Əsas Səhifə > Gündəm, Manşet > Zeynal Bayramlının alnına yazılmış Ucar Xəstəxanası niyə yoxlanılmır?

Zeynal Bayramlının alnına yazılmış Ucar Xəstəxanası niyə yoxlanılmır?


6-05-2024, 10:12
Zeynal Bayramlının alnına yazılmış Ucar Xəstəxanası niyə yoxlanılmır?
Mayın 3-də Baş Prokurorluğun Mətbuat xidməti “Gəncə Şəhər Birləşmiş Xəstəxanası” publik hüquqi şəxsin vəzifəli şəxsləri Hüseynov Vidadi Qaçay oğlu, Abdullayev Məhəbbət Əliş oğlu və digərlərinin qanunsuz əməlləri ilə əlaqədar həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılması barədə məlumat yaydı.

Məlumatda qeyd edilir ki, əməliyyat-istintaq tədbirləri ilə Vidadi Hüseynovun vəzifə səlahiyyətlərindən sui-istifadə edib Məhəbbət Abdullayev və digərləri ilə qabaqcadan əlbir olaraq faktiki işə gəlməyərək heç bir əmək funksiyasını yerinə yetirməyən çoxsaylı işçinin əmək haqqı kartlarını özündə saxlaması və həmin kart hesablarına 2021-2024-cü illərdə köçürülmüş ümumilikdə 364 min manatdan artıq pul vəsaitini mənimsəməsinə əsaslı şübhələr müəyyən edilib.

Ardınca TƏBİB rəsmiləri “Gəncə Şəhər Birləşmiş Xəstəxanası”nın vəzifəli şəxslərinin həbs olunmasına münasibət bildirib. Qeyd olunub ki, “TƏBİB-in struktur bölmələri tərəfindən intensiv olaraq tibb müəssisələrində monitorinq, xidməti araşdırma və yoxlamalar aparılır, məlumatlar toplanılır, qanunazidd hallara şübhə yarandığı təqdirdə prokurorluq orqanlarına aidiyyəti üzrə tədbirlərin görülməsi ilə bağlı müraciət olunur”, – məlumatda bildirilib.

Aktualinfo.org xatırladır ki, bu kimi hallara TƏBİB-ə tabeli səhiyyə müəssisələrində çoxsaylı qanun pozuntularına yol verildiyi barədə son vaxtlar elektron mediada çoxsaylı məlumatlar yayılmaqdadır. Bu kimi məlumatlarda daha çox dövlət satınalmaları zamanı keçirilmiş tender və kotirovka sorğuları üzrə bağlanmış müqavilələrdə saxtakarlıq hallarına yol verilməsindən, podratçıların maddi-texniki bazası və ixtisas göstəriciləri bir çox hallarda nəzərə alınmamasından, bağlanmış müqavilələrdə qiymətlərin süni şəkildə şişirdilməsindən, bir-iki aydan sonra isə müqavilə bağlanılan şirkətlərin ləğv edilməsindən bəhs edilir.

“Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin tabeliyində olan Ucar rayon Mərkəzi Xəstəxanası tərəfindən 2023-cü ildə keçirilmiş bəzi kotirovka sorğularında da bir çox şübhəli məqamlar var. Onların hamısına toxunmayacağıq. Amma Xəstəxana tərəfindən bağlanılmış bir neçə satınalma müqaviləsi var ki, burada saxtakarlıqlara yol verildiyi açıq aydın görsənir.

Xəstəxana tərəfindən ən son keçirilmiş tenderlərdə qiymətlərin süni şəkildə şişirdildiyi açıq aydın görsənməkdədir. Belə ki, Xəstəxana mühafizə xidməti üzrə Daxili İşlər Nazirliyi Regional Mühafizə İdarəsi ilə 95.330 manat məbləğində satınalma müqaviləsi bağladığını 08.02.2024-cü il tarixdə açıqlayıb. Burada Xəstəxananın mühafizəsinə neçə nəfərin cəlb edilməsi, neçə postun mühafizə olunması bəlli deyil. Odur ki, qiymətlərin süni şəkildə şişirdildiyi açıq aydın görsənir.

Daha sonra, Xəstəxana bir mənbədən satınalma metodu tətbiq etməklə “Azərişiq” ASC ilə 200.000 manat məbləğində satınalma müqaviləsi bağladığını 08.02.2024-cü il tarixdə açıqlayıb. Kiçik bir xəstəxana üçün bu qədər enerji haqqı ödəmək çox deyoilmi? Müqayisə üçün 400 çarpayı yerlik Şirvan şəhər Mərkəzi Xəstəxanası elektrik enerjisinin alınmasına “Azərişiq” ASC ilə 190.000 manatlıq müqavilə bağlayıb, 118 çarpayılıq Ucar Xəstəxanası isə iki yüz min manatlıq. Xəstəxana tərəfindən qiymətlərin süni şəkildə şişirdildiyi burada da özünü açıq aydın göstərmirmi?

Ucar rayon Mərkəzi Xəstəxanasında şübhəli MMC-lərlə bağlanan digər satınalma müqavilələrinə də diqqət yetirək. Ucar rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxsi “ELAY-UĞUR” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə 2023-cü ildə 3 satınalma müqaviləsi bağlayıb.

Nəqliyyat vasitələri üçün yanacaq və sürtkü materiallarından mühərrik yağları,karobka yağı və antifiriz alınmasının satınalınması üzrə 7.700 manat məbləğində satınalma müqaviləsinin bağlanıldığı 14.08.2023-cü il tarixdə açıqlanıb.

Tikilinin cari təmiri üzrə 24.168,54 manat məbləğində satınalma müqaviləsinin bağlanıldığı 01.08.2023-cü il tarixdə açıqlanıb.

Katriclərin doldurulmasi və texniki xidməti üzrə 4.340 manat məbləğində satınalma müqaviləsinin bağlanıldığı 03.04.2023-cü il tarixdə açıqlanıb.

Kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “ELAY-UĞUR” (VÖEN 7401336761) Məhdud Məsuliyyətli Cəmiyyəti İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 9 saylı Ərazi Vergilər İdarəsində 24.01.2023-cü il tarixdə dövlət qeydiyyatına alındığı göstərilir. Reyestr məlumatlarında nizamnamə kapitalı 10 manat olan MMC-nin hüquqi ünvanının UCAR RAYONU, UCAR ŞƏHƏRİ, OĞUZ, ev 15, m. 12 qanuni təmsilçisi kimi Yusifov Elvin Fizuli oğlu qeyd olunub.

Qeyd edək ki, UCAR RAYONU, UCAR ŞƏHƏRİ, OĞUZ, ev 15, m. 12 ünvanında Yusifov Elvin Fizuli oğlu ( VÖEN 7400363482) 28.o5.2013-cü ildən fiziki şəxs kimi 9 saylı Ərazi Vergilər İdarəsində vergi uçotuna alınmışdır. Dövlət Vergi Xidmətinin məlumatlarında YUSİFOV ELVİN FİZULİ OĞLUNUN adına olan vergi borcu: 2636.12 manat təşkil edir. Qanuni təmsilşisi olduğu “ELAY-UĞUR” MMC-nin isə hazırkı günə 5105.56 manat vergi borcu var.

Dövlət satınalmalarının vahid internet portalına yerləşdirilmiş məlumatlarda Ucar rayon Mərkəzi Xəstəxanası tərəfindən tikilinin təmiri üzrə keçirilmiş kotirovka sorğusunun qalibi fiziki şəxs Yusifov Elvin Fizuli oğlu olub və 10.721,96 manat məbləğində satınalma müqaviləsinin bağlanıldığı 07.12.2020-ci il tarixdə açıqlanıb.

Dövlət Vergi Xidmətinin vergi uçotuna alınmış vergi ödəyicisi barədə məlumatlarında fiziki şəxs Yusifov Elvin Fizuli oğluna məxsus VÖEN-in ( 7400363482) ləğv edildiyi göstərilir.

Göründüyü kimi Yusifov Elvin Fizuli oğlu fiziki şəxs kimi VÖEN-i ( 7400363482) ləğv edib, 24.01.2023-cü il tarixdə “ELAY-UĞUR” (VÖEN 7401336761) Məhdud Məsuliyyətli Cəmiyyətini dövlət qeydiyyatından keçirmiş və Ucar rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxsi ilə ümumi dəyəri 36 208 manat 3 satınalma müqaviləsi bağlamışdır.

9 saylı Ərazi Vergilər İdarəsinin 30.12.2023-cü il tarixdli, 2309120026502500 nömrəli qərarı ilə “ELAY-UĞUR” MMC də riskli vergi ödəyicisi hesab edilmişdir.

Dövlət Vergi Xidmətinin vergi uçotuna alınmış vergi ödəyicisi barədə məlumatlarından və dövlət satınalmalarının vahid internet portalına yerləşdirilmiş məlumatlardan da göründüyü kimi Ucar rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxsi Yusifov Elvin Fizuli oğlu ilə 2020-ci ildən əvvəlcə fiziki şəxs kimi daha sonra hüquqi şəxs kimi işbirliyində olub.

Nazirlər Kabinetinin 28 iyul 2020-ci il tarixli 265 nomrali Qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, о
cümlədən riskli əməliyyatların Meyarları”na əsasən risklə bağlı göstəricilərə əsasən satınalmalarda iddiaçı qismində iştirak ərizəsi verən fiziki və ya hüquqi şəxs riskli vergi ödəyicisi qrupuna daxil olmamalı, digər riskli vergi ödəyicisində təsisçi və direktor kimi fəaliyyəti olmamalı, riskli vergi ödəyiciləri ilə qarşılıqlı əməliyyatları olmamalalıdır.

Göründüyü kimi Ucar rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxsi Nazirlər Kabinetinin 28 iyul 2020-ci il tarixli 265 nomrali Qərarının tələblərini nəzərə almadan fiziki şəxs kimi VÖEN-i (7400363482) ləğv edilmiş Yusifov Elvin Fizuli oğlunun adına yaradılmış “ELAY-UĞUR” MMC ilə satınalma müqavilələri bağlamışdır.

Redaksiya çox çətinliklə də olsa “ELAY-UĞUR” MMC-nin qanuni təmsilçisi Elvin Yusifovla əlaqə yarada bildi. Şirkət rəhbərinin dediyinə görə burada hər hansı qanunsuzluğa yol verilməyib, mallar və xidmətlər tərəfimizdən vaxtında çatdırılmışdır. Ucar rayon Mərkəzi Xəstəxanası isə bir aydan çox keçməsinə baxmayaraq, ünvanladığımız sorğuya cavab verməyib.

Qeyd edək ki, Ucar rayon Mərkəzi Xəstəxanasının direktoru Zeynal Bayramlıdır. Mətbuatda yazılanlara görə Zeynal Bayramlı 2005-ci il tarixdə müəmmalı şəkildə diplom əldə edən kimi qohumu, keçmiş nəqliyyat naziri Ziya Məmmədov onu Ucar rayon Qazıqumlaq xəstəxanasına baş həkimi, iki ildən sonra, 2007-ci ildə isə Ucar rayon Mərkəzi Xəstəxanasına baş həkim vəzifəsinə təyin etdirib. Elə o gündən bu günə də Zeynal Bayramlı bu tibb ocağının başında durur. Sanki bura onun alnına yazılıb. Səhiyyə Nazirliyində struktur dəyişiklikləri baş verdikdən sonra, tibb müəssisələrinin TƏBİB -in tabeçiliyinə verilməsindən sonra da Zeynal Bayramlıya toxunan olmayıb. Bu heç də onun tibb ocağına yaxşı rəhbərlik etməsi ilə əlaqdar deyil. Bu onun arxasına duranlarla əlaqəlidir. Bir zaman Səhiyyə Nazirliyində onun arxasında duranlar indi də, TƏBİB-də durur.

Elektron media həmçinin yazır ki, Zeynal Bayramlının talaçılıq yolu ilə əldə etdiyi varidat göz qamaşdırır. Təkcə Bakı şəhərində 12 yerdə bahalı mənzilləri var. Bakıda ağ şəhərdəki evi 550 000 (beş yüz əlli min) manata alıb.Novxanıdakı möhtəşəm bağ evinə 600.000 (altı yüz min) manat verib. Şamaxı, Quba, Göyçay və İsmayıllı rayonlarında möhtəşəm villalar inşa etdirib.Qohumu Ziya Məmmədovun ana vətənində Ucarın Qazıqumlaq kəndində böyük bir ev inşa etdirib. Ancaq hazırda Göyçay şəhərindəki evində yaşayır. Bakı şəhərində 18 yerdə ticarət obyektinə sahiblənən Zeynal Bayramlı ata yurdu olan Ağsuda özünə xüsusi klinika açmışdır. Ucar rayon xəstəxanasına aid bir çox bahalı tibb avadanlıqları və digə əşyalar ora aparılmışdır. Zeynal Bayramlının bahalı avtomobil xəstəsi olduğunu da yazırlar. Deyilənlərə görə onun kolleksiyasında aşağı qiyməti 100.000 manat olan 12 ədəd maşını var.

Maraqlıdır Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi Ucar rayon Mərkəzi Xəstəxanasında da yoxlama apararsa ortaya nələr çıxar. Gəncə Xəstəxanasında vəzifəli şəxslərin yalnız 2021-2024-cü illərdə ümumilikdə 364 min manatdan artıq pul vəsaitini mənimsəməsi aşkar olunubsa, görəsən 2007-2024-cü illərdə Ucar rayon Mərkəzi Xəstəxanasında nə qədər dövlət vəsaiti mənimsənilib.

Aktualinfo.org

Geri qayıt