Əsas Səhifə > Gündəm, Manşet > Sahibkar rüşvət vermədiyi üçün İŞ YERİ BAĞLANDI...

Sahibkar rüşvət vermədiyi üçün İŞ YERİ BAĞLANDI...


25-07-2024, 08:21
Sahibkar rüşvət vermədiyi üçün İŞ YERİ BAĞLANDI...
Naxçıvan şəhər Əliabad qəsəbəsi ev.3 ünvanındakı çörək sexinin fəaliyyəti dayandırılıb. Buna səbəb, obyekt sahibinin yoxlamaya gəlmiş Qida Təhlükəsizliyi Agentliyi əməkdaşlarının rüşvət tələbinə etiraz etməsi olub. Bu haqda „Gündəlik Naxçıvan“a sexdə çalışan əməkdaşlar məlumat veriblər.
İşçilərin sözlərinə görə, onlara bildirilib ki, yalnız tələb olunan məbləğ verildikdən sonra obyekt yenidən işləyə bilər:
„Dünən gəldilər, yoxlama apardılar. Bəzi yüngülvar nöqsanlar tapdılar ki, bu bütün çörək sexlərində var. Rüşvət almaq üçün əllərinə bəhanə düşdü. Müdir imtina etdi, bağladılar sexi. Necə olur ki, bizdən də artıq nöqsanları olan obyektlər yoxlanılır, təmiz çıxır, bizə gələndə problem olur? Çünki, onlar yuxarının haqqını vaxtlı-vaxtında çatdırırlar. Bu səbəbdən çox vaxt onları yoxlamırlar da. Arada olan bizə oldu. İşsiz qaldıq“.
Hadisə ilə bağlı yerli Qida Təhlükəsizliyi Agentliyi də məlumat yayıb. Məlumatda bildirlir ki, adıçəkilən ünvanda E. Sadıqova məxsus çörək sexində plandankənar yoxlama aparılıb. Agentlik sexin fəaliyyətinin məhdudlaşdırılmasını gigiyena qaydalarına əməl olunmaması, işçi heyətin tibbi müayinədən keçməməsi ilə əlaqələndirilir. Sexdə zərərvericilərlə mübarizə üçün şəraitin olmaması da çatışmazlıq kimi qeydə alınıb.

Geri qayıt