Əsas Səhifə > Gündəm, Manşet > Kürdəmirdə fermerlər dərdlərini KİMƏ DESİNLƏR...
Kürdəmirdə fermerlər dərdlərini KİMƏ DESİNLƏR...21-03-2024, 09:14 |
Ölkədə suvarma sistemləri və su çatışmazlığı ilə bağlı uzun illərdir ki, problemlər yaşanır. Xüsusən də, yaz və yay aylarında Aran zonasındakı sakinlər bu problemlə qarşılaşırlar. Kürdəmirli fermer Allahverən Allahverənov Meydan TV-yə deyib ki, su çatışmazlığından bostan və tərəvəz əkinini ləğv ediblər. 15 hektar əkin sahəsi olan vətəndaş deyir ki, ilbəil artan quraqlıq ərazinin azalmasına səbəb olur: “Məcburuq ki, azaldaq. Son beş ildə su çatışmazlığından bostan və tərəvəz əkinini ləğv etmişik. Əziyyət çəkib hektarla əkirdik, yazda, yayda su tapmırdıq ki, suvaraq. Saralıb yanırdı, torpaq çat olurdu. İndi ildə az suvarılan əkinlərə üstünlük veririk. Taxıl əkini ildə iki dəfə ilə dözür, bostan ən azı 3-4 dəfə, soğan 15-20 dəfə suvarılmalıdır”. “Suvarma çətin olduğu üçün itkini də hiss etmirik” Fermer deyir ki, kəndlərdəki mövcud beton kanallar istifadəsiz qaldığından və təmirsizlikdən dağılıb. Bunun əvəzinə salınan torpaq kanallar və nəzarətsiz suvarma illərdir ki, su itkisinə səbəb olur. Onun sözlərinə görə, əvvəllər iri kəndlərdə 10-15 min hektarlıq əkin sahələri artıq yarıya enib. Torpaqlarda şoranlaşma isə 20-25 faiz artıb. Müasir suvarma sistemlərindən istifadə isə nəinki kəndli, fermerlər üçün belə əlçatmazdır: “Suvaranda insanlar səhlənkarlığa və tərəfkeşliyə yol verirlər. Öncə rayondakı iri şirkətlər suyu öz sahələrinə verir, sonra kəndlərdə növbəlilik yaranır. Bizim kənddə su varmı ki, itkiyə getsin? Suvarma çətin olduğu üçün itkini də hiss etmirik. Beton kanalları illərdir təmir etməyib su idarələri deyə gözdən kənarda qalıb. Ötən il 25-30 sentner məhsul gözlədiyim halda normal suvarma getmədiyi üçün 15 sentner götürdüm. “Pivot layihə” məqsədilə nazirlik bizi yığıb yarmarkaya topladı. Məlum oldu ki, 50-100 hektarda nəzərdə tutulan “Pivot” sistemə 70-80 min manat hətta, daha çox məbləğdə pul lazımdır. Şərtlərə biz fermerlərə yaxın düşə bilmərik, o ki, qalsın kəndlilər. 60-70 min güzəştli kredit götür, icra et deyirlər. Ancaq o pulu işlərlə təsərrüfatdan qazana bilmirik. Gərək 20 il onlara işləyim ki, krediti ödəyim”. “Quru məsləhətlə müasir suvarma sistemi qurulmur” Kürdəmir sakini Elxan Usubov da 4 hektar taxıl və yonca əkib. O da bahalığa görə kəndlilərin həyətyanı sahələrdə əkini artırdığını, ancaq günlərlə su üstündə mübarizə apardıqlarını deyir: “Bizim Sovla və Söyüdlər kəndində 872 hektar pay torpağında əkin var. Quraq hava şəraitinə arada yağan yağıntı kömək etməz, suvarma qaçılmazdır. Vaxtında da suvarma olmayanda hektarına 10-15 % məhsuldarlıq aşağı düşür. Kəndin bir hissəsi suvaranda, digər hissəsi aydan çox gözləməli olur. Bu da kütləvi suvarma dövründə əkinə mənfi təsir göstərir. Kəndə su Kür çayından motorla vurulub torpaq kanallar vasitəsilə gətirilir. Suvun səviyyəsi aşağı düşməsi ilə kəndlərə su gəlişi kəsilir. Ötən il buna görə ay yarım su tapmadıq. Bizdə üçüncü kateqoriya torpaqdır, suvarılması vaxtında getməlidir. Nazirlik səviyyəsində gəlib təbliğat aparırlar, ancaq vəsait olmayandan sonra quru məsləhət ilə müasir suvarma sistemi qurulmur. Dörd hektar əkinim var, hektarına 220 manat subsidiya alıram ki, onun da 25 faizi nəğd olur, qalanı gübrəyə gedir. Ondansa 70-ci illərdə çəkilən beton kanallar bərpa olunsun və su israfına yol verilməsin, suvarma vaxtı da nəzarət edilsin”. “Niyə vaxtında təmir etmədilər, məhv olub qaldılar? Müasir suvarma sistemlərindən iri şirkətlər istifadə edir ki, 50-100-500 hektarları əhatə edirlər. Dövlətin imkanları və güzəştləri də onlar üçündür. Ötən il 10 ton arpa, buğda götürdüm, ancaq toxumu bir manatdan aldım, satanda 30-35 qəpik oldu. Biçin əkini ödəmir, o ki qaldı suvarma sistemi olsun”, – deyə əkinçi vurğulayır. Yeri gəlmişkən, bu problem təkcə Kürdəmirdə deyil, digər rayonlarda da su çatışmazlığı sindromu yaşanır. Kənd Təsərrüfatı Nazirliyinin verdiyi məlumata görə, ölkə üzrə mövcud 4.78 mln hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin yalnız 1.48 milyon hektar sahəsi suvarılır. Mövcud 1.88 mln əkin sahəsindən isə ancaq 1.15 mln hektarında suvarma həyata keçirilir. İldən ilə isə suvarmada itki göstəricisi artır. Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi ötən il üçün bu itkinin 50 faizdən çox olduğunu bildirib. Ölkədə su resursu 32 milyard kub metrdən 25 milyard kub metrə düşüb. Bunun da 70 faizi transsərhəd çayların, 30 faizi daxili suların hesabına formalaşır. Son illər yağıntıların az olması, illik orta temperaturun yüksəlməsi, mövcud suvarmada itkilər su ehtiyatını azaldır, quraqlığı daha da artırır. Geri qayıt |