Əsas Səhifə > Gündəm, Manşet > İlqar Həbiyevin qardaşı da Cəlilabadda NARAZILIQ YARADIR...
İlqar Həbiyevin qardaşı da Cəlilabadda NARAZILIQ YARADIR...20-01-2024, 09:06 |
Cəlilabad rayon sakini Həmid Qasımov tərəfindən “Hürriyyət”in redaksiyasına şikayət məktubu daxil olub. O, Əmlak Məsələləri Dövlət Xidmətinin Cəlilabad Reyestrinin rəisi Adil Həbiyevdən şikayətçidir. H.Qasımovun məktubunu olduğu kimi dərc edirik: “Sizi Əmlak Məsələləri Dövlət Xidmətinin Cəlilabad reyestrində baş verən qanunsuzluqlarla bağlı məlumatlandırmaq istəyirəm. İstəyirəm biləsiniz ki, adıçəkilən qurumun rəisi Adil Həbiyev vətəndaşlara sözün həqiqi mənasında divan tutur. Tutduğu vəzifədən, habelə Əmlak Məsələləri Dövlət Xidmətinin strateji planlaşdırma şöbəsinin rəisi işləyən qardaşı İlqar Həbiyevin himayəsindən sui-istifadə edən Adil Həbiyev, rayon ərazisindəki bütün torpaqların qanunsuz təftişini həyata keçirməkdədir. Məqsəd sənədsiz torpaqları aşkara çıxarmaq, bundan sonra həmin torpaqların sahiblərinə, yaxud bu torpaqlarda məskunlaşan şəxslərə təzyiq göstərməklə, onlardan qanunsuz vəsait qoparmaqdır. Belə ki, Adil Həbiyev və onun tabeçiliyindəki şəxslər bu cür hallarla qarşılaşanda vətəndaşlara bildirir ki, onlar ya torpaqdan imtina edərək onu boşaltmalı, ya da ona xərac verməlidir. Burada söhbət torpaq sahəsinin sənədləşməsindən deyil, Adil Həbiyevə qanunsuz ödəniş etməkdən gedir. Başqa sözlə desək, Adil Həbiyev sənədləşmə prosesində qarşılaşdığı çatışmazlıqlar haqqında susmaq üçün də sadə vətəndaşlardan pul istəyir. Bundan başqa, Adil Həbiyev sənədli torpaq üzərində inşa edilən, lakin hələ sənədləşdirilməyən, yarımçıq evlərdən – quru daşdan da pul çıxarır. Reyestr rəisi bu cür evlərin sakinlərinə bildirir ki, onlar ya evi dərhal sökməli, ya da sahəsindən və mərtəbə sayından asılı olaraq ona 2-5 min manat məbləğində pul ödəməlidirlər. Artıq Adil Həbiyev bu yolla onlarla vətəndaşı ona pul ödəməyə vadar edə bilib. Lakin min bir əziyyətlə ev ərsəyə gətirən insanların böyük əksəriyyətinin Adil Həbiyevə verəcək pulu olmadığı üçün hər an evlərinin söküləcəyi qorxusu ilə yaşamaqdadırlar. Maraqlıdır ki, reyestr müdiri özünü bu rayonun sahibi-mütləqi kimi aparır. Vətəndaşlara mənəvi-psixoloji təzyiq göstərən Adil Həbiyev ondan şikayət edəcəyini bildirən insanların sözlərinə heç bir əhəmiyyət vermir. Əksinə, Adil Həbiyev açıq şəkildə bildirir ki, kim istəyirsə, ondan şikayət edə bilər. Qardaşı İlqar Həbiyev tərəfindən himayə edildiyini kimsədən gizlətməyən reystr rəisi bildirir ki, onsuz da Əmlak Məsələləri Dövlət Xidmətinə onunla bağlı göndərilən şikayətlərin heç biri Xidmət rəisinə çatmayacaq. Səbəb həmin müraciətlərin “gedər-gəlməzə” göndəriləcəyi ilə bağlıdır. Maraqlıdır, doğrudanmı Əmlak Məsələləri Dövlət Xidmətinin rəhbərliyi Adil Həbiyevin törətdiyi qanunsuzları görmür? Niyə qardaşının qanunsuz əməllərini himayə edənb İlqar Həbiyev hələ də cəzalandırılmır? Ümumiyyətlə, iki qardaşın eyni qurumda yer alması, birinin digərinin qanunsuz əməllərini himayə etməsi nə dərəcədə doğrudur? Ümid edirik ki, Əmlak Məsələləri Dövlət Xidmətinin rəhbəri hörmətli Mətin müəllim Adil Həbiyevin qanunsuz əməllərinə son qoyacaq, rayon ərazisində aparılan bu qruama təftiş və təzyiqi dayandıracaq”. Geri qayıt |