddən ayırırdılar. Qurğunun bir tərəfindən qatılaşdırılmış süd (çiyə), digır tənəfindən isə üzsüz süd (tərkibi yağsızlaşdırılmış süd) axırdı. Biz, növbə ilə üzsüz süd vedrəsi dolduqca apatıb itin yalağına (bir kürək təhfəci dərinliyində qazılmış kiçik çala) tökür, itlər də bu südü iştahla - loqqhaloqla içirdi. Bu mənzərə bizim üçün də maraqlı görünürdü, həvəslə süd daşıyırdıq itlərə. Həm də bizə deyirdilər ki, itləri tez-tez yemləyin ki, sizi tanısın - gələndə sizə hürməsin. Bu amil də bizə bir qədər stimul verirdi. Həvəslə "işlədiyimiz" yerdə fermanın sürüsü otlaqdan arxaca (qoyunların nahar və sübh vaxtı yığıldığı yer) qayıtdı. Başında tüklü çoban papağı olan, "Qədim baba" deyə çağırdığımız kişi bu mənzərəni görüb havalandı: "Ay Avanesin qızları, ay Hacadurun qızları, (sonradan öyrəndim ku, Avanes və Hacadur Qədim babanın yadında asan qalan erməni adları imiş) sizə deməmişəm ku, itə üzsüz süd verməyin, indi o itlərin hamızı qotur tutacaq...". Biz də bayaqdan elə bilirdik ki, xeyirxah bir iş görürük - obanı qurd-quşdan qoruyan keşikçiləri yemləyirik.
Hazırda heyvandarlıqla məşqul olan rayonların kəndlərindən rəhmətlik Qədim babanın itlərinə belə, içməsini rəva bilmədiyi üzsüz südü əhalidən ucuz qiymətə (bir litri 12-13 qəpiyə) satın alırlar. Həmin südü 70 dərəcəyə qədər qızdırıb, ona marqarin, palma və digər bunun kimi ucuz yağları qarışdırıb, sentrafuqa aparatında bircinsli maye alınana qədər qarışdırırlar. Həmin üzsüz süddən yağlılığı 10-12% olan (adi inək südünün orta yağlılığı 3,6% təşkil edir) "süd" alırlar. Bakı şəhərinin bütün marketlərində parıltılı qablaşdırma ilə satılan ağartı məhsullarının 90%-i həmin süddən hazırlanmış mallardır. Yəni marketlərdə bəzəkli qablaşdırmalarda bizə təklif edilən ağartı məhsullarının (süd, qatıq, qaymaq, xama, pendir, kərə yağı, ayran, kəsmik, kefir, süzmə, şor və s.) 90%-i həmin "süd"dən hazırlanan məhsullardır. Laboratoriya müayinələri isə sadəcə məhsulun tərkibində süd turşularının müəyyən edilməsindən ibarıtdir ki, bu da üzsüz süd vasitəsi ilə məhsulun tərkibinə daxil edilib. Bununla da o nəticəyə gəlinir ki, məhsul tam təbii və orqanikdir. Halbuki, belə məhsullar insan orqanizmi üçün çox təhlükəlidir.

Kolbasa və sosiskalarda ət varmı?

Qida sənayesinin zəhərləmələri yalnız bununla bitmir. Ölkənin marketlərində təklif edilən, yerli istehsal olan kolbasa və sosikaların hec biri sadə laborator testlərdən uğurla keçə bilmir. Müayinələr nəticəsində bəlli olur ki, bu məhsulların tərkibində yalnız ədviyyat, süni boyalar, doldurucu materiallar, marqarinlər, palma yağı və digər trans yağlardan ibarətdir. Bunlar isə bir çoxu - ən azı həmin yağlar, boyalar və doldurucu maddələr - insan orqanizmi üçün olduqca zərərlidir.
Məsələn, konkret olaraq marqarin yağları orqanik məhsul deyil, nüftdən alınır. Sadəcə onun tərkibinə rəng və dad vurmaqla kərə yağı görüntüsü və dadı verilir. İnsanlar isə heç də kərə yağından fərqlənməyən bu rəngə, dada və ucuz qiymətə aldanaraq bu qidaların müştərisinə çevrilir. Bir tərəfdən öz orqanizmini zəhərləyir, digər tərəfdən isə onu xəstəliklərə düçar edən sahibkarın biznesini maliyyələşdirir, onun çiçəklənməsinə vəsilə olur. Hələ biz bu qida məhsullarının hansı antisanitar mühitlərdə istehsal edilməsindən söhbət açmırıq.
Marqarinlər, palma yağı (palma toxumundan alınan yağlar) və eləcə də trans yağların molikulları həcminə görə digər heyvan və bitki yağlarına nisbətən böyük və ərimə temperaturu bədən temperaturundan yüksək olduğundan yağ həzm edilə bilmir. Belə yağların mütəmadi qəbul edilməsi bağırsaq mikroflorasını pozaraq, onun süzgəc (filtir) funksiyasını sıradan çıxarır. Nəticədə tam əriməyən və iri həcmə malik olan həmin yağ molikulları qana keçir və hüceyrələrə qədər daşınır. Ancaq hüceyrə qlafı (hüceyrə "dərisi") həmin yağ molikullarını stoplazmadan hüceyrənin daxilinə buraxmır. Nəticədə hüceyrəni qidalandırmalı olan həmin yağlar qan vasitəsi ilə geriyə - qara ciyərə qaytarılır və depolanmaq təyinatı alır. Beləcə həmin yağlar uzun müddət qara ciyərdə və bədənin müxtəlif yerlərində ehtiyat piy qatı kimi toplanır. Bununla da insanlar xəstəlik mənbəyi olan şişmanlıqdan - artıq çəkidən əziyyət çəkir.

"Bəyaz ölüm" bizi hər addımda izləyir

Amma bununla da bizi zəhərləyən qidalar bitib-tükənmir, bu da son deyil. Əsrin bəlasına çevrilən titan-2-oksid (titandioksi - TiO₂ kimyəvi formula, E171 kodu ilə tanınır) ərzaq və gündəlik təlabat mallarını daha ağ və parlaq göstərmək, rütubətli saxlamaq üçün istifadə edilir. Bu nano hissəciklərdən ibarət olan maddə bütün yuxarıda sadalanan keyfiyyətləri ilə yanaşı toksik xassəyə malikdir. İnsan orqanizminə zəhərləyici təsir göstərir. Ona görə də bu maddənin qida məhsullarına aşağı dozalarda qatılmasına icazə verilir. Buna baxmayaraq, artıq inkişaf etmiş ölkələrdə titan-2-oksiddən qida sənayesində istifadə edilməsi qadağan olunub. Azərbaycanda isə belə bir qadağa mövcud deyil. Ona görə də E171 maddəsindən istifadə etməklə məhsullar həm ölkəmizdə istehsal edilir, bəm də idxal olunur. Bu məhsullara un, duz, qənd, düyü, şirniyyat kremləri, diş pastaları, müxtəluf kremlər, digər ağ rəngli kosmetik vasitələr, hər növdən olan ağ kağızlar, ağ boyalar, divar kağızları və s. aiddir. Yəni insanlar bu gün yalnız qida ilə deyil, məişətlə də, təhsillə də, təmirlə də zəhərlənir. Orta məktəbdə oxuyan uşaqlara aldığımız parlaq ağ dəftərlərin vərəqləri belə, E171 nano hissəciklərlə boyanır. Uşaqların əlini dəftərə vurduqdan sonra ağzına aparması, o dəftər-kitabın mühitində nəfəs alması belə, zəif zəhərlənməyə səbəb olur. Bu zəif zəhərlənmələr isə orqanizmdə konsentrasiya yaradaraq müxtəlif xəstəliklərə yol açır.
Azərbaycan xalqının qida sağlamlığına zərbə vuran digər amil isə geni dəyişdirilmiş məhsullardır (GMO). Ötən ilin əvvəlindən qüvvəyə minmiş qanuna görə ölkəyə GMO məhsulları yalnız təcrübə məqsədi ilə gətirilə bilər. Buna baxmayaraq, sözügedən qanun qüvvəyə minənə qədər ölkəyə kifayət qədər GMO mənşəli toxumlar və ağac tinkləri gətirilib. Beləcə artıq ölkənin daxilində neçə illərdir ki, GMO meyvələr və tərəvəzlər yetişdirir, onlardan ərzaq məhsulları hazırlayırıq. Buna baxnayaraq heç bir məhsulun üzərində məlumat yerləşdirilmir ki, bunun tərkibində filan qədər GMO mənşəli məhsul var. Biz bu yolla da genefondumuza zərbə vururuq. Son illər ərzində sindiromla və ya anormal doğulan uşaqların sayının artmasını məhz alimlər həm də bununla əlaqələndirirlər.
Bəli, əziz oxucular, gözümüz görə-görə həmvətənlərimiz, ermənilər yox, öz vətəndaşlarımız bizi zəhərləyir. Amma buna bir dur deyən, bunun qarşısını almağa, heç olmazsa, cəhd göstərən varmı? Əlbəttə yox. Bu işdə daha çox məsuliyyəti hökumət daşıyır - daha etibarlı qida təhlükəsizliyi sistemi qurulmalıdır. Ancaq hökumət bunu etmirsə, biz vətəndaş olaraq bunu ondan tələb etməliyik, bu da buzim məsuliyyətimizdir.

Akif Nəsirli - dia-az.life

Geri qayıt